Xəlilzadə F.
Dövrümüzə qədər
gəlib çıxmış qədim binalardakı divar rəsmlərinin bəzi
örnəklərinin tarixi ancaq XVIII əsrlə
məhdudlaşdırılır. Halbuki Azərbaycanda olmuş səyyahların
yazılarında, rəssamların rəsm əsərlərində, bir
sıra ərəb-fars mənbələrində, arxiv
materiallarında, eləcə də XIV-XVII əsr
miniatürlərində verilən divar bəzəkləri bu
sənətin Azərbaycanda daha qədimdən mövcud olduğunu
təsdiqləyir. Əslində, süjetli təsvirlər
Azərbaycanda geniş yayılıbmış. Əgər ibtidai insanın ilk yaşayış
məntəqəsi sayılan Qobustan qayalıqlarında müxtəlif
rəsmlər çəkilibsə, ola bilməz ki, sonrakı inkişaf
dövründə bu sənətin daha sivil forması və davamı unudulsun.
Azərbaycanın Bakı, Təbriz, İrəvan, Şamaxı, Şuşa, Şəki,
Qəbələ, Gəncə, Lənkəran kimi qədim
şəhərlərində bugünümüzə kimi gəlib çatmış saray,
hamam, yaşayış evləri və s. binaların dekorativ bəzəyinin
estetik məzmunu divar rəsmlərində çox
məharətlə istifadə olunub. Bu
şəhərlərdə tarixi binaların hər biri onu inşa
edən şəxsin, memarın, sənətkarın daxili dünyasından,
xarakterindən, dünyagörüşündən, hətta gələcək
arzularından xəbər verirdi. Divar bəzəkləri qədim
dövrün ən nəhəng rəsm əsərləri sayıla
bilər. Çünki belə rəsmlər həm də insanların
həyat və düşüncə tərzinin naxışlanmış
əks-sədasıdır.
Divarlarda əsasən nə çəkərdilər? Çox zaman
müharibə və ov səhnələri, təbiət
mənzərələri, kef və musiqi məclisləri,
klassik ədəbiyyat və xalq yaradıcılığından alınmış
süjetlər, obrazlar, bəzi hallarda konkret tarixi
şəxsiyyətlərin portretləri də əks olunurdu.
Bəllidir ki, Azərbaycan lap qədim zamanlardan miniatür
sənət məktəbinin beşiyi olub. Təbii ki, onun
təsiri divar bəzəklərində də özünü mütləq
göstərib. Təəssüf ki, müxtəlif olaylar,
zəlzələlər, təbii fəlakətlər,
basqınlar, çarpışmalar, aramsız müharibələr bu qədim binaların
sıradan çıxmasına, dağılmasına, yerlə-yeksan olmasına gətirib
çıxarıb. Bəzi hallarda da öz təmayülü üzrə istifadə
olunmadığından, baxımsızlıqdan sıradan çıxıb. Sovet hakimiyyətinin ilk
illərində saysız-hesabsız binaların, məscidlərin, dini
ibadət yerlərinin, sarayların dağıdılması da bir səbəbdir.
Tədqiqatçıların araşdırmaları nəticəsində dövrümüzə
gəlib çatmayan milli boyakarlıq sənətimizin çox maraqlı
nümunələrindən biri də İrəvan sərdarı Hüseynqulu
xanın sarayındakı divar bəzəkləri olub. Məlumdur ki,
A.S.Qriboyedov 1827-ci ildə həmin sarayda olmuş və burada özünün
məşhur "Ağıldan bəla" adlı əsərinin tamaşasına
baxmışdır. Müxtəlif rus rəssamlarının, eləcə də
səyyahların bu hadisə ilə bağlı verdiyi məlumatlara
görə, sarayda gözəl səhnə düzəldilmiş, divarda
həddən artıq çox portret, gözəl təbiət
mənzərələri, bir-birindən baxımlı rəsmlər
olmuşdur. Doğrudur, bu sarayın rəsmlərindən bəziləri
1857-ci ildə görkəmli Azərbaycan rəssamı Mirzə
Qədim İrəvani tərəfindən bərpa olunmuşdu.
Hüseynqulu xanın saray divarlarında "Şahnamə"dən
gəlmiş bir sıra süjetlər, kompozisiyalar, hətta
Azərbaycanın bir sıra xanlarının portretləri də əks
edilibmiş. Həmin rəsmlər müxtəlif rəssamlar
tərəfindən yenidən işlənərək sovet
dövründə İrəvan Dövlət Şəkil Qalereyasında saxlanılırdı. O
cümlədən, Mirzə Qədim İrəvaniyə məxsus
əsərlərdə həmin tarixi bina ilə bağlı bir sıra
rəsmlər var idi. Təəssüf ki, zaman-zaman
ermənilərin millətimizə qarşı törətdyi soyqırımı,
deportasiya, repressiya nəticəsində təkcə insanlarımız
deyil, milli-mənəvi sərvətlərimiz də sıradan
çıxarılmış, məhv edilmiş, bəzən də müəlliflərinin
azərbaycanlı olması haqqında dəqiq məlumatlar gizlədilmiş,
bir sıra əsərlərin adı ermənilərin ünvanına
yazılmışdır.
Azərbaycanın çox gözəl, tarixi abidələrlə zəngin
qədim şəhərlərindən biri də Şuşadır. Şuşada da
elə tikililər var idi ki, onun divar rəsmləri öz üslub
xüsusiyyətlərinə görə maraq doğururdu. Mehmandarovların,
Şəfibəyovun malikanələrindəki divar
rəsmlərində Azərbaycan təbiətinin müxtəlif
mənzərələri, qırqovul, bülbül, tovuzquşları əks
olunurdu. Qeyd edək ki, hər otaqdakı divar bəzəkləri
onun təmayülündən asılı olurdu. Deyək ki, yataq üçün
nəzərdə tutulmuş otaqların divar
bəzəklərində çox sakit rənglərdən, ruha xoş
gələn təbiət mənzərələrindən
istifadə edilirdi.
Orta Asiya və Şərq ölkələrinin divar təsvirləri
üçün səciyyəvi olan bütün motivlər Azərbaycanda daha geniş
yayılmış və inkişaf etmişdir. Hətta Azərbaycan ustaları
içində gül dəstələri olan pannolardakı vazaları elə
qəribə, təbii düzəldirdilər ki, insan onun qarşısında
öz heyrətini gizlədə bilmirdi. Aparılan tədqiqatlar
göstərir ki, Azərbaycanın qədim şəhərlərindəki
divar bəzəklərinin əksəriyyətindəki
təsvirlər bir-birinin təkrarıdır və bu
sənətdə əsas yeri məhz təbiət
mənzərələri tutur.
Məlumdur ki, Azərbaycanın çox qədim şəhəri olan
Şəkinin sonuncu xanından bizə yadigar ancaq onun sarayı qalıb. Bu
sarayın bütün sərvəti, qiymətli avadanlığı, əşyaların
hamısı yadellilər tərəfindən aparılıb. Soyğunçuların
özləri ilə apara bilmədikləri sarayın binası olub. Bu
malikanədəki otaqların hər birinin divarındakı rəsmlər
isə milli boyakarlıq sənətimizin çox qiymətli nümunələridir.
Saatlarla onun qarşısında dayanıb ötən tariximizin
keşməkeşlərindən xəbər tutmaq mümkündür. Hər
süjet bir olaydan, ovqatdan xəbər verir.
Azərbaycan boyakarlıq sənətinin tədqiqi ilə
məşğul olanlar uzun illər taleyi sükuta bürünmüş bu maraqlı və
orijinal yaradıcılıq aləminin dürüst tarixini
dəqiqləşdirmək üçün indiki şərait və imkandan
istifadə edə bilərlər. Bəllidir ki, Azərbaycan
şahlarının, xanlarının, bir sözlə, imkanlı şəxsiyyətlərin
var-dövləti, əşyaları yad ölkələrə daşınıb. Qapalı
rejimdə yaşadığımız bir dövrdə bunları dəqiq araşdırmaq
müəyyən mənada çətin idi. Amma indi açılan qapılardan çox
uzaq ölkələrə getmək mümkündür. Xüsusilə də qonşu
və eləcə də ərəb ölkələrində
fəaliyyət göstərən muzeylərdə, arxivlərdə,
şəxsi kolleksiyaçıların saxladıqları eksponatlar arasında
Azərbaycanla, onun qədim tarixi ilə, miniatür və boyakarlıq
sənəti ilə bağlı nəyinsə olmaması mümkün deyildir.
Azərbaycan.-2006.-29 noyabr.-S.7.