Turanə
Səttar
Bəhlulzadə adına sərgi salonunda satış-sərgi açılıb
Dünən
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Səttar Bəhlulzadə adına sərgi Salonunda
rəssamlarımızın əsərlərindən ibarət
satış-sərgi açıldı.
Açılışda çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev dedi ki, son illərdə ilk dəfədir ki belə bir addım atılır. "Salona yeni bir sistem üzərində nizamlanan və "emalatxanadan sərgi salonuna" devizi adı altında reallaşan satış-sərgi və yaxud Nazirliyin ekspert komissiyasının alacağı əsərlər toplanıb. Satış məqsədilə düzənlənən sərgidə 196-a yaxın müəllifin 352 işi nümayiş olunur. Əsərlər estetik nöqteyi-nəzərdən, quruluş, düzüm baxımından, eləcə də yer azlığından kimlərisə qane etməsə də, mahiyyət etibarilə sərgi istedadlı rəssamlarımıza bir ərməğan və töhfədir. Yeni nazirlik yaranan gündən rəssamların problemlərinin aradan qaldırılması istiqamətində bir sıra layihələrə qol qoyub. Həm ictimaiyyət, həm də təyin olunan ekspertin rəyinə əsasən rəssamlarımızın seçilən əsərlərinin nazirliyimiz, eləcə də fərdi şəxslər tərəfindən alınmasını qarşımıza məqsəd qoymuşduq. Sentyabrda dövlət ekspert kollegiyasının ilk iclası keçirilərkən, üzvlərin yetkin rəyinə əsasən ildə iki dəfə "payız, qış, yaz, yay" adları altında ilkin seçki olmadan noyabr və aprel aylarında rəssamlarımızın əsərlərindən ibarət sərgilər təşkil olunsun. Sərgilərdə əsərləri nümayiş olunan rəssamların bir çoxu ilə nazirlik tərəfindən müqavilələr bağlanacaq. Hər sərgidən alacağımız 50-ə yaxın işin ayrıca kataloqunu nəşr edəcəyik. Budəfəki sərgidə isə son vaxtların işləri ilə bərabər, uzun illər bundan öncə yaranan əsərlər də yer alıb. Güman edirəm ki, yaz sərgisini daha da böyük bir rəssam heyətilə hazırlayacağıq".
Müxtəlif fərdi sərgilərdə nümayiş olunan əsərlərin də yer aldığı satış sərgisi dörd gün davam edəcək.
Yeni Azərbaycan.- 2006.- 17 noyabr.- S. 8.