Norveçdə "Azərbaycan Odlar ölkəsidir" sərgisi açılıb
Norveçin Stavanger
Şəhər Arxeologiya Muzeyində "Azərbaycan Odlar
ölkəsidir" sərgisi açılıb. Sərgidə
Azərbaycan Tarix Muzeyindən, habelə Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət
Muzeyindən göndərilmiş
eksponatlar, müasir Azərbaycan rəssamlarının
əsərləri nümayiş
etdirilir.
Tarix Muzeyinin 150 eksponatı müxtəlif fondların - arxeologiya, orta əsr silahları,
etnoqrafiya fondlarının materiallarından ibarətdir. Xalça muzeyi üç
xalı təqdim edib. Bakı İncəsənət
Mərkəzi fırça ustalarımızın yeddi rəsmi və paytaxtımızın həyatından səhnələr əksini
tapmış altı fotoşəkillə təmsil
olunub.
Azərbaycan Tarix Muzeyinin və Stavanger Şəhər Arxeologiya Muzeyinin təşəbbüsü ilə təşkil edilmiş sərgiyə tamaşaçılar gələn il aprelin 15-dək baxa biləcəklər. Bu müddətdə onlar rəssam, dizayner və təsviri sənət tənqidçisi Eli Qladerin ölkəmizə dair işləri ilə də tanış olacaqlar. Onun həyat yoldaşı xidməti vəzifəsi ilə əlaqədar bir neçə il respublikamızda
yaşayıb. Azərbaycan qadınlarının həyatı
və şəhərimizin
məişəti ilə bağlı fotoşəkilləri, layihələri də o illərdən yadigardır. Əslində, iki ölkənin muzeyləri arasında əlaqə yaradılmasının və bu sərginin
təşkilinin səbəbkarı
məhz xalqımıza və adət-ənənələrimizə sıx
bağlanmış Eli Qladerdir.
"Azərbaycan Odlar
ölkəsidir" sərgisinin
açılışında Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı və muzeyin digər nümayəndələri
iştirak ediblər, dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin konserti olub. Nailə xanım bildirib ki, Azərbaycanın zəngin tarixinə, mədəniyyətinə və
incəsənətinə maraq
nəzərə alınaraq
belə sərgilər
başqa ölkələrdə
də keçiriləcək.
Azərbaycan.- 2006.- 23 noyabr.- S.7.