Babayeva T.

 

Ekrandan gələn barıt qoxusu

 

 Aktuallığa iddia edən, amma həyatı reallıqdan uzaq olan kino pis kino sayılır. Qəribə və təzadlı da olsa, XXI əsrdə reallığın diktə etdiyi əsas mövzu müharibədir. Son dövrlər müharibədən bəhs edən bir çox sənədli və bədii filmlərin əsasında humanistlik durur. Çünki müəlliflər istər-istəməz müharibənin absurd və xaosunu yumşaltmalı olurlar. Bu gün müharibə mövzusunda çəkilən filmlərdən danışanda göz önünə öncə Hollivud və Rusiya kinosu gəlir. Avropa kinosunda isə bu mövzu ikinci dünya müharibəsi ilə tamamlanıb...

Müharibə şou elementi

Hollivudda belə bir tendensiya mövcuddur ki, müharibə mövzusuna həsr olunmuş filmlər öz xərcini ödəmədiyi üçün kommersiya baxımından sərfəli deyil. Ona görə də Hollivudun tarixində II dünya müharibəsindən bəhs edən filmlərin sayı barmaqla sayılacaq qədərdir. Bəlkə də bu tendensiyanın yaranmasına II dünya müharibəsinin ilk dövrlərində ABŞ-ın tutduğu mövqe səbəb olub. Tarixdən məlumdur ki, əgər Perl Harbor olmasaydı, ABŞ müharibəyə Hitlerin mütiəfiqi qismində qoşulacaqdı. Amma Perl Harborun məhvindən sonra hətta Hitlerin ən qatı tərəfdarları belə səslərini kəsmək məcburiyyətində qaldılar. Amerika kimi qüdrətli bir dövlət belə təhqiri bağışlaya bilməzdi. Amerika incəsənətində bu mövzuya ilk dəfə Ceyms Cons toxundu.

"Buradan əbədiyyətə qədər" romanında yazıçı hava hücumuna qədərki son bir neçə ay ərzində Perl Harborda hökm sürən atmosferi tam açıq təsvir eləmişdi. Təbii ki, Hollivud belə cəsarətli əsəri ekranlaşdıra bilməzdi. Xüsusilə də tarixə "İfritə ovu" adı ilə düşmüş Makkarti repressiyaları dövründə. Təkcə alman rejissoru, mühacir Fred Sinneman buna cəsarət etdi. Amma "Golumbia Pictures" studiyasının təzyiqləri altında rejissor romandakı məhəbbət əhvalatını filmin əsas süjet xəttinə çevirməli oldu. Məhəbbət mövzusu Consun əsərindəki sərtliyi azaltdı. Bununla belə, "Buradan əbədiyyətə qədər" filmi dünya kinosunda müharibə əleyhinə çəkilmiş ən yaxşı filmlərdən hesab olunur.

1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Hollivud

yenidən "öz müharibələrinə" qayıtdı. Ancaq bu dəfə tamamilə başqa mövqedən. İstər II dünya müharibəsindən bəhs edən "Sıravi Rayanı xilas edərkən", "Perl Harbor", "Düşmən qapı arxasında", istərsə də Amerika ordusunun Vyetnam, İraq, Somali və Serbiyada apardığı hərbi

əməliyyatları təsvir edən "Biz əsgər olmuşuq", "Qara şahin", "Döyüş qaydaları" fılmlərində Amerikanın hərbi qüdrəti, Amerika əsgərinin qəhrəmanlığı təbliğ olunurdu. Bu filmlərin əksəriyyəti maliyyə cəhətdən uğursuz alınsa da, istehsalçılar əl saxlamırdılar. Hətta son illər həyatda da, kinoda da fasiləsiz müharibələr aparan amerikalılar müharibəyə şounun əsas elementini düşünülmüş dramaturgiyanı və ulduzları əlavə ediblər. Hər dəfə əməliyyat daha da təkmilləşir. Ucsuz-bucaqsız şou azmış kimi, Amerika əhalisi bir az da reallıq tələb edir. Odur ki, "Sıravi Rayanı xilas edərkən" fılminin də, "Perl-Harbor"un da əsasında real hadisələr dayanır. Bu filmlərdə müharibə artıq açıq şəkildə təsvir olunur. Amerikanın müharibə aparması səbəbləri açıqlanır, müharibə qanuniləşir. Filmlərin əsasında isə real faktlar dayanır. Məsələn, Uilyam Fridkinin "Döyüş qaydalan" filminin əsasında hansısa ərəb ölkəsində silahsız kütləyə atəş açmaq əmri vermiş amerikalı zabitin məhkəmə prosesində baş verənlər əks olunub. Bu film həm də müharibə üzərində qurulmuş məhkəmədir. Və müəlliflər qəhrəmanla birlikdə müharibəyə də bəraət qazandırırlar.

Siyasi korrektorlar

Hazırda Rusiya kinosunda da müharibə mövzusuna müraciət edən rejissorların sayı xeyli artıb. Aleksey Balabanov, Andrey Konçalovski, Nikolay Stambula, İqor Talpa, Sergey Snejkin çeçen müharibəsindən bəhs edən filmlər çəkiblər. Bu ölkədə müharibə haqqında belə çoxlu sayda film təkcə Böyük Vətən Müharibəsindən sonra çəkilib. Lakin həmin dövrdə mövqelər, hisslər, vurğulanmalı məqamlar məlum idi. Böyük Vətən müharibəsində konkret düşmən işğalçı vardı və ondan müdafiə olunmaq hamının haqqı və borcu idi. Hamı öz vətəndaş mövqeyini göstərməyə can atırdı. Çeçenistana münasibət isə başqa cürdür. Ordakı situasiyanı Sovet hərbi filmlərinin ruhuna oturtmaq mümkün deyil. Odur ki, rejissorlar eyni zamanda həm qiymət verməkdən çəkinməyə, həm də əks tərəfə münasibətdə siyasi korrekturaya əməl edərək, yumşaq davranmağa, onlan qıcıqlandırmamağa çalışırlar. Yəni, onlar konkret müharibədən yox, müharibənin içindən müəyyən süjetlər, mövzular çıxararaq danışmağa cəhd edirlər. Belə mövzulardan biri insan alveridir. Rejissor A.Balabanov "Müharibə", İ.Talpa isə "12-ci payız" filmində bu mövzuya müraciət edib. Adıçəkilən rejissorların hərəsi bir neçə real faktın əsasında öz dramlarını yaradıblar və hər ikisi də filmlərində vurğulayırlar ki, müharibədən deyil, insanlardan bəhs edən film çəkiblər...

Çeçen mövzusunu aktual edən başqa bir cəhət hərbi əməliyyatlardan populyar seriallar üçün maraqlı fon kimi istifadə olunmasıdır. Rusiyanın ORT kanalı ilə yayımlanan bir neçə serialda buna üstünlük verilib.

A.Konçalovski isə tamam başqa yolla gedib. Rejissor müharibə mövzusuna yanaşmasını tamaşaçılara dəlixananın timsalında təqdim edib. Onun "Dəlilər evi" filmində hadisələr çeçen-inquş sərhədində yerləşən psixo-nevroloji xəstəxanda baş verir. 1995-ci ildə həkimlər xəstələri baxımsız qoyaraq xəstəxananı tərk ediblər. Konçalovskinin filmində hərbi əməliyyatlar və sənədli zorakılıq yox, metaforalar üstünlük təşkil edir. Dəlixana həm müharibənin, həm də dünyanın modelidir.

Yol ayrıcında qalanlar Azərbaycan kinosu da müharibə mövzusuna dəfələrlə müraciət edib və məlum səbəblərdən hələ də müraciət etmək məcburiyyətindədir.

1993-cü ildən bu yana Qarabağ müharibəsinə həsr olunmuş bir neçə fılm çəkilib – “Fəryad” (C. Mirzəyev), "Haray" (O.Qurbanov), "Ağ atlı oğlan" (Ə. Əbluc), "Ümid" (G.Əzimzadə), "Hər şey yaxşılığa doğru" (V. Mustafayev), "Sarı gəlin" (Y.Rzayev), "Arxada qalmış gələcək" (R. Əsədov), "Girov" (E.Quliyev), “Yalan” (R. Əzizbəyli) və qısametrajlı "Lal çinar" (V.Məmmədzadə) filmi...

Sadalananlar arasında "Fəryad" və "Sarı gəlin" filmləri mövzuya yanaşma və professionallıq baxımından digərlərindən fərqlənir. "Fəryad" filminin süjeti bir qədər S.Bondarçukun "İnsanın taleyi" filmini xatırladır. Burada müharibə fondur, əsas mövzu əsir düşmüş İsmayılın mənəvi cəhətdən məhv olmamaq, ucuzlaşmamaq üçün öz-özü ilə apardığı mübarizədir. İsmayılın əsirlikdə qaldığı müddət uzandıqca onun bu müharibəni uduzmaq təhlükəsi də artır. Qəhrəmanın get-gedə son həddə yaxınlaşması, ümidsizləşməsi onun yuxuları vasitəsilə göstərilir. Şübhəsiz ki, "Fəryad" filmində qəddar düşmən obrazı və ona qarşı qoyulmuş azərbaycanlı əsirin alicənablığı da var. Amma bütün bunlar İsmayılın öz uğrunda apardığı müharibənin fonunda səthi xarakter daşıyır.

"Sarı gəlin" isə müharibə haqqında yox, onun əleyhinə çəkilmiş filmdir. Mövzuda zaman anlayışı əsas götürülməyib. Çünki torpaqlarının iyirmi faizi düşmən əlində olan, bir milyon əhalisi çadır şəhərciyində yaşayan ölkədə müharibə əleyhinə çıxış etmək bir az yersiz görünür. Humanizm yerində istifadə ediləndə yaxşıdır. Azərbaycanda atəşkəsin hökm sürdüyü 10 il ərzində müharibəyə heç bir dəxli olmayan yeni nəsil doğulub. Bu nəslin müharibəni görüb-görməməsi o qədər də əsas deyil: itirilən torpaqlar həm də onlarındır. Odur ki, bu uşaqlara müharibənin mənasızlığından danışan, onu unutduran filmlər lazım deyil. Əlbəttə, sənətkar hər şeydən əvvəl azad şəxsiyyətdir. Və öz dünyagörüşünü istədiyi kimi ortaya qoymağa haqqı var. Amma zamanı və ən əsası vətəndaşlıq məsuliyyətini unutmamaq da vacibdir.

Bu baxımdan, E.Quliyevin N.Rəsulzadənin ssenarisi əsasında çəkdiyi "Girov" filmində (2005) vəziyyət daha acınacaqlıdır. Müəlliflər mövzuya texniki və sənətkarlıq baxımından o qədər qeyri-peşəkar yanaşıblar ki, həm öz istedadlarını, həm də vətəndaşlıq mövqelərini şübhə altına qoyublar. Belə ki, "Girov" humanist filmdən daha çox, "düşmənin quyusuna su tökən" film təəssüratı bağışlayır.

 V.Mustafayevin "Hər şey yaxşılığa doğru" filmində də müharibənin sıravi insanlar üçün nə qədər mənasız olmasından danışılır. Amma burada hadisələr "Sarı gəlin" dəki, "Girov"dakı kimi yüksək pafosla deyil, qroteksin, qara yumorun köməyi ilə açılır. Rejissor müharibəni unutdurmağa çalışmır. Əksinə, qəhrəmanları reallığa qaytarır, düşdükləri humanizm eyforiyasından ayıldır.

Qarabağ müharibəsindən bəhs edən filmlərimizin bir cəhətini də xüsusilə qeyd etmək lazımdır: Demək olar ki, onların əksəriyyətində ermənilər, onların müttəfiqləri ruslar, muzdlular son dərəcə sxematik, səthi təsvir olunur. "Haray" filmində müəlliflər ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələri göstərirlər, amma bu epizodlar elə

qeyri-peşəkar çəkilib ki, sadəcə, təəssüf doğurur.

Belə bir tendensiya mövcuddur ki, müharibə haqqında maraqlı əsərlərin yaranması üçün onun üstündən müəyyən zaman keçməlidir. Çünki kənardan hər şeyə daha obyektiv baxmaq mümkündür. Təbii ki, bu, nəzəriyyədə belədir. Çünki müharibə gedən bir ölkədə belə ciddi problemi diqqətdən kənarda saxlamaq, sonraya qoymaq mümkün deyil. Üstəlik də Azərbaycanda mədəniyyətin bütün sahələri bütövlükdə dövlət tərəfindən maliyyələşdirilir. Ona görə də Qarabağ müharibəsi mövzusunda film çəkərkən bəzi incəlikləri hökmən nəzərə almaq lazımdır: hazırda atəşkəs rejimi hökm sürsə də, torpaqlarımız düşmən tapdağı altındadır və düşmənə nifrət hissi aşılamaq çox təbii və vacibdir...

 

Xəzər.- 2006.- 17 noyabr.- S. 18.