Mərhum gənc yazıçı Mövlud Mövludun “Çətirsiz” adlı hekayələr kitabının təqdimat mərasimi

Mayın 27-də saat 12.00-da Azərbaycan Yaradıcılıq Fondu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada mərhum gənc yazıçı Mövlud Mövludun “Çətirsiz” adlı hekayələr kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri  Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri şair  Qismət Rüstəmov  açaraq tədbir iştirakçılarını salamlamışdır. Mərhum gənc yazar Mövlud Mövludun xatırəsinə qısa nəzər salaraq, tədbiri aparmaq üçün sözü Mövlud Mövludun yaxın dostu gənc yazar Kəramət Böyükçölə vermişdir.

Gənc yazar Kəramət Böyükçöl Mövlud Mövludun ilk kitabının ərsəyə gəlməsindən danışmış və kövrək anlarla mərhum gənc yazarla birgə keçirdiyi günlərdən, onun şirin xatirəsindən söhbət açmışdır.
Mərasimdə, millət vəkili Fazil Mustafa, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Teleqraf Holdinqin rəhbəri Aynur Camalqızı tanınmış yazıçılar Səfər Alışarlı, Zahid Sarıtorpaq, Əlisəmid Kür, Kənan Hacı, Faiq Balabəyli, Kəramət Böyükçöl, Aqşin Evrən, Qan Turalı, media nümayəndələri və oxucular iştirak etmişdir.

Tədbir iştirakçıları növbə ilə Mövludun hekayələri haqqında fikirlərini bildirmişlər.

Sonda Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova çıxış edərək, qonaqlara bu tədbirdə istirak etdikləri üçün minnətdarlıq  etmiş və Mövludsevərləri   “Çətirsiz” adlı hekayələr kitabının satış aksiyasına dəvət etmişdir.

Təqdimat mərasimində Mövludun həyat yoldaşı Sevinc Fədai və övladı Ucal da iştirak etmişdir.

 
 

 Azərbaycan Milli Kitabxanası © Bütün hüquqlar qorunur