1 iyun 2019-cu il tarixində Milli Kitabxananın nəzdində
fəaliyyət göstərərn Açıq Kitabxanada “Gənc Ədiblər Məktəbi-2”nin
müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan
Respublikası Prezidenti fondunun təqaüdçüsü, gənc xanım
yazar Xəyalə Sevilin “Zirvə Tədris
Mərkəzi”nin “Zirvə Kitab” layihəsi çərçivəsində çap olunmuş “Soldan
birinci küçə” adlı yeni şeirlər kitabının təqdimatı
və imza günü mərasimi keçirildi.
Tədbiri
nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı açdı və giriş sözünü Milli
Kitabxananın direktoru prof. Kərim Tahirova verdi. Kitabxananın direktoru
qonaqları salamladı. Mədəniyyət Nazirliyinin və Azərbaycan Yazıçılar
Birliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin yaranma tarixindən
danışdı. O, “Gənc Ədiblər” Məktəbinin yeni addımlar atan, imzalarını
üzə çıxarmaq istəyən gəncləri tanıdaraq dəstəklədiyini söylədi. Professor
sonra Xəyalə Sevili 5-ci kitabının işıq üzü görməsi münasibətilə təbrik etdi,
gənc müəllifə yaradıcılıq yolunda uğurlar arzuladı və Milli Kitabxananın belə
tədbirlərin keçirilməsinə böyük önəm verdiyini qeyd etdi. Kitabxananın direktoru
Açıq Kitabxanada gənc yazarların kitab təqdimatlarının, imzalı görüşlərin
keçirilməsinin bir ənənə halını aldığını vurğuladı.
Şair Əkbər
Qoşalı da öz növbəsində müəllifə təbriklərini çatdırdı və kitab haqqında tədbir
iştirakçılarına ətraflı məlumat verdi.
Sonra layihənin
rəhbəri və “Soldan birinci küçə” kitabının redaktoru İntiqam
Yaşara söz verildi. O, Xəyalə xanıma öz təbriklərini çatdırdı və uğurlar
arzuladı.
Təqdimat
mərasimində Nazim Laçın, Vusal Oğuz, İlqar Türkoğlu,Fərqanə xanım və başqaları
gənc müəllifin yaradıcılığından danışdılar və şairənin ədəbi irsinə böyük önəm
verdiklərini söylədilər.
Həmçinin Xəyalə
Sevilin dərs dediyi 279 saylı tam orta məktəbin direktoru Südabə Abdullayeva və
başqa əməkdaşlar müəllif haqqında öz fikirlərini bölüşdülər.
Sonra Zirvə
Tədris Mərkəzinin direktoru Rahib İbrahimov və digər iştirakçılar çıxış
etdilər.
Tədbirdə gənc
müəllifin yaradıcılığından şeirlər söyləndi, müəllifin “Axşam çağı
küçələr”,“Anamın əlləri” və başqa şeirləri iştirakçılarda böyük təəssürat
yaratdı.
Sonda Xəyalə
Sevil öz qələm dostlarına, Milli Kitabxananın rəhbərliyinə, Zirvə Kitab Layihəsi
rəhbərliyinə və tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdi. Kitabından
bir şeir oxudu.
Müəllif
kitablarını imzalayaraq tədbir iştirakçılarına təqdim etdi.
Sonda xatirə
şəkli çəkdirdilər.