"Günlərdən ŞEİR" - Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Milli Kitabxana və AYB Müşfiq Komissiyasının birgə layihəsi.

İyul ayının 7-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, İLESAM təşkilatı, Azərbaycan Milli Kitabxanası və AYB Müşfiq Komissiyasının "Günlərdən ŞEİR" adlı birgə layihəsinə start verilmişdir.

"Günlərdən ŞEİR"in ilk qonağı İLESAM-ın başqanı, şair Mehmet Nuri Parmaksız olmuşdur.

Tədbiri Milli Kitabxananın direktoru professor KərimTahirov açaraq qonaqları salamlamış, layihə haqqında qısa məlumat verərək hər həftənin cümə günləri şairlərlə görüşlərin keçiriləcəyini vurğulamışdır.

O çıxışında Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən iki yaşlı Zəhra Quliyevanın faciəsi ilə bağlı kədərini ifadə etmiş və onun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Söz İLESAM-ın başqanı, şair Mehmet Nuri Parmaksıza verilmiş, şair baş vermiş hadisəylə bağlı bütün türk xalqının da acısını dilə gətirmişdir. Şair öz yaradıcılığna məxsus şeirlərini səsləndirmişdir.

"525-ci qəzet"in Baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid öz yeni şeirlərini, həmçinin Vaqif Bayatın şeirlərini səsləndirmişdir.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza layihənin əhəmiyyətindən danışmış, Ağdamlı şair Fazil Fəxrinin, sonra isə özünün həm Azərbaycan, həmdəTürkiyə türkcəsində yazdığı şeirlərini səsləndirmişdir.
Şairlər Fərqanə Mehdi, Həyat Şəmi, Şəhanə Müşfiq, Samir Səyyadoğlu, Səyyarə Məmmədli və b. öz şeirlərini oxumuşlar.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Şəlalə Hümmətova, jurnalist, publisist Zemfira Məhərrəmli və b. öz ürək sözlərini söyləyərək, layihənin işinə uğurlar arzulamışlar.
Sonda Mehmet bəy layihənin gerçəkləşdirilməsinə görə təşəkkürünü dilə gətirmişdir..

 
 

 Azərbaycan Milli Kitabxanası © Bütün hüquqlar qorunur