"Ozan" Çelyabinskdə Azərbaycanı təbliğ edir
Rusiya Federasiyasında yaşayan soydaşlarımızın müxtəlif təşkilatları, o cümlədən mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onlardan biri də Çelyabinsk vilayətindəki "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzidir. "Ozan"ı fərqləndirən başlıca cəhətlərdən biri də onun vilayətdə yeganə belə mərkəz olmasıdır.
2000-ci ildə rəsmi qeydiyyatdan keçən Azərbaycan
Mədəniyyət Mərkəzinə hüquq elmləri namizədi, Rusiya Ensiklopediya Akademiyasının müxbir üzvü Rəfael Quliyev rəhbərlik edir. Onun təşəbbüsü ilə çap olunmuş və Azərbaycan-Rusiya əlaqələrindən bəhs edən "Dostluğun
İpək yolu" kitabı da rəğbətlə qarşılanmışdır.
Vilayətin və şəhərin hakimiyyət
strukturları ilə səmərəli əməkdaşlığın qurulmasında, Azərbaycan diasporunun fəaliyyəti, respublikamız,
xalqımız haqqında doğru-düzgün məlumatların yayılmasında Mərkəzin nəşr etdiyi "Ozan"
qəzeti də mühüm rol oynayır.
2002-ci ildən ayda bir dəfə nəfis şəkildə və gözəl tərtibatda
çıxan qəzet Çelyabinsk vilayətində kifayət qədər tanınan mətbu orqanlardan birinə çevrilmişdir. Bu ilin sentyabrında vilayətin kütləvi informasiya vasitələrinin VIII festivalında - "Ən yaxşı korporativ qəzet" nominasiyasında "Ozan" birinci dərəcəli diploma layiq görülmüşdür.