Rəssamın 100 illiyinə
həsr olunmuş sərgi açılmışdır
Azərbaycan xalçası
və xalq tətbiqi sənəti Dövlət muzeyində xalq rəssamı, dövlət mükafatı laureatı Lətif Kərimovun anadan olmasının 100 illiyinə həsr olunmuş xalça sərgisinin açılış mərasimi olmuşdur.
Görkəmli sənətkar
Lətif Kərimovun adını daşıyan muzeyin
direktoru Röya Tağıyeva çıxış edərək Azərbaycanda
xalçaçılıq sənətinin
tarixindən danışmış və demişdir ki, ölkəmizdə bu sənətin çiçəklənmə dövrü
XV-XVI əsrlərə təsadüf
edir. Sonralar bu sənəti inkişaf etdirən görkəmli sənətkarlar
olmuşdur. Onlardan biri də Lətif
Kərimov idi.
Natiq vurğulamışdır ki, məhz L.Kərimov
ilk dəfə Azərbaycan
xalçalarını tam şəkildə
tədqiq etmiş, onları növlərə, qruplara, məktəblərə
ayırmışdır. Onun müəllifi olduğu üçcildlik “Azərbaycan xalçası” kitabı zəngin bədii irsimizin öyrənilməsi işinə qiymətli hədiyyədir. Dünyada ilk
xalça muzeyinin Bakıda açılmasında da Lətif müəllimin
böyük zəhməti olmuşdur.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev diqqətə çatdırmışdır ki, bir qədər
bundan əvvəl Fəxri Xiyabanda qəbirüstü abidəsinin açılması, indiki mərasim, bir həftə davam edəcək digər tədbirlər Azərbaycan
Prezidenti İlham Əliyevin Lətif Kətimovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncam çərçivəsində həyata
keçirilir. Nazir məlumat vermişdir ki, gələn ilin yazında YUNESKO-nun xətti ilə Parisdə L.Kərimovun əsərlərindən ibarət
sərgi açılacaqdır.
Qeyd olunmuşdur ki, L.Kərimov bütün mənalı ömrünü Azərbaycan xalçasının təbliği işinə sərf etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, AMEA-nın Nizami adına
Ədəbiyyat İnstitutunun
direktoru, akademik Bəkir Nəbiyev və başqaları tədbirdə çıxış edərək Lətif Kərimovun həyat və yaradıcılığından danışmışlar.
Sərgi iştirakçıları Azərbaycanın qədim xalq çalğı alətləri
ansamblının ifa etdiyi həzin musiqi nömrələrinin sədaları altında Lətif Kərimovun əsərlərinə tamaşa
etmişlər.
Tədbirdə yubilyarın
həyat və yaradıcılığına həsr olunmuş “Ömrün naxışları” sənədli filmi göstərilmişdir.
Xalq qəzeti.-2006.-15 noyabr.-S.6.