Naxçıvan Ali Məclisində görüş
Muxtar Respublikada turizmin
inkişafı müzakirə olunub
Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin sədri
Vasif Talıbov "Naxçıvan Muxtar Respublikasında turizm, inkişaf və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları
ilə görüşüb. Naxçıvan Muxtar Respublikasının mədəniyyət
və turizm naziri Sarvan İbrahimov
konfransın birinci iş günü barədə
məlumat verib.
Ali Məclisin sədri qonaqları səmimiyyətlə salamlayıb,
əldə olunan sabitlik nəticəsində
muxtar respublikada iqtisadi nailiyyətlərin
qazanıldığını, bu uğurların da turizmin
inkişafı üçün geniş imkanlar açdığını bildirib, muxtar respublikanın ərazisi, əhalisi, coğrafi mövqeyi, milli mənəvi dəyərləri, təbii
ehtiyatları, idarəetmə
quruluşu barədə məlumat verib. Qeyd olunub ki, Ermənistanın
işğalçılıq siyasəti nəticəsində Naxçıvan
15 ildən artıqdır ki, blokada şəraitindədir.
Buna baxmayaraq muxtar respublikada bütün sahələr yüksək ahənglə inkişaf edir. Burada 15 minə yaxın mənzil qazla təmin olunub, daimi elektrik enerjisi verilir, yeni müəssisələr, iş yerləri yaradılıb.
Ali Məclisin sədri deyib ki, Naxçıvan Muxtar
Respublikasının Şərqlə
Qərbi birləşdirən
əlverişli coğrafi məkanda yerləşməsi,
füsunkar təbiəti,
iqlimi, qədim tarixi mədəniyyət abidələri, zəngin folklor nümunələri, milli mənəvi dəyərləri turizmin
inkişafı üçün geniş imkanlar açır.
Muxtar respublikada
beynəlxalq tələblərə
cavab verən hava limanının olması, qardaş Türkiyə və İran ilə sıx
tərəfdaşlıq, bu ölkələrlə qurulan möhkəm əlaqələr,
muxtar respublikada tikilən müasir hotellər turizmin inkişafı üçün zəmin
yaradır. Eyni zamanda avtomobil yollarının, tarix və mədəniyyət
abidələrinin bərpası,
"Duz dağ" və "Darı dağ" kimi şəfa-sağlamlıq ocaqlarının mövcudluğu, insanların əsil inanc yerinə çevrilən ziyarətgahların olması, ekoloji mühitin saflığı muxtar respublikanın turizm potensialının göstəriciləridir.
"Sevgün" firmasının direktoru Bahadur Bilalov, Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov
muxtar respublikada aparılan geniş miqyaslı quruculuq işlərinin əhəmiyyətindən
söz açıb, səmimi görüşə görə Ali Məclisin sədrinə konfrans iştirakçıları adından minnətdarlıqlarını bildiriblər.
Ali Məclisin
sədri qonaqlara
“2000-2005-ci illərdə Naxçıvan
Muxtar Respublikasında sosial-iqtisadi inkişaf” kitabını hədiyyə edib.
Azad Azərbaycan.- 2006.- 24 noyabr.- S.2.