Mükərrəmoğlu M.
YUNESKO Lətif Kərimovun 100 illiyini qeyd edəcək
Röya Tağıyevanın
“Lətif Kərimov fenomeni” kitabının da həmin tədbirdə təqdimat
mərasimi keçiriləcək
Əvvəlcə bu kitabın müəllifi haqqında. Röya Tağıyeva sənətşünaslıq
elmləri doktorudur. Uzun illərdir ki, Lətif Kərimov adına
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinə rəhbərlik edir. Azərbaycan xalçası və
dekorativ tətbiqi sənətlə bağlı beş kitabın müəllifidir.
Röya xanım bu yaxınlarda muzey işinin inkişafındakı xidmətlərinə
görə İKOM-un “Şərəf nişanı” ordeninə, Rusiya Federasiyasının
Mədəniyyət və Kommunikasiya Nazirliyinin fəxri fərmanına
layiq görülmüşdür.
Onun sayca 6-cı olan yeni kitabı milli xalça sənətimizin inkişafında
misilsiz xidməti olan, akademik Lətif Kərimovun həyat və
yaradıcılıq yoluna həsr olunmuşdur. “Lətif Kərimov fenomeni” bu
böyük xalça ustasının 100 illik yubileyinə həsr edilmişdir. Bu kitab
möhtərəm Prezidentimiz İlham Əliyevin bu ilin oktyabr ayında Lətif
Kərimovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında sərəncamı
əsasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
çap olunmuşdur.
Bütün mənalı ömrünü, yaradıcı istedadını milli xalçaçılıq sənətinə
həsr etmiş bu fenomen şəxsiyyət nəinki ölkəmizdə,
beynəlxalq aləmdə tanınmış xalça ustasıdır. Lətif Kərimov
1906-cı ildə Şuşada dünyaya göz açmış və elə uşaqlığından bu sənətə
böyük maraq göstərmişdir. Röya xanım yazır: “Lətif altı yaşında
olanda ailəsi İranın Məşhəd şəhərinə köçdü. Onlar
burada Şuşadan köçənlərin məhəlləsində
yaşayırdılar. Məşhəd məktəbində Lətif Kərimov
o təhsili aldı ki, onsuz gələcək yaradıcılığını təsəvvür
etmək çətin olardı. Bu, klassik şərq təhsili olan
kalliqrafiya idi”.
Lətif Kərimovun həyatının Məşhəd
dövrünü yaradıcılığının formalaşdığı dövr kimi qiymətləndirən müəllif
onun Azərbaycan muğamlarını, klassik ədəbiyyatını dərindən
öyrənməsini gələcək yaradıcılığı üçün mühüm əhəmiyyət
daşıdığını xüsusi olaraq qeyd edir. Röya xanım yazır ki, Lətif
Kərimov Azərbaycana qayıdana qədər artıq xalçaçılıq sahəsində
böyük şöhrət qazanmışdı. 1929-cu ildə Azərbaycana qayıdan Lətif
Kərimov bir il sonra “Azərxalça” Birliyində əvvəl
Şuşada, sonra Tbilisidə və Bakıda tərtibatçı rəssam
işləyir. O, bütün istedad və bacarığını Azərbaycan xalçasının təkmilləşməsinə
sərf edirdi.
Kitabda Röya xanım onun sənət dünyasının çox maraqlı məqamlarını
oxucuya çatdırır. Müəllif haqlı olaraq Lətif Kərimovu Azərbaycan
xalçaçılıq elminin banisi sayır və öz elmi araşdırmaları ilə bunu təsdiq
edir.
Kitabda deyilir: “İndi dünyada heç kim nə qeyri-ciddi tədqiqatçı,
nə bir diletant onun Azərbaycan xalçasına verdiyi yeddi xalça məktəbinə
— Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ və Təbriz məktəblərinə
zərrə qədər şübhə ilə yanaşa bilməz”.
Müəllif qeyd edir ki, Lətif Kərimov hədsiz sayda unudulan,
itirilmiş milli ornamentləri, Azərbaycan xalça kompozisiyalarını bərpa
etdi.
Müxtəlif beynəlxalq və yerli sərgilərdə bu müqtədir
sənətkarın əsərləri əsasında işlənmiş
xalçalar həmişə tamaşaçıların böyük diqqətinə səbəb
olmuşdur. Müəllif bu sərgilərdən bir neçəsi barədə
məlumat verir. Eyni zamanda Lətif Kərimovun xalçaçılıq elminin
inkişafında rolunu da geniş təhlil edir, onun bu sahədə çap
etdirdiyi kitabların əhəmiyyətindən danışır. Röya xanım
yazır: “Onun fenomenini bu gün də sona qədər açmaq,
aydınlaşdırmaq mümkün deyil, gələcək nəsillər onun
yaradıcılığına dönə-dönə müraciət edəcəklər”.
Röya Tağıyevanın bu kitabında böyük sənətşünas alim, xalçaçılıq sənətinin
korifeyi olan bu insan haqqında çox həqiqətlərdən danışır. O, hətt bu böyük ustadın yaradıcılıq prinsiplərinə
toxunaraq qeyd edir ki, “bu prinsip varlığın Allahın, Böyük Azərbaycan
xalça sənətinin digər bədii müəmmaların səsini
dinləməkdir.”
Müəllif son olaraq yazır ki, Lətif Kərimov bu gün, sabah və həmişə Azərbaycan dili, Azərbaycan
muğamı, Azərbaycan poeziyası və Azərbaycan xalçası kimi qəlbimizdə
yaşayacaqdır.
Çox maraqlıdır ki, Röya xanım Lətif müəllimin həyat yolunu əks
etdirən çox nadir fotoları tapıb kitaba yerləşdirə bilmişdir.
Onu dostlarının, yoldaşlarının, sənət adamlarının və
qohumlarının arasında əks etdirən bu fotolar əslində
tarixdir, bizim tarixin çox qiymətli anlarıdır.
İllüstrasiya kimi burada əks olunan xalçalar isə özgə bir aləmidir.
“Əlşan”, “Ləçək-turunc”, “Saxsıda güllər”, “Pambıq”, “Sütunlu
ləçək”, “Nəsimi”, “Vaqif”, “Səfiəddin Urməvi”,
“Mehrabi-Əcəmi”, “Nəvə-nəticəli buta” və
“Nizami” adlı eskizlər və onlar əsasında hazırlanmış xalçaların
rəngli fotoşəkilləri oxucuda xüsusi maraq doğuracaq.
Həmçinin kitabın sonunda akademik Bəkir Nəbiyev,
sənətşünaslıq namizədləri Lalə Kazımova və Sürəyya
Ağayeva, xalçaçı rəssamlar Eldar Mikayılzadə və Cavanşir Əliyevin
Lətif Kərimov haqqında fikirləri onun şəxsiyyətini və
sənətinin elmi mahiyyətini dərk etmək
baxımından çox maraqlıdır.
Və nəhayət, yanvarın 22-də YUNESKO-nun Fransadakı qərargahında
bu böyük sənətkarın 100 illiyi ilə bağlı keçiriləcək tədbirdə
bu kitabın təqdimatı olduqca əhəmiyyətlidir. Bu tədbirlərdən sonra Azərbaycan xalçasına həsr
olunmuş IV beynəlxalq simpozium milli xalçaçılıq sənətimizi
dünya miqyasında tanıtmaq, “Azərbaycan xalçası” məfhumunu təsdiqləmək
baxımından olduqca böyük əhəmiyyət daşıyacaq. Bütün bu
nailiyyətlərimizdə Lətif Kərimov irsinin çox önəmli
rolu vardır.
Xalq qəzeti.-2006.-29noyabr.-S.5.