Bayramzadə  F.

 

XİN-də "Azərbaycan əbədiyyət yolu" sənədli filminin təqdimatını keçirdi

Tahir Tağızadə: "Bu film Azərbaycanın təbliği baxımından

mühüm əhəmiyyət kəsb edir"

 

Dünən "Park İnn" otelində Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə hazırlanmış və İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasına təqdim olunmuş "Azərbaycan əbədiyyət yolu" sənədli filminin - Dividinin təqdimat mərasimi keçirildi.

Mərasimi giriş sözü ilə açan Xarici İşlər Nazirliyi Mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə bildirdi ki, "Səlnamə" Sənədli Filmlər Studiyası tərəfindən hazırlanmışdır. Altı dildə səsləndirilən bu sənədli film, əsasən, Azərbaycanın tarixi, mədəniyyəti və bugünkü inkişafı ilə bağlı bütün məqamları özündə əks etdirir. T.Tağızadə vurğuladı ki, bu sənədli film artıq Bakıda öz işinə başlamış İKT xarici işlər nazirlərinin toplantısına təqdim olunmaq üçün hazırlanmışdır. "Biz bu filmi hazırlamaqla, birinci növbədə, Azərbaycanın tarixi və mədəniyyəti haqqında bütün gerçəklikləri, həm islam dünyasına, həm də bu vasitə ilə dünya ictimaiyyətinə çatdırmağı qarşıya ən ümdə məqsəd qoymuşuq. Bu filmdə, xüsusilə, Azərbaycanın müstəqillik qazandıqdan sonra keçdiyi keçməkeşli yol, xalqımızın ümummilli lideri olan Heydər Əliyevin rəhbərliyi altında görülmüş işlər, bügünkü müasir və inkişaf edən Azərbaycan gerçəkliyi burada öz əksini tapıb.

Filmdə Azərbaycanın dini tollerantlığı, həmçinin, Azərbaycan xalqı tərəfindən islam dininə olan böyük məhəbbət və xalqımızın tarixi keçmişində islam dininin yeri barədə həqiqətlər öz əksini tapıb. Filmdə, eyni zamanda, Azərbaycanın tarixi yerləri barədə geniş görüntülər və məlumatlar da bu filmdə yer alıb. Film hazırlanarkən, çalışmışıq ki, ənənəvi olaraq təkcə neft və Qarabağ amilindən kənara çıxaraq, daha çox Azərbaycanın real mənzərəsini canlandıraq. Biz qərara gəlmişik ki, bu film daha beş yüz nüsxə də çoxaldılaraq, digər xarici ölkələrin səfirliklərinə təqdim edilsin. Filmdə, xüsusi olaraq, ən maraqlı və təqdirəlayiq məqamlardan biri də, Azərbaycanın tarixi qədimliyinə və zənginliyinə görə seçilən Azərbaycan məscidlərinin erməni vandalları tərəfindən vəhşiiiklə dağıdılmasının bir fakt kimi öz əksini tapmasıdır.

Diqqətinizə çatdırım ki, bu sənədli film beynəlxalq konfranslarda da nümayiş etdirilərək, müxtəlif dillərdə səsləndiriləcəkdir. Mənim qənaətim bundan ibarətdir ki, bu film Azərbaycan həqiqətlərini özündə əks etdirməklə yanaşı, həmçinin, çox böyük təbliğat vasitəsidir".

Sonda filmin rejissoru İqbal Məmmədəliyev, ideya müəllifi Tofiq Məmmədov çıxış edərək "Azərbaycanın Əbədiyyət Yolu" sənədli filminin ərsəyə gəlməsi üçün görülən işlər barədə fikirlərini açıqladılar.

 

Səs.- 2006.- 21 iyun.- S. 5.