Qurbanlı R.
Xarici dilli nazir
Ən yeni tariximizin on ilini gənclərin,
idmançıların, turistlərin və mədəniyyət xadimlərinin
rəhbəri vəzifəsində çalışan Əbülfəs
Qarayevin 50 yaşı tamam olur. Azərbaycan musiqisində adı bütün dövrlərdə
böyük hərflərlə yazılan bəstəkar Qara Qarayevin
qardaşı oğlu, teatr sənətində yeni bir məktəb yaradan
rejissor Tofiq Kazımovun kürəkənidir. Göründüyü kimi əsilli-köklü
ziyalıdır. Xarici Dillər İnstitutunu bitirib, fəlsəfə elmləri
namizədidir. Saatlı rayonundakı orta məktəblərin birində
müəllim işləyib, Azərbaycanın ilk gənclər və
idman naziri olub. Sentimentallığı da var, Buna baxmayaraq, əsl sənət
adamlarını, sıravi insanları qiymətləndirə bilir. Çox mədəni,
ziyalı insan olduğundan
çıxışlarında Azərbaycan dilinin
qol-qanadını qırıb tökməyini ona bağışlamaq olar. Əsas odur ki, özü və
dili üzərində səylə çalışır. Bu səyini kənardan
belə görmək mümkündür. Bəlkə də ilk nazirdir ki, mədəniyyət
və turizm naziri təyin olunandan bir neçə ay sonraya təsadüf
edən kino günündə kinostudiyanın ən adi texniki işçilərinə
mükafatı öz əlləri ilə bir-bir ərinmədən,
yorulmadan və digər həmkarlarından fərqli olaraq bunu özünə
şərəf bilərək təqdim etdi. Bütün mədəniyyət
tədbirlərində iştirak etməyə,
çıxış edib həm də səmimi sözlər söyləməyə, hətta
Göyçayda keçirilən "Nar bayramı"nda nar yeyib, onun şirəsini
də içib "Əsas budur" deməyə də vaxt tapır.
Bu günlərdə onu Dövlət Kukla Teatrında da görüblər.
Uşaqlarla birlikdə oturub səbirlə tamaşanın sona çatmasını gözləyib.
Deyilənə görə son illər yolunu bu teatrdan salan və
tamaşanı izləyən yeganə nazirdir.
Diqqətcildir, səmimidir.
Bu keyfiyyətlərin cəm halında məmurda birləşməsi
nadir hadisədir. Azərbaycanda çalışqan nazir kimi imic qazanıb.
1956-cı ildə noyabrın 13-də dünyaya gəlib. Deməli
yubileyidir. 50 yaşı tamam olur.
ARZULAR
Azər Paşa Memət (Teatr Xadimləri
İttifaqının sədri, rejissor):
- Əvvəlcə Tanrı onu
ailəsinə, əzizlərinə, sonra da
mədəniyyətimizə çox görməsin.
Çünki çox böyük işlər görmək istəyir, kaş istəkləirinin
hamısı həyata keçsin, onun arzularının çin olması mədəniyyətimizə
lazımdır.
Vaqif İbrahimoğlu (Dövlət
"Yuğ" Teatrının baş rejissoru):
- Hər bir insanın bir neçə
ad günü olur. Birincisi, dünyaya gəldiyi gün, ikincisi, özündən ötrü
çox əhəmiyyətli olan gün, üçüncüsü, millət üçün, mənəviyyat
üçün iş görməyə gəldiyi gün. Çox hörmətli Əbülfəs
Qarayevin dünyaya gəldiyi gündə bəlli, onun milli mədəniyyət
tarixində iş görmək üçün təyin
olunduğu gün də. İkinci ad gününü isə özündən başqa heç kim bilməz.
Bilməsəm də hər üç ad gününü təbrik edir, uzun ömür və
cansağlığı arzulayıram. Bunu Tanrıdan diləyək,qalanının onun özündən.
Akif İslamzadə (AXCP Rəyasət
Heyətinin üzvü):
- Sənət adamlarının öz
"kaprizləri" olur. Ona görə də Əbülfəs bəyi
nazir kimi məşəqqətli günlər gözləyir. Böyük bir nəslin
yetirməsi olduğu üçün onun mədəniyyətimizin inkişafı üçün
maraqlı proqramları var. Çox məsələlərdə fikirlərimiz
və istəklərimiz üst-üstə düşür. İnanıram ki, bir nazir kimi
onun görəcəyi işlər mədəniyyətimizin inkişafına
böyük töhfələr verəcək. Əbülfəs bəyin
yubileyini təbrik edir, cansağlığı arzulayıram. Arzum budur ki, nəzərdə
tutduğu proqramları həyata keçirə bilsin.
Gün.- 2006.- 11-17 noyabr.- S. 4.