Mehdixanlı T.
Vidadi Yaqub oğlu
Nərimanbəyov 80 il
əvvəl Fransanın Kann şəhərində dünyaya göz açmışdı.
İlk addımlarını da qürbət ölkədə atmışdı. Valideynləri qəriblikdə
çox qala bilməyib doğma vətənə qayıtdılar.
İkinci dünya müharibəsi bu ailənin də həyatına təsir etdi. Qorxu, səksəkə
yeniyetmə Vidadinin dincliyini, rahatlığını aldı. Dövrün amansızlıqlarına
qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində
təsvir etdi. İllər ötüb keçdi. Müharibə əzabları tədricən unuduldu. Vidadi də yaradıcılıq həvəsi ilə düşündü, axtarışlar apardı, eskizlər etdi. Ə.Əzimzadə
adına Rəssamlıq Texnikumunu bitirib V.Muxin adına Leninqrad
Ali Rəssamlıq-Sənaye Məktəbində,
sonra isə Tbilisi Rəssamlıq Akademiyasında təhsil aldı. Tələbə ikən "Düşmənin sevinci..." tablosu ilə şöhrət qazandı. Gənc rəssam həmin əsərdə qəribə
mənzərə təsvir
etmişdi.
Açıq səmanın, Günəşin fonunda qara bulud layları
təsvir olunub. Tablonun önündə iki insan obrazı
görünür. Onlardan biri yağış, digəri
quraqlıq arzulayır. Bu mənzərə o qədər inandırıcı, bədii, gələcəyə inam,
ümid həvəsi ilə işlənib ki, seyrçilər əsərə yaradıcı əməyin məhsulu kimi yox, həyat
həqiqətinin rəmzi
tək baxır, müəllifin fikrini asanlıqla dərk edirlər.
Vidadi Nərimanbəyov
1963-cü ildə "Yolda"
monumental, irihəcmli tablosu ilə şöhrət qazandı. Əsərin süjeti, kompozisiya quruluşu sadədir, lakin diqqətlə baxanda dərin məntiqi insanı düşünməyə vadar edir. Müəllif
az ştrixlə mövzunu açmağa nail olub. Əsər
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin
daimi eksponatıdır.
Sənətşünaslıq doktoru,
professor Mürsəl Nəcəfov görkəmli fırça ustasının yaradıcılığına həsr etdiyi məqalədə vurğulayıb: "Vidadi olduqca səmimi insan, mehriban, qayğıkeş dostdur. Onun sevilməsinin, tanınmasının iki əsas cəhəti var: həddindən artıq zəhmətkeş və işinə məsuliyyətlidir. Bir dəfə də olsun molbert önündə
könülsüz dayanmayıb, əlinə fırça almayıb. Axtarıb, arayıb, hələ işıq üzü görməyən
əsərini xəyalında
canlandırıb. Bəyənibsə,
onu kətan üzərində əbədiləşdirib.
Rəssamın bütün əsərlərinin mövzusu
halal əmək, vətənsevərlik, sadəlik
və səmimiyyətdir.
Doğrudur, Vidadi Nərimanbəyov təbiəti
sevir, ilin fəsillərinə həsr
etdiyi mənzərələri
var. Lakin insan qüruru, gələcəyə
inam onun əsərlərinin əsas
qayəsini təşkil edir".
1977-ci ilin payızında V.Səmədova adına sərgi salonunda Vidadinin fərdi sərgisi açılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev sərgiyə baxmağa gəlmişdi. Ümummilli liderimiz sözə, sənətə, sənətkara
yüksək qiymət verirdi. Ulu öndər
sərginin 50-dən artıq eksponatının hər birinin önündə dayanıb maraqla baxdı. Ayrılanda rəssamın əlini sıxıb onu təbrik etdi: "Sən əsl xalq rəssamısan.
Yaradıcılığın xoşuma gəldi. Haqqında çox eşitmişdim. İndi uğurlarının şahidi oldum". Səhəri gün qəzetlərdə Vidadi Nərimanbəyovun xalq rəssamı fəxri adına layiq görülməsi
barədə məlumat
dərc olundu.
V.Nərimanbəyovun əsərlərinin
əsas qəhrəmanı
insandır. Tablolarda onların müxtəlif anları, ovqatları əbədiləşib. Çöhrələrindən
gah sevinc, fərəh, gah da məyusluq, kədər duyulur. "Xatirələr" əsərində
tamaşaçıda gərginlik, həyəcan oyadan elementlər yetərincədir...
Ömür-gün yoldaşını cəbhəyə yola salan qadın intizardan
incəlib. Küskün, incik günlər yaşayır. Tez-tez atasının nə vaxt qayıdacağını soruşan balasına nə cavab versin,
bilmir. Ananın gözləri, baxışları həyat yoldaşının getdiyi yollara zillənib. Rəssam bu nisgili olduqca
inandırıcı, bədii, yaddaqalan nüanslarla işləyib, müharibələrə
nifrət oyada bilib. Əsər yarandığı gündən dünyanın 107 ölkəsinin sərgi salonlarında uğurla nümayiş etdirilib.
Vidadi Nərimanbəyovun
yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada,
bütövlükdə dünyanın 20
xarici ölkəsində fərdi sərgisi olmuşdur. Dinindən, dilindən, irqindən asılı olmayaraq, qədirbilən sənətsevərlər
fırça ustasının yaradıcılığından mənəvi
zövq almış, əsərlərinin hər
birini yüksək qiymətləndirmişdilər.
Görkəmli təsviri sənət ustası fəal çalışır, bir-birindən baxımlı mənzərələr,
obrazlar yaradırdı. 20 Yanvara həsr etdiyi "Qatillər" tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilmiş, qəddar sovet rejiminə qarşı nifrət oyatmışdı. Milli dəyərləri daim uca tutan rəssam
quduzlaşan ermənilərin
ümumiləşmiş obrazını yaratmışdı. Uğurlu yaradıcılığına, vətənsevərliyinə,
ictimai-siyasi fəaliyyətinə
görə rəssam ulu öndər Heydər Əliyevin 2001-ci
il tarixli sərəncamı ilə
"Şöhrət" ordeninə
layiq görüldü. Təəssüf ki, o, bu təltifi
ala bilmədi. Yaxın günlərdə unudulmaz fırça ustasının 80 illiyi qeyd edildi. Dost-tanışları qürur hissi ilə deyirdilər: "Bu dünyada Vidadi də olub..."
Azərbaycan.-2006.-22noyabr.-S.7.