"Günlərdən ŞEİR" - Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Milli Kitabxana və  AYB Müşfiq Komissiyasının birgə layihəsi.

20 oktyabr tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Azərbaycan Milli Kitabxanası və AYB Müşfiq Komissiyasının "Günlərdən ŞEİR" adlı birgə layihəsinın növbəti tədbiri həyata keçirilmişdir.

Tədbirin qonağı - Təbriz şairləri Fəranək Fərid, Sima Ciddi, Mina Zeynali, Zəhra Təhmasibzadə və AYB Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz olmuşdur.

Tədbiri giriş sözü ilə Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov açaraq qonaqları salamlamış, sözü AYB-nin katibi şair Xəyal Rzaya vermişdir. O, Təbrizdən gələn şairlər haqda qısa məlumat vermiş, bu günlərdə keçirilən bütün mədəni tədbirlərdə onların da iştirak etdiyini vurğulamışdır.

Daha sonra Sayman Aruz kitabxananın rəhbərliyinə bu layihəyə dəstək olduğu üçün təşəkkürünü bildirmiş, bütün türkdilli yazarların Azərbaycana gələrək türk ədəbiyyatının bir hissəsinə çevrilə bilmələri üçün şərait yaradıldığını qeyd etmişdir.

“The first” mükafatına layiq görülmüş “İpək” təxəllüsü ilə şeirlər yazan Fəranək Fərid qırıq körpüləri düzəltməyə çalışan ədəbiyyat nümayəndələrinə minnətdarlığını bildirmiş, Təbrizdə ana dilimizi qorumağa çalışdıqlarını demiş və yaradıcılığından bir şeir səsləndirmişdir.

Sonra naşir, şair Səid Muğanlı, Səhər Bərani, Alma Muğanlı şeirlərini oxumuşlar. Bədii qiraət ustası Zəhra Təhmasib Müjgan xanım və Mərziyə Əhmədinin yaradıcılığına məxsus şeirləri səsləndirmişdir.

AYB-nin katibi Xəyal Rza payıza aid, Sayman Aruz isə sevgi şeirini oxumuşlar.

Sonda prof. Kərim Tahirov bu günlərdə Təbrizdə səfirlik tərəfindən yaradılacaq Azərbaycan Evinə ədəbiyyatımıza dair 180 nüsxə kitab göndərildiyini və bu yaxında baş tutacaq Təbriz Kitab Sərgisində də kitabxananın iştirak edəcəyini demiş, bir daha qonaqlara təşəkkürünü bildirmişdir.

 
 

 Azərbaycan Milli Kitabxanası © Bütün hüquqlar qorunur