Mehdixanlı T.
Ədəbiyyat, mədəniyyət,
incəsənət sahələri
üzrə yaranan uğurlu nümunələri, peşə sahiblərini dəyərincə qiymətləndirən
Prezident cənab İlham Əliyev bu günlərdə Azərbaycan xalq tətbiqi sənətinin təbliği işinə sanballı töhfələr vermiş Lətif Kərimovun 100 illik yubileyinin qeyd edilməsi barədə sərəncam imzalayıb. Bu diqqət görkəmli
xalça ustasını tanıyanlarda qürur hissi, yaddaşlarda xoş xatirələr oyadıb.
Lətif
Kərimov milli xalı, naxış, ilmə
sənətini uğurla yaşadanlardan biri idi. Respublikamızın ayrı-ayrı bölgələrində
xalçaçılıq sənətinə
böyük maraq, həvəs olub. Qarabağ, Quba, Şirvan ərazilərində
toxunan xalıların min illərlə yaşı var. Qədimdən ilk və
son ilmələr vurulan
zaman yerli camaat toy-bayramda olduğu kimi, şənlik
edib. Analar gölü, yeləni,
butaları, naxışları zövq oxşayan xalçaları
seçər, ən qiymətli sərvət kimi bükər, qızlarına paklıq, sədaqət simvolu kimi yadigar verərdilər.
Lətif Kərimov deyərdi: "Xalça üzərində tozlu, çirkli ayaqqabılarla gəzənlər, elə
bilin, sinəmi tapdalayırlar. Xeyli əvvəllər Ərdəbil şəhərində
bir nəfərlə əlbəyaxa oldum. Dedim ki, insanın
əməyini yerə
salmazlar. Xalça da baş üstündən asılmalıdır".
Lətif
Kərimov gərgin işindən mənəvi dinclik tapdığı, zövq aldığı kimi,
həm də sənət nümunələrinin
qədrini bilməyi tövsiyə edirdi.
L.Kərimov ötən əsrin
əvvəllərində Şuşada
dünyaya göz açmışdır.
Ölkəmizdə xalça üzərində portret yaratmağın banisi kimi tanınan Lətif
Kərimovun rəhbərliyi,
bilavasitə iştirakı ilə toxunulan "M.Qorki", "S.Vurğun",
"A.Puşkin", "Ş.Rustaveli",
"Əcəmi Naxçıvani"
xalçaları dünyanın müxtəlif muzeylərində,
sərgi salonlarında
nadir sənət nümunələri
kimi qorunur, onları araya-ərsəyə
gətirən müəllif
isə hörmətlə
xatırlanır.
Azərbaycanda peşəkar xalçaçılıq
sənətinin inkişafı
Lətif Kərimovun adı ilə bağlıdır.
Ötən əsrin 50-ci illərində
Bakı şəhərində
"Azərxalça" İstehsalat
Birliyinin yaradılmasına məhz o, təşəbbüs göstərmişdi. "İran xalçaları", "Qafqaz xalçaları", "Fars xalçaları" elmi-publisist, tədqiqat xarakterli kitablarını sənətşünaslar qiymətli
vəsait kimi qarşılamışdılar. Lətif Kərimovun
"Rəssamlar evi"
adı ilə tanınan binadakı emalatxanası muzeyə bənzəyirdi. Sözünün
əvvəli də, axırı da Şuşa olardı. Dünyaya göz açdığı,
nüfuz qazandığı doğma yurd yeri
bir an belə
yadından çıxmırdı: "Şuşada Xalça Muzeyinə
getdim. Zəngin məbəddir. Toxuculuq nümunələrinə, eksponatlara
baxdım. Doğmalarımın, Nəvvabın məzarlarını
ziyarət etdim. Yoldaş Heydər Əliyevin Vaqifin xatirəsinə ucaltdığı abidəni görəndə özümü saxlaya bilmədim, yamanca kövrəldim. Söz-sənət qədri bilən
rəhbərimizə uzun
ömür arzuladım. Cıdır düzündə səmada qəribə mənzərə
gördüm. Sanki göy üzündə al-əlvan xalça asılmışdı. Bədirlənmiş ay da elə
bil o xalının gölü, butası idi.
İsa bulağının suyundan doyunca içdim. Vallah, heç qayıtmaq
istəmirdim..."
Lətif Kərimov Şuşanın işğala məruz qalmasını, od tutub
yanmasını, xarabalığa çevrilməsini görmədi. Yoxsa bu dərdləri
də özü ilə haqq dünyasına
aparardı...
Ustad sənətkar, toxuduğu xalçalarla xalqımızı dünyada tanıdan Lətif Kərimov aramızda yoxdur. Əbədi ayrılıqdan sənətsevərlərin
təskinliyi isə ondan qalan yadigarlar,
xoş xatirələr, bir də gərgin
əməyinin layiqincə
qiymətləndirilməsidir. SSRİ Dövlət mükafatına, respublikanın xalq rəssamı fəxri adına layiq
görülmüşdü. Neçə-neçə orden və medalla təltif olunmuşdu. İlmələrə, naxışlara danışdıqları
isə ona əbədiyaşarlıq bəxş
edib.
Azərbaycan.-2006.-15 noyabr.-S.8.