Novruzov Afət

 

Görkəmli tarzən və təcrübəli pedaqoq

 

 

Hazırkı milli ifaçılıq sənətimizin tanınmış nümayəndələri arasında tarzən Vamiq Məmmədəliyevin xüsusi yeri vardır. O, ifaçı və musiqi ictimai fəaliyyətilə sənətkarlar, eləcə də xalq tərəfindən sevilən, sözün həqiqi mənasında dəyərli musiqiçilərimizdəndir.

Şöhrətli ziyalılar nəslinə mənsub olan Vamiq Məmmədəli oğlu Məmmədəliyev 1946-cı il iyun ayının 9-da Bakı şəhərinin Kürdəxanı qəsəbəsində həyata göz açmışdır. Ziyalılar əhatəsində böyüyüb başa çatan V.Məmmədəliyev hələ kiçik yaşlarından ailələrində musiqiyə qarşı, xüsusilə tar alətinə məhəbbətin şahidi olur. Burada onun müsahibələrindən birini xatırlatmaq yerinə düşərdi. Vamiq müəilim deyir: «Biz evdə beş qardaşdıq, beşimiz də tar çalmışıq. Atam Məmmədəli bəyin sənəti həkimlik olsa da könlü, istəyi muğamatda idi, tarın səsində idi. İlkin öyrəndiyim havalardan biri «Heyratı» (zərb muğam nəzərdə tutulur - A.N.) olub...»

Musiqiyə xüsusi meylli olan Vamiq Məmmədəliyev tar ixtisası üzrə ilk musiqi təhsilini Kürdəxanı qəsəbəsindəki musiqi məktəbində alır. Burada onun tar ixtisası üzrə müəllimi Dərdayıl Aydəmirov olur. Sonralar o, 1967-1970-ci illərdə Bakı Mədəni Maarif Texnikumunda (müəllimi Ramiz Aşurbəyli), 1972-1976-cı illərdə isə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda (hazırda Azərbaycan Milli Konservatoriyası nəzdində Bakı Musiqi Kolleci) musiqj təhsilini davam etdirir. Onun not ixtisası üzrə müəllimi görkəmli pedaqoq-tarzən, bəstəkarlıq fəaliyyətində Üzeyir Hacıbəyov ənənələrinə sadiq olan Adil-Gəray Məmmədbəyli, muğam üzrə isə bu sənətin korifeyləri Əhməd Bakıxanov və Bəhram Mansurov olur.

Həmin illərdə gənc Vamiq Məmmədəliyev peşəkar tarzən kimi formalaşsa da ali musiqi

təhsili almağı unutmur. Belə ki, o, 1980-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (hazırda Bakı Musiqi Akademiyası) daxil olur. Tarzənin sənət müəllimləri -

tar ixtisası üzrə görkəmli pedaqoq-tarzən, sənətşünaslıq namizədi, professor Oqtay Quliyev, dirijorluq ixtisası üzrə isə pedaqoq-dirijor, dosent Namiq Nəbiyev olur. 1985-ci ildə Konservatoriyanı bitirən V.Məmmədəliyev gərgin əməyi sayəsində burada tarda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinə məxsus ifaçılıq vərdişlərinə dərindən yiyələnir. Lakin V.Məmmədəliyevin klassik musiqimiz olan muğam sənətinə vurğunluğu onun ifaçılıq

fəaliyyətini bu sənətə bağlayır.

Bunun nəticəsidir ki, V.Məmmədəliyev yaradıcılığı boyu muğam sənəti sahəsində - solo ifaçılığı, müşayiətçi-tarzən, pedaqoq-tarzən kimi səmərəli fəaliyyət göstərərək bu sənətin təbliğinə böyük əmək sərf edir.

Vamiq müəllim bir ustad muğam ifaçısı olaraq muğamların praktiki ifaçılığının müxtəlif məziyyətlərinə, həm də muğam janrının əsaslarına dərindən bələd olan sənətkarlarımızdandır. Heç də təsadüfi deyil ki, V.Məmmədəliyev tar sənətini öyrəndiyi qısa müddət ərzində hələ 70-ci illərdə muğam ustaları ilə musiqi məclislərində iştirak edərək nüfuz qazanmışdır.

Sənətkarın professional ifaçı kimi səhnə fəaliyyətinin başlanğıcı 1976-cı ilə təsadüf edir. Belə ki, tar ifaçılıq sənətimizin korifeyi olan xalq artisti Hacı Məmmədov həmin ildə gənc tarzəni rəhbərlik etdiyi ansambla dəvət edir. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii kollektivlərindən biri olan bu ansamblın tərkibində o, 1976-cı ildən mütəmadi olaraq çıxışlar edir və musiqi ictimaiyyətinin rəğbətini qazanır. Yeri gəlmişkən onu da xatırladım ki, Hacı Məmmədov istedadlı gəncləri irəli çəkməyə xüsusi diqqət yetirərdi. Bu mənada Hacı Məmmədov, V.Məmmədəliyevin ifaçıhğını bəyənərək görkəmli xanəndələri və gəncləri sazəndə ansamblı şəklində (üçlük) müşayiət etməyi ona etibar edirdi.

Vamiq Məmmədəliyev bir ifaçı kimi, klassik muğam ustadlarımızdan Mirzə Sadıq Əsəd oğlu, Mirzə Fərəc Rzayev, Mirzə Mənsur Mənsurov, Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mənsurov, Hacı Məmmədov, Əhsən Dadaşov, Əliağa Quliyev, Həbib Bayramov, Kamil Əhmədov, Sərvər İbrahimov, Firudin Yarməmmədov, Əlikram Hüseynov və digər sənətkarlarımızın yaradıcılığından bəhrələnmişdir.

V.Məmmədəliyev indiyə qədər bir sıra muğamları solo şəklində lentə yazdırmış və həmin lent yazıları fonotekamızın qızıl fonduna daxil edilmişdir. Bunlar «Rahab», «Xaric-Segah», «Bayatı-Şiraz>>, «Şur», «Hümayun»,   «Bayatı-Qacar», «Nəva» muğamlarıdır.

Vamiq Məmmədəliyevin yaradıcılığının bir qolu da müşayiətçilik fealiyyətidir. O, indiyə qədər Azərbaycanın bir çox məşhur xanəndələrini müşayiət etmişdir. Bunlardan Əbülfət Əliyev, Yaqub Məmmədov. Hacıbaba Hüseynov, Ramiz Hacıyev, Vahid Abdullayev, Səxavət Məmmədov, Elçin Cəlilov, hal-hazırda yaşayan xanəndələrdən Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Tələt Qasımov, Qəndab Quliyeva, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Sabir Mirzəyev, Cabir Novruzov və başqa xanəndələrin adını çəkə bilərik. Vamiq Məmmədəliyev Azərbaycan musiqisinin bir tarzən kimi xarici ölkələrdə təbliğinə də böyük əhəmiyyət verir. Onun qastrol marşrutları bir çox ölkələri - Türkiyə, İran, Danimarka, İraq, Fransa, İsveçi əhatə edir.

Tarzənin pedaqoji fəaliyyətinə gəldikdə ən əvvəl xatırladaq ki, onun uzun illər qazandığı ifaçılıq təcrübəsi, yüksək bilik, təmasda olduğu sənət korifeyləri ilə yaradıcılıq ünsiyyəti pedaqoji sahədə təcrübəli pedaqoq kimi formalaşmasına və bu fəaliyyət növündə uğur qazanmasına səbəb olmuşdur.

Vamiq müəllim 40 ilə yaxmdır pedaqoji sahədə çalışır. O, Bakı Mədəni-Maarif Texnikumuna, 1989-cu ildən isə görkəmli bəstəkar Süleyman Ələsgərovun təşəbbüsü ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (hazırkı Bakı Musiqi Akademiyası) muğam ixtisas dərsini aparmaq üçün «Xalq çalğı alətləri» kafedrasına dəvət edilmişdir. Yeri gəlmişkən qeyd edim ki, 1990-cı illərdə görkəmli tarzən, xalq artisti, professor Ramiz Quliyev xalq çalğı alətləri üzrə muğam proqramı tərtib edərkən Vamiq müəllimin tövsiyəsinə görə «Bayatı-Kürd>> muğamında «Kərküki», «Hümayun» muğammda «Böyük məsnəvi», «Rahab» muğamında «Böyük məsihi» şöbələrini və «Nəva» muğam dəstgahını ilk dəfə olaraq tədris planına daxil etmişdir.

Hal-hazırda dosent vəzifəsini daşıyan Vamiq Məmmədəliyev Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Musiqi Kollecində, Bülbül adına orta ixtisas musiqi məktəbində layiqli kadrlar yetişdirir.

Bunlarla bərabər onun, xanəndələrimizin bir çoxunun püxtələşib yetişməsində rolu şəksizdir.

Biz bu mənada Zaur Rzayevin, Mələkxanım Əyyubovanın, Gülyanaq və Gülyaz Məmmədovaların, Könül Xasıyevanın, Nuriyyə Hüseynovanın, Zabit Nəbizadənin, Zahid Quliyevin, mərhum Elçin Cəlilovun adlarını çəkə bilərik.

2001-ci ildən isə V.Məmmədəliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti kimi ilk dəfə yaranan «Musiqi sənəti» fakültəsinin dekanı seçilərək çoxşaxəli pedaqoji-təşkilatçılıq işi aparır. O, dekan olaraq təşkilati bacarığı, qayğıkeşliyi, təvazökarlığı, biliyi, səmimi, insani keyfiyyətləri ilə kollektivin hörmətini qazanmışdır. Onu da deyim ki, bu fakültədə əcnəbi tələbələr də təhsil almağa xüsusi həvəs göstərirlər. Artıq fakültədə İrandan və Türkiyədən gəlmiş tələbələr təhsil alırlar. V.Məmmədəliyevin rəhbərliyi altında müəllim və tələbə heyəti daimi olaraq elmi-nəzəri konfranslarda, dövlət səviyyəsində keçirilən bir çox tədbirlərdə uğurla çıxış edirlər. O, həm də musiqi bəstələyən tarzəndir. Onun bəstələdiyi rənglər vaxtaşırı televiziya və radio kanallarında səsləndirilir.

İkinci tərəfdən Vamiq müəllim muğamın elmi-tədqiqat məsələlərinin ifaçılıq baxımından araşdırılmasına da böyük maraq göstərir. O, tədqiqi məsələlərə hələ tələbə ikən maraq göstərmişdir. Belə ki, Konservatoriyada təhsil illərində Vamiq Məmmədəliyev respublika muğam ifaçılığına dair konfransda «Klassik muğam ifaçılığında tarda işlənən mizrablar» adlı elmi mövzuda çıxış etmiş, həmin dövrdə o, Leninqrad (indiki Sankt-Peterburq şəhəri) Konservatoriyasında keçirilən muğam axşamında ifaçı kimi də çıxış edib müvəffəqiyyət qazanmışdır. Hər iki tədbirdə Vamiq Məmmədəliyev I dərəcəli diploma layiq görillmüşdür.

Vamiq Məmmədəliyev bir dekan kimi Universitetin elmi-tədqiqat işlərinə, tədrisə dair müxtəlif proqramlar, dərs vəsaitləri yazılmasına qayğıkeşliklə yanaşır. Onun muğamlarımızın ifaçılığına aid müxtəlif problemlərə həsr edilmiş məqalələri elmi məcmuələrdə və dövri mətbuatda vaxtaşırı dərc edilir.

Bu baxımdan «Azərbaycan professional musiqi sənətində muğamlarımızın rolu və əhəmiyyəti», «Segah» muğamının rəngarəngliyi və onun ifaçılıq xüsusiyyətləri», «Muğam sənətinin korifeyi» adlı məqalələrin adlarını çəkmək olar.

Məqaləmizin sonunda biz ustad tarzən, təcrübəli pedaqoq, muğam bilicisi, səmimi insan olan Vamiq Məmmədəliyevi 60 illik yubileyi ilə əlaqədar təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yaradıcılıq işlərində zirvələr fəth etməyi arzulayırıq.

 

Azərbaycan Mədəniyyəti və incəsənəti.- 2006.- 1 iyun.- 1, 5.