TURKSOY-un rəhbəri
kim olacaq
Əbülfəs Qarayev: "Hələlik
ümumi danışıqlar gedir"
Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-a rəhbərlik
edə bilər. Nazir açıqlamasında TÜRKSOY rəhbəri postuna
namizədliyi ilə bağlı danışıqlar getdiyini təsdiqləyib.
"TÜRKSOY
rəhbəri postuna namizədliyimlə bağlı hələlik
ümumi danışıqlar gedir. Hesab edirəm ki, heç bir şeyə baxmayaraq, Azərbaycan
bu qurumda öz mövqeyini itirməməlidir".
Qeyd edək ki, TÜRKSOY-a
rəhbərlik edən Azərbaycanın sabiq mədəniyyət
naziri Polad Bülbüloğlu Rusiyaya səfir göndərildikdən sonra
quruma yeni rəhbər seçilməsi məsələsi aktuallaşıb.Quruma
üzv dövlətlər TÜRKSOY sədri postuna namizəd
məsələsində hələ də razılığa gələ
bilməyiblər. İlk öncə bu posta türkçü-yazar, Əhməd
Yəsəvi Vəqfinin prezidenti, Türkiyənin sabiq
mədəniyyət naziri Namiq Kamal Zeybəkin namizədliyi
müzakirə olunsa da, adı çəkilən şəxs rus dilini
bilmədiyinə görə, onun TÜRKSOY-a rəhbərlik etməsi
məqbul sayılmayıb. Digər namizəd, görkəmli yazıçı Çingiz
Aytmatovun namizədliyindən isə bu şəxsin
səhhətində ciddi problemlər olması səbəbilə
vaz keçilib. Hazırda iştirakçı dövlətlər Azərbaycan, Qazaxıstan,
Özbəkistan və Türkmənistandan olan namizədlərin
razılaşdırılmasını davam etdirilər. Bu posta ən real namizədlərdən
biri Azərbaycanın mədəniyyət naziri Əbülfəs
Qarayev sayılır. Lakin onun TÜRKSOY-a rəhbərlik etməsi
məsələsi bütün iştirakçı dövlətlər
tərəfindən razılaşdırılmalıdır.
Səs.- 2006.- 23 noyabr.- S.12.