Azərbaycanlı rəssam

İstanbulda tədris atelyesini acıb

 

Azərbaycanlı rəssam Lətafət Məmmədova İstanbulun Yeşilköy qəsəbəsində özünün tədris atelyesini açıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, 50 tələbə ilə işə başlayan tədris atelyesində yağlı boya, sulu boya, pastel qara qələm dərsləri verilir.

Açılış mərasimində APA-ya açıqlama verən atelyenin koordinatoru Xədicə Kitapçıoğlu bunları deyib: "62 yaşım var. İndiyə qədər bir neçə atelyedə rəsm dərsi almışam. Lətafət Məmmədova ilə tanış olandan sonra yoluma həmişəlik onunla davam etməyi qərarlaşdırdım. Onun yüksək intellektual səviyyəsi var. Biz bu atelyenin müəyyən proqramlar çərçivəsində diplom verməsi üçün Türkiyə Milli Təhsil Nazirliyinə müraciət etməyi düşünürük. Yeganə arzumuz Lətafət Məmmədovanın bizi tərk edib Azərbaycana qayıtmamasıdır. İndi burada 50 tələbə var. İnanın ki, Lətafət xanımın vaxtı olsa, buraya 150 tələbə gələr. Biz türklər bu cür insanlara çox sonradan qiymət verməyə adət etmişik".

L. Məmmədova isə bildirib ki, öz tədris atelyesini açması ilə ən böyük arzusuna qovuşub. 1954-cü ildə Azərbaycanın tanınmış rəssamı Hafiz Məmmədovun ailəsində dünyaya gələn L. Məmmədova Əzimzadə adına Rəssamlıq Məktəbini bitirəndən sonra İncəsənət İnstitutunda Mikayıl Abdullayevin sinfində təhsilini davam etdirib. N. Tusi adına Pedaqoji Universitetdə kafedra müdiri işləyərkən 2000-ci ildə Türkiyədən rəsmi dəvət alıb. 6 il İstanbulun Bakirköy bələdiyyəsinin Sənət Mərkəzində rəssamlıq dərsi verəndən sonra bu ilin payızında özünün tədris atelyesini açıb. Lətafət Məmmədova hər il Türkiyədə özünün fərdi sərgisini tələbələri ilə qrup sərgiləri açır. Türkiyənin muzey, qalereya, auksion və şəxsi kolleksiyalarında Lətafət Məmmədovanın əsərlərinə həmişə xüsusi yer ayrılır.

 

Ədalət.- 2006. -15 noyabr.- S. 16.