Rəsulova T.

 

Gözəl xalça canlı salnamədir

 

Azərbaycanın tarix və mədəniyyət abidələri dünya mədəni irsinin ayrılmaz bir hissəsidir, dünya sivilizasiyasının inkişafına Azərbaycan xalqının çox böyük töhfəsinin sübutudur. Bu misilsiz abidələr içərisində xalq istedadının, əməksevərliyinin və yaradıcılıq dühasının maddi inikası olan xalçalar xüsusi yer tutur. Azərbaycan xalçaları Şərq mədəniyyətinin, dünya mədəniyyətinin nadir nümunələridir. Bədii və ölməz sənət olan xalçaçılıq elə bir sənətdir ki, keçmiş zamanlarda olduğu kimi bu gün də yaşayır və inkişaf edir. Şərq xalçaları dünya mədəniyyəti sahəsində özünəməxsus yer tutur. Azərbaycan ustaları bu sənətə böyük töhfə vermiş və verirlər. Bu böyük töhfə sahiblərindən biri də Azərbaycanın xalq rəssamı Lətif Kərimovdur. Belə ki, Lətif Kərimovun əsərlərində ustalarımızın toxuduqları xalçaların nadir kompozisiyaları və naxışları nəsildən nəsilə ötürülmüş, onların gözəl ənənələri qorunub saxlanılmışdır. Xalçaçılıq sovet dövründə xüsusilə böyük addımlar atmışdır. Həmin dövrdə Lətif Kərimovun müstəsna xidmətləri olmuşdur. Bizi əhatə edən aləmin bütün əlvanlığını özündə birləşdirən, xalqın bədii dühasını, onun yüksək estetik ideallarını təcəssüm etdirən Azərbaycan xalçalarının sorağı ta uzaq əsrlərdən bizim bu günümüzə qədəm qoyur. Məhz sovet dövründə xalçaçılığın bütöv bir elm kimi inkişafında xalq rəssamının özünəməxsus rolu danılmazdır. Çünki gözəl xalçalar nəinki tarix və mədəniyyət abidələridir, həm də xalq həyatının canlı salnaməsidir, zəmanəmizi rəngarəngliyi ilə, ahəngdar bir şəkildə əks etdirən sənət nümunəsidir.

Məhz bu baxımdan Lətif Kərimovun istər yaradıcılıq, istərsə də elmi-tədqiqat sahəsində böyük uğurları olmuşdur. 1973-cü ildə dahi şair Nəsiminin 600 illik yubileyinə həsr etdiyi, sonra isə böyük Füzulinin məqbərəsinə ithaf etdiyi xalçaları indi dünyanın ən nadir əsərləri kimi qiymətləndirilir.

Tək Lətif Kərimovun 10 ildən artıq üzərində işlədiyi "Azərbaycan xalçası" adlı əsərin II cildinin mətni 700 səhifədən ibarətdir. Həmin bu əsərdə 180 rəngli tablo və 300-dən artıq müxtəlif çeşidli xalça şəkilləri verilmişdir. Əsərdə Azərbaycan xalça sənətinin tarixindən, etnoqrafik, texnoloji və bədii xüsusiyyətlərindən bəhs edilir.

Elə ona görə də dahi rəssam belə hesab edirdi ki, sənəti ürəkdən sevən hər bir sənətkar nə qədər çalışsa və nə qədər yaratsa, xalqı qarşısında özünü yenə borclu hesab edəcəkdir.

1974-cü il rəssamın yaradıcılığında olduqca məhsuldar il oldu. Məlum olduğu kimi 1539-cu ildə Təbriz sənətkarları Ərdəbil şəhərində yerləşən Səfəvilər məscidi üçün mürəkkəb kompozisiyalı "Şeyx Səfi" adli bir xalı toxumuşlar. Ölçüsü 56 metrdən ibarət olan bu xalı 1891-ci ildə Londonun Viktoriya və Albert muzeylərinə verilmişdir. Ornamental xalça sənətimizin şah əsəri hesab edilən bu xalı yaşadığımız dövrə qədər dünya sənətşünaslarının dillərinin əzbəri olmuşdur.

Klassik sxemi saxlamaq şərti ilə yeni naxış və kaloriti müasir dövrümüzə xas olan "Şeyx Səfı" xalısinin məhz rəssam Lətif Kərimovun yaradıcılıq planına daxil edilməsi də rəssamın ən məhsuldar yaradıcı şəxsiyyət olmasından xəbər verir.

Bəli, qədim dövrlərdə Asiyanın ucsuz-bucaqsız düzlərində yaranmış xalçaçılıq rəssamın əsərlərində əsl sənət zirvəsinə yüksəlmişdir və onun dekorativ-tətbiqi sənətə əsaslanan xalça əsərləri müxtəlif xalqların mədəniyyətlərinin yaxmlaşmasına kömək etmişdir. Lətif Kərimov o rəssamlardandır ki, öz böyük ustalığı ilə hamıdan seçilib, öz əsərlərində xalçaçılıq kimi gözəl bir sənə-ti qoruyub saxlayıb.

Rəssam vaxtı ilə Şərq xalçaları sənətinə dair YUNESKO-nun Bakıda keçirilən beynəlxalq simpoziumunda demişdir: "Zəmanəmizə qədər gəlib çıxmış Azərbaycan xalçalarının ən qədim nümunələri XIII-XIV əsrlərə aiddir, lakin arxeoloji materiallar, yazılı mənbələr bu sənətin daha qədim dövrlərdə yüksək inkişaf səviyyəsində olduğunu sübut edir. XV əsrdən başlayaraq Azərbaycan xalçaları böyük şöhrət -ümumdünya şöhrəti qazanır. Bu xalçalar Avropada geniş yayılır, məşhur Avropa rəssamlarının tablolarında əks olunur. Öz keyfiyyətinə və toxunma texnikasına görə qiymətli sayılan, Təbrizdə və Qazaxda, Gəncədə və Qarabağda, Muganda və Abşeronda toxunmuş bədii xalçalar indi Sovet İttifaqının, Avropanın və Amerikanın çox iri muzeylərinin yaraşığıdır.

Qədim xalça sənəti XX əsrdə yeni yüksək zirvəyə qalxmışdır. Xalçaçılıq əsərləri qorunaraq yaşayır və inkişaf edir, yeni boyalarla zənginləşir. İndiki ustalar elə gözəl xalçalar toxuyurlar ki, bunlar həm kompozisiyasına, həm də naxışlarına görə klassik xalq ənənəsini davam etdirir."

Bu gün də Azərbaycanın hər bir xalçaçılıq zonası haqlı olaraq özünün orijinal, bənzərsiz xalçaları ilə fəxr edir. Unutmaq olmaz ki, bu bənzərsiz orijinallıqda Azərbaycanın xalq rəssamı, SSRİ Dövlət Mükafatı laureatı Lətif Kərimovun əsərlərinin özünəməxsus və müstəsna rolu vardır.

 

Yaddaş.- 2006.- 4 noyabr.- S. 5.