Milli Kitabxananın nəzdindəki “Açıq kitabxana”da “Açıq kitabxana”nın elektron xidmətlərinin təqdimatı və kitab müəllifləri ilə “imzalı görüşlər” törəni keçirilmişdir.

May ayının 03-də saat 14:00-da Milli Kitabxananın nəzdindəki “Açıq kitabxana”da “Açıq kitabxana”nın elektron xidmətlərinin təqdimatı və kitab müəllifləri ilə “imzalı görüşlər” törəni keçirilmişdir.  
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlamış və Açıq kitabxananın saytı haqqında geniş məlumat vermişdir. O, çıxışında Açıq kitabxananın elektron xidmətlərindən danışaraq, Virtual sifariş və Açıq kitabxananın fondunda olan kitablarla onlayn formatda tanış olmaq imkanlarından yararlana biləcəklərinin mümkünlüyünü qeyd etmişdir. Həmçinin sayt vasitəsilə oxucuların dünya və respublika kitabxanalarının saytlarına giriş imkanı olduğunu da vurğulamışdır. Bundan əlavə, internetdən kitab satışı həyata keçirən mərkəzlərlə əlaqə imkanlarından da danışmış, Açıq kitabxanada müəlliflərin mütəmadi olaraq kitab təqdimatlarının, imza törənləri, poeziya axşamları, ədəbi musiqili tədbirlərin və kitab satışının təşkili də nəzərdə tutulduğunu vurğulamışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev öz çıxışında “Açıq kitabxana” layihəsinin əhəmiyyətindən, bu təşəbbüsün oxucuların mütaliə mədəniyyətinin, mütaliə marağının artırılmasındakı rolundan danışmış, gələcəkdə buradakı elektron xidmətlərin genişləndirilməsi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə Açıq kitabxanada ödənişsiz Wi-Fi şəbəkəsinin artıq quraşdırıldığını bildirmiş, Apple Store-da “Açıq səma altında kitabxana” proqramının açılması ilə oxucuları buraya cəlb etməyin mümkün olacağını, mədəni istirahət məqsədilə çay-kofe xidmətlərinin də olacağını vurğulamışdır. Nazir, həmçinin kitabxanalarda kitab satışı üçün yer ayrılmasının, xüsusən uşaq ədəbiyyatının sayının artırılmasının da vacibliyini qeyd etmişdir.

Sonra söz Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcidə verilmişdir. O,  bu günkü tədbirin kitab təbliği istiqamətində mühüm addım olduğunu deyərək, cənab nazirin kitabxanalarda kitab satışının həyata keçirilməsi fikrini alqışlamış və bu məkanın gələcəkdə gənc yazarların görüş yerinə çevriləcəyini qeyd etmiş, musiqi gecələri və şeir axşamlarının keçirilməsini arzulamışdır. Bu məkanın artıq gənclərlə kitab müəlliflərinin, gənc yazarlarla oxucuların görüş yerinə çevrildiyini bildirmişdir, bu çox dəyərli təşəbbüsün davamlı və uğurlu olmasını arzulamışdır.

Sonra professor Kərim Tahirov qonaqları Açıq kitabxananın saytı və elektron xidmətləri ilə tanış etmişdir.

Sonda Bakı Şopinq Festivalı (Baku Shopping Festival) çərçivəsində 12 yazarın ( Rəşad Məcid, Günel Eyvazlı, Mətanət Ulu Şirvanlı, Natiq Rəsulzadə, Fərid Hüseyn, Nigar İsmayılqızı, Arzu Hüseyn, Fəxrəddin Ziya, Həyat Şəmi və s.) kitablarının satışı və onların imza törəni keçirilmişdir.

 
 

 Azərbaycan Milli Kitabxanası © Bütün hüquqlar qorunur