"Günlərdən ŞEİR" - Mədəniyyət və Turizm Nazirliyi, İLESAM - Azərbaycan, Milli Kitabxana və AYB Müşfiq Komissiyasının birgə layihəsi.

İyul ayının 21-i saat 15:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Mədəniyyət vəTurizm Nazirliyi, İLESAM - Azərbaycan, Azərbaycan Milli Kitabxanası və AYB Müşfiq Komissiyasının "Günlərdən ŞEİR" adlı birgə layihəsinin növbəti tədbiri həyata keçirilmişdir. Tədbirin şair qonağı Kərküklü Fərrux Köprülü, onun qonağı isə Kərkükdən gəlmiş şairlər olmuşdur.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açmış, qonaqları salamlamış, sözü ədəbiyyatşünas alim Qəzənfər Paşayevə vermişdir. O, ömrünün 50 ilini türkmənlərin tarixi, mədəniyyəti, ədəbiyyatını öyrənməyə həsr etdiyini, xalqlar arasında ədəbi əlaqələrin daim inkişaf etdiyini bildirmişdir. Q.Paşayev qeyd etmişdir ki, indiyə kimi 12 kərkük şairi Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. Azərbaycanda sərbəst şeirin yaradıcısı Xalq şairi Rəsul Rzanın da türkmən bayatılarını sevdiyini vurğulamış və bayatılardan nümunələr səsləndirmişdir.

Daha sonra söz Türkmən Ədəbiyyatçılar Birliyinin qurucusu,Kərküklü şair Fərrux Köprülüyə verilmiş, şair tədbir iştirakçılarına özü haqda qısa məlumat vermiş, Azərbaycana olan böyük sevgisindən danışmış, doğma diyara həsr etdiyi şeirlərindən bir neçəsini oxumuşdur.

Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza şair qonaqları Azərbaycanda görməyindən məmnunluğunu dilə gətirmiş, bu görüşün oxucular üçün də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamış və növbəti silsilə şeir günlərinin keçiriləcəyini qeyd etmişdir.

Sonda Kərküklü şairlərin imzalı kitabları Milli Kitabxanaya və oxuculara hədiyyə olaraq təqdim edilmiş, Milli Kitabxana da öz növbəsində qonaqlara dəyərli kitablarını vermiş, xatirə şəkli çəkdirilmişdir.

 
 

 Azərbaycan Milli Kitabxanası © Bütün hüquqlar qorunur