İncəsənət sahəsində test üsulu özünü doğrultmur

 

Vaxtilə kino, teatr üzrə rejissor kadrları Azərbaycandan kənarda hazırlanırdısa, bu gün belə imkanlar ölkəmizdə yaranıb. Mədəniyyət və İncəsənət Universitetinin rejissor sənəti fakültəsinin dekanı, professor Bayram Hacıyev bildirir ki, 1945-ci ildən sonra Teatr İnstitutu, sonralarsa İncəsənət İnstitutu kimi fəaliyyət göstərən bu elm ocağının müstəqillikdən sonra fəaliyyəti daha məhsuldar olub. Belə ki, SSRİ artıq dağılmağa başladığı dövrdə institutun Moskva ilə əlaqələri pozulmağa başlayıb. 1990-cı ildə "Kino və televiziya sənətləri rejissoru" kafedrasının açılması rektor Timurçin Əfəndiyevin səyi nəticəsində baş tutub. Sonrakı illərdə kinooperator ixtisası üzrə kadrlar hazırlanmasına başlanması institutun yaradıcı imkanlarının daha da artmasını şərtləndirib. Hazırda fakültədə 8 ixtisas üzrə rejissor kadrları, o cümlədən teatr, kino rejissoru, estrada və kütləvi tədbirlər, bayramlar rejissorları hazırlanır. Kadrların hazırlanması zamanı kinostudiya və telestudiyalarla əlaqələr ardıcıl olaraq yaradıcı şəkildə qurulur. Fakültədə Eldar Quliyev, Oqtay Mirqasımov, Azərpaşa Nemətov, Ağakişi Kazımov, Yalçın Əfəndiyev, Bəhram Osmanov kimi tanınmış rejissorlar dərs deyirlər.

Lakin Bayram müəllim kadr hazırlığı məsələsində test üsulunun istənilən səviyyədə effekt verməməsindən şikayətlənir. Əsaslandırmağa çalışır ki, incəsənət sahəsində test üsulu yaramır: "Çünki burada əsas məsələ abituriyentlərin məhz hansı yaradıcı sahədə qabiliyyətlərini konkret ixtisaslar üzrə nümayiş etdirməsidir. Lakin bir də görürsən ki, ixtisasdan yüksək səviyyəli qabiliyyət nümayiş etdirən şəxs test imtahanlarından minimum balı belə toplaya bilmir, nəticədə qıraqda qalır. Bununla da biz gələcəyin neçə-neçə incəsənət fədailərini itiririk". O, hesab edir ki, belə şəxsləri istisna vəziyyətdə instituta qəbul etmək lazımdır, onsuz da onlar sabah tədris təcrübə prosesində tələb olunan ədəbiyyatla tamş olacaqlar, öyrənəcəklər. Əsas məsələ fərdin seçdiyi sahəyə dərəcədə bağlığıdır.

Sovet dövründə incəsənət sahəsində əsas elmi-nəzəri kitabların rusca olduğunu deyən B.Hacıyev hazırda ana dilimizdə yeni dərsliklərin çap olunduğunu, bu sahədə tələbatın demək olar, ödəndiyini bildirir. Lakin sovet dövründən fərqli olaraq hazırda ali təhsilini başa vurmuş mütəxəssislərin təyinat məsələsinin həlli onların öz öhdələrinə buraxılır. Belə ki, tələbə işini müxtəlif münasibətlər əsasında qurmağa, telekanallarda qabiliyyətinə görə axtarmağa məcbur olur. Hazırda Azərbaycanda rejissorluq üzrə ixtisaslaşmış sənət adamları kifayət qədər olsa da, onların bacarıq və qabiliyyətlərinin istənilən səviyyədə aşkarlanması üçün imkanlar hələ yetərli deyil. Belə ki, sovet dövründə xeyli sayda rejissorun çalışdığı "Azərbaycanfilm" kinostudiyasında indi ildə uzağı 2-3 bədii film çəkilir. B.Hacıyev Azərbaycanın indiki vaxtında ildə orta hesabla 10-15 fılm çəkilməsini məqbul zəruri hesab edir. O, gənc tələbə rejissorların Azərbaycanı ardıcıl olaraq beynəlxalq səviyyəli müsabiqələrdə müvəffəqiyyətlə təmsil etdiklərini deyir. Məsələn, bu yaxınlarda gənc rejissorların bir neçəsi Tiflisdə Almaniyada keçirilən müsabiqələrdə uğurla iştirak ediblər. O, gənc rejissorların xarici ölkələrdə keçirilən kino müsabiqələrində daha çox Qarabağ müharibəsi, insan haqları, "20 Yanvar", Xocalı soyqırımı mövzusunda filmlərlə uğurlu çıxış etdiklərini bildirir.

 

Xalq cəbhəsi.- 2006.- 15 noyabr.- S. 15.