Həsənov İ.

 

Xan Sarayı, Karvansaray, “Şəki Saray”...

 

İndi Şəkini “Saraylar şəhəri” adlandırmaq olar


...Bilmirəm, bu bir təsadüf idimi, ya nəydisə, Şəki haqqında ötən yazımda belə bir cümlə işlətmişdim ki, şəkililər üçün Şəki dünyanın ən gözəl və əvəzedilməz yeridir. Şəkilinin harada qərar tutmasından asılı olmayaraq orada mütləq Şəki ləhcəsi “ayaq açıb yeriməlidir”. Bir də belə bir fikir söyləmişdim ki, şəkililər Şəkini Parisdən sonra dünyanın ikinci gözəl şəhəri sayırlar.
Aradan neçə gün keçib. Lakin bu dəfə burada olarkən bir nəfər şəkilinin məndən soruşduğu: “görəsən, bizim bu Şəki və şəkililər olmasaydı dünyanın işləri necə gedərdi?” sualı yadımdan çıxmır ki, çıxmır. Düzdür, bu qəfil sualın cavabında mən ona ”dünya qaraqabaq bir insana bənzəyərdi" cavabını vermək istədim. Amma fikrimdən daşındım. Çünki həmin gün- 2006-cı il oktyabrın 14-də mənə elə gəlirdi ki, dünyanın qaraqabaqlığından əsər-əlamət qalmayıb. Başqa yerləri deyə bimərəm, ancaq Şəkidə hamının üzündə, gözündə, çöhrəsində bir təbəssüm vardı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şəkidə səfərdə idi. Bu qədim diyarda Şəki modul tipli elektrik stansiyasının və “Şəki Saray” hotelinin açılış mərasimi bir el bayramına çevrilmişdi və onsuz da gözəl olan Şəkinin hüsnünə bir ayrı gözəllik də əlavə edilmişdi. Çox ciddi adam kimi tanıdığım Şəki Rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovun gülümsər sifətindən razılıq əlamətləri görünürdü. Bu gün sanki həm ölkə rəhbərinə, həm də şəkililərə son iki ildə görülən işlər barədə hesabat verirmiş kimi bir qədər qayğılı və həyəcanlı görünsə də, təmkinini pozmur, bütün bunlar barədə təfsilatı ilə, yerli-yataqlı məlumat verirdi. Bəlkə də “yerli-yataqlı” kəlməsi burada bir qədər yerinə düşmür. Çünki son illər Şəki rayonunda görülən işlər, həyata keçirilən tədbirlər, tikinti-quruculuq və abadlıq işləri, sözün əsl mənasında, elə bir həcmdədir ki, elə bir coğrafi miqyas alıb ki, onlardan yerli-yataqlı danışmaq olduqca çox vaxt aparar. Amma məni təəccübləndirən ayrı bir şey idi. Başçı Şəki rayonunda hətta yerə döşənmiş bir plitənin belə qoyulma tarixini yaddaşında saxlayır, görülən bütün işlərin hesabatını əzbər bilir. Əslində bəlkə də burada qeyri-adi bir şey yoxdu. Ona görə ki, özü bilavasitə həmin işlərə nəzarət edib, problemlərin, qarşıya çıxan çətinliklərin həll edilməsinin birbaşa iştirakçısı olub, səhər o başdan, hava qaralanacan fəhlələrlə bir yerdə yayın istisini, qışın soyuğunu canında gəzdirib.
Nəticə isə göz qabağındadır. Qədim Şəki tamam yeniləşərək təzə estetik görkəm alıb. İndi qonaq-qaranın da, lap elə xarici müsafirlərin də üzünə alnıaçıq, heç nədən çəkinmədən, qayğılanmadan çıxmaq olar. Şəxsən mənim yadımda qalan odur ki, bu dövrdə Şəki xanlarının sarayı bərpa olunub, Əlillərin Bərpa Mərkəzi, Heydər Əliyev adına Kiş kənd 1 nömrəli orta məktəbi, Vərəzət kənd orta məktəbi tikilib. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Oraban, İncə, Qozlubulaq kənd məktəblərinin binaları, şəhərdəki 10 nömrəli orta məktəb üçün 240 yerlik yeni korpus, kərpic, konserv və meyvə şirələri zavodları, İdman Sağlamlıq Mərkəzi, Şin çayı üzərindən keçən körpü, Dövlət Sərhəd Xidmətinin Şəki sərhəd dəstəsi və Şəki mülki müdafiə regional mərkəzi üçün inzibati və yardımçı binalar, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 8 və 24 mənzilli yaşayış evləri istifadəyə verilib.
Bu gün qəti əminliklə demək olar ki, Şəkinin perspektiv imkanlarına və potensialına uyğun olaraq turizm infrastrukturu genişlənir. Yeni mehmanxanalar, turizm-istirahət mərkəzləri yaradılır ki, bu barədə bir qədər sonra söhbət açacağıq. Yollar, küçələr, meydanlar abadlaşır. İnsanların təbii qaz, elektrik enerjisi ilə təminatı günbəgün yaxşılaşır.
— Bilirsiniz, bu gün əldə edilən uğurlarla kifayətlənmək, arxayınlaşmaq geriləmək deməkdir. İndi kim deyə bilər ki, ölkəmizdə bütün sahələrin inkişafı üçün əlverişli şərait, münbit zəmin yoxdur? Bu fikri heç kim təftiş və təkzib edə bilməz, axı görünən dağa nə bələdçi – deyə icra hakimiyyətinin başçısı bir sıra statistik rəqəmlər gətirir. Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılan əlverişli şərait sahibkarları, is adamlarını müxtəlif sahələrə sərmayə qoymağa həvəsləndirir. Artıq onlar müasir tələblərə cavab verən məktəb binaları, istehsal sahələri, ticarət və iaşə obyektləri inşa edirlər. Görülən tədbirlər nəticəsində rayonda yeni açılan və fəaliyyəti bərpa olunan müəssisələrdə 12 min 750 yeni iş yeri açılıb. Bu, Şəki üçün kiçik rəqəm deyil. Cənab Prezidentin bölgəmizə ilk səfərindən sonra rayonumuzun problemlərinin həlli ilə bağlı verdiyi sərəncam hamımızın sevincinə səbəb oldu. Şəkililər haqlı olaraq bunu dövlət başçımızın Şəkiyə və şəkililərə həssas münasibətinin, yüksək qayğısının növbəti təzahürü kimi qəbul edirlər. Belə bir qayğının əvəzində isə bizdən çalışmaq, işləmək, qurub-yaratmaq tələb edilir. Həm də bu inzibati deyil, mənəvi, vicdani bir tələbdir.
Başçı onu da vurğulayır ki, əgər Şəki camaatının canında həvəs, qolunda təpər olmasa, qısa vaxt ərzində bu həcmdə işi görmək əlbəttə çətin olardı. Təəssübkeşlik damarı üzdə olan şəkililər dövlət başçısının qayğı və diqqətinə məhz görülən işlərlə cavab verirlər.
Nədənsə, mən həmişə düşünmüşəm ki, Şəkidə Xan Sarayı var, Karvansaray var, amma nədirsə, çatışmayan bir binanın yeri görünür. Respublikamızın Prezidenti cənab İlham Əliyev “Şəki Saray” hotelinin açılışı zamanı qırmızı lenti kəsəndə və açılış mərasiminə toplaşanlarla birlikdə hotelə daxil olan anda anladım ki, Şəkinin elə “Şəki Saray” adlı hotelə ehtiyacı varmış. Ən müasir tələblərə cavab verən hotel barədə məlumatlandırılan Prezidentimiz də bura ilə tanışlıq zamanı zarafatından qalmadı və bildirdi ki, bu hotelə “4 ulduz” yox, “5 ulduz” sertifikatı verilməlidir.
Bəri başdan hotel haqqında onu bildirim ki, yerli iş adamı Cavanşir Feyziyevin maliyyə dəstəyi ilə “Tour-İnvest” şirkəti tərəfindən inşa edilən “Şəki Sarayı”nın özülünün qoyulması bugünkü kimi yadımdadır. Həm yerli, həm də modern arxitekturanın elementlərini özündə ehtiva edən bu binanın yaraşıqlı alınması üçün xüsusi qrup işləyib. Azərbaycan, Türkiyə, İran və İtaliyadan dəvət olunmuş memarlar onun belə alınması üçün əllərindən gələni ediblər. Şəkinin mərkəzində yerləşən oteldə xarici turistlər, iş adamları və beynəlxalq təşkilatların nümayəndələri üçün hər cür şərait yaradılacaq, onlar hətta Şəkinin görməli yerləri, tarixi abidələri ilə tanış olmaq, bölgənin turizm potensialı barədə hərtərəfli məlumat almaq imkanı əldə edəcəklər. Hoteldə “5 ulduz” sertifikatına uyğun, eyni vaxtda 65 nəfəri qəbul edə bilən 34 nömrə, o cümlədən 3 lüks nömrə var. Ümumi sahəsi 1200, nömrələrinin sahəsi isə 30-60 kvadratmetrdir. 50 nəfərin işlədiyi hotelə daxil olanda mehribanlıqla qarşınıza çıxan Əfqan Məmmədov sizi qəbul şöbəsinə qədər müşayiət edəcək. Burada isə Vüsalə Yusifova və Mübariz Ağayevlə tanış olacaqsınız. Onlar sizə hoteldə yaradılan şərait barədə məlumat verəcəklər. Seçim isə özünüzdən asılıdır. Elə birinci mərtəbədə yerləşən 30 nəfərlik yeməkxanada aşpaz Natiq Şabanovun bişirdiyi yeməklərdən dadandan sonra ləzzətin nə olduğunu yaxşı biləcəksiniz. Ofisiant Rafiq Abdullayevin də, assent menecer Vuqar Mustafayevin də xidmətlərindən razı qalacaqsınız.
Buradakı hər cür şəraiti olan nömrələrdə qalmaqla bərabər biznes mərkəzinin imkanlarından da yararlana bilərsiniz. Belə ki, burada internet və peyk rabitəsi xidmətlərindən istifadə etməklə dünyanın istənilən ölkəsi ilə əlaqə saxlamaq mümkündür. İkinci mərtəbədəki 60 nəfərlik konfrans-ziyafət salonu isə beynəlxalq səviyyəli tədbirlər keçirmək üçün nəzərdə tutulub.
Hotelin kanal tipli havalandırma sistemi Yaponiyanınn “Air kanal” firmasının texnologiyası əsasında qurulub. 12 nəfərlik lift isə “Mitsubişi” firması tərəfindən istehsal olunub. Buranı elektrik enerjisi ilə fasiləsiz təmin etmək məqsədilə İngiltərənin “Perkins” firmasının istehsalı olan 500 kilovat gücündə transformator quraşdırılıb.
Binanın sonuncu mərtəbəsindən qədim Şəki ovuc içi kimi görünür və özünün təkrarsız gözəlliyi ilə insanın gözləri qarşısında yeni bir aləm açır. Bir sözlə, indiyədək Xan Sarayı ilə fəxr eləmiş şəkililərin indən belə “Şəki Saray”la qürur duymağa haqları var.
Qeyd edim ki, iş adamı Cavanşir Feyziyevi Şəkidə həm də xeyriyyəçi bir insan kimi tanıyırlar. O, hələ iki il əvvəl Böyük Dəhnə kəndində öz vəsaiti hesabına məktəb binası tikdirərək, həmin təhsil ocağını hər cür texniki vasitələrlə təmin edib şagirdlərə bağışlayıb. Onun maliyyə dəstəyi ilə tikilmiş “Şəki Saray” isə təkcə Şəki üçün yox, bütövlükdə bölgə üçün əhəmiyyətlidir. Turizm üçün çox əlverişli olan həmin bölgədə bu sahənin inkişafında hotelin böyük köməyi olacaq. İlk dəfədir ki, əyalətdə belə bir hotel inşa edilib və heç şübhəsiz, gələcəkdə iş adamları müxtəlif rayonlarda bu cür obyektlərin tikintisinə maliyyə ayırmaqdan qorxmayacaqlar. Çünki “Şəki Saray” hotelinin məlumat kitabçası ilə tanış olduqda açıq-aydın görürsən ki, yaxın gələcəkdə bölgələrdə belə hotellərə çox ciddi ehtiyac yaranacaq. Bunu şərtləndirən səbəblər isə yetərincədir. Əvvəla, respublikamızda sosial-iqtisadi inkişaf tempi sürət götürdükcə insanların maddi rifah halı da yaxşılaşır ki, bu isə həm fiziki, həm də və mənəvi istirahətə tələbat yaradır. Şəkidə bu tələbatın ikisi də birləşir. Burada həm istirahət edirsən, həm də qədim tarixi özündə yaşadan Şəkini gəzib mənəvi zövq alırsan. İkinci bir tərəfdən, respublikamızda hotel xidməti servisi yeni olsa da böyük sürətlə inkişaf edir. Bu isə xariciləri özünə cəlb edən əsas amillərdən biridir. Yəni, turizmin yaxın gələcəkdə əlverişli və yüksək gəlir gətirən bir sahəyə çevrilməsi göz önündədir. Bu fikri respublikamızın Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulayıb. Ağıllı və diribaş iş adamları isə belə məqamları heç vaxt gözdən qaçırmırlar. Üstəlik, ölkəmizdə sahibkarlara, iş adamlarına yaradılan şəraiti də nəzərə alsaq, belə demək olar: “İşləmək istəyənlər də var, işləmək üçün şərait də”. Cavanşir Feyziyev də işini reallıqlar əsasında, hesablamalarla, ağıllı surətdə quran iş adamlarındandır. Bir qədər əvvəldə qeyd etdiyim kimi, əgər nəzərə alsaq ki, “Şəki Saray” Bakıdan kənarda tikilən, müasir standarlara tam cavab verən bir hotel statusunu daşıyır, onda Cavanşir Feyziyevin buranın tikintisi zamanı ən xırda detalları belə nəzərdən qaçırmadığı aydın olar. Ona görə də hoteldə istər istirahət üçün, istər ümumiyyətlə gündəlik həyat tərzi üçün bütün şərait yaradılıb və çəkinmədən demək olar ki, həmin şərait ən müasir dünya standartlarına cavab verir. Yəni hoteldə dincələnlər özlərini hansısa əyalət şəhərində, rayon mərkəzlərindən birində yox, dünyanın müasir şəhərlərindən birində hiss edəcəklər. Ortalıqda nə dil, nə də servis problemi yoxdur. Hotelin direktoru Malik Salamov 11 il “Hyat-Recensi” hotelində çalışıb. Bu sahədə kifayət qədər təcrübəli adamdır. Elə burada çalışanların daha 6 nəfəri də bir vaxtlar “Hyat-Recensi” hotelində işləyən təcrübəli hotel işçiləridir. Peşəkar tərcüməçilər də var ki, bu da xarici müştərilərlə həm ünsiyyət problemini aradan qaldırır, həm də onların Şəki ilə daha yaxından tanış olmaq imkanlarını genişləndirir.
Artıq “Şəki Saray” ilk qonaqlarını qəbul edib. “Votsila” şirkətinin nümayəndələri milliyyətcə ingilis olan Marti Koorella və Nil Makolla ilə söhbət etdik. Onlar Şəkiyə olan heyranlıqlarını bildirməklə bərabər hotelə vurğunluqlarını da xüsusi qeyd etdilər, onlara yaradılan şəraitdən razı qaldıqlarını bildirdilər.
...İşimlə əlaqədar Şəkiyə yolum tez-tez düşür. Buraya məni çox şeylər bağlayır. Bir tərəfdən bu gözəl diyarın insanları, bir tərəfdən də buranın xoş təbiəti məni həmişə özünə çəkib. Səmimi deyirəm. Zarafatlaşdığım adamlardan ayrılmaq mənim üçün həmişə çətin olub, Nədənsə bu dəfə geri qayıdanda qarşıma daha çox avtomobil çıxdı və mənə elə gəldi ki, onların hamısı Şəkinin və “Şəki Saray”ın hüsnünü seyr etməyə gedənlərdi.
“Həmişə üzü xeyirliyə, qardaşlar” deyib yoluma davam etdim. O yola ki, məni nə vaxtsa yenidən Şəkiyə çəkib gətirəcəkdir...
 
Xalq qəzeti.- 2006.- 2 noyabr.- S. 6.