Xatun
Mədəniyyətə
sponsorluq edənlərə heç bir güzəşt nəzərdə
tutulmur
O.Mirqasımov: "Bizim iş
adamlarımız kinoya pul ayırmağa mənəvi cəhətdən
hələ hazır deyillər"
Mən 2002-ci ildə son filmimi təhvil
vermişəm. Həmin filmə kifayət qədər vəsait
buraxılmamışdı. İndi bir bədii filmə 200 min ABŞ dollarına
qədər vəsait ayrılmasına imkan var. Amma bu da anormaldır.
Çəkilişdən sonra filmin bazara çıxarılması məsələsi
var. Buna da vəsait lazımdır. Bu isə yoxdur" - kinonun bugünkü
durumundan danışan rejissor Oqtay Mirqasımov bu qənaətdədir.
Kinorejissorun fikrincə, bəziləri o zaman və elə indi
də deyir ki, bəs iki-üç il film çəkməyək, vəsaiti
toplayaq və üç ildə bir film buraxaq. "Əvvəla, bu üç
ilə Kinostudiya ölər, ora Azərbaycan torpağında kino
yaradıcılığının yeganə ocağıdır" deyən, O.Mirqasımov misal
çəkdi ki, bu günə kimi nə qədər mütəxəssis
Kinostudiyanı da, məmləkətimizi də tərk edib:
"Əgər biz qalanları məcbur etsək ki, gözləyin, üç
ildən sonra bir filmə milyon dollar pul verəcəyik, onda
bilirsinizmi nə olar? Həm də biz bir film buraxırıqsa - 50
vətəndaş, üç film buraxırıqsa - 150 vətəndaş maaş
alır".
"Bəs nəyə görə hələ də kino
sahəsinə bu qədər az vəsait ayrılır?" - sualına
cavab olaraq kinorejissor bunları söylədi:
"Bu məsələ parlamentə, Nazirlər Kabinetinə
aiddir. İlk dəfə vəsait məsələsi 1992-ci
ildə qaldırılıb. Həmin ildə bu iş çox zəif gedib.
1993-dən isə kinoya yavaş-yavaş pullar gəlməyə
başlayıb. Bir qədər əvvəl də bu məsələ
qaldırıldı. Bildiyiniz kimi, Kinematoqrafçılar İttifaqı adından Kinostudiyanın
dramatik vəziyyəti barədə ölkə prezidentinə
müraciət olunmuşdu. Nəhayət, qurumda yenidənqurma
işləri gedir, yəni, Kinostudiya abadlaşır".
Qeyd edək ki, Nursultan Nazarbayevin "Köçərilər"ə
ayırdığı 35 milyon dollar bir çox kino adamlarının dilində əzbər
oldu. Bəziləri dedilər ki, bu məbləğlə bir
neçə ilin kino planını yerinə yetirmək olar. Yəqin, bizim
kino adamları bunu əsas gətirib üç ildən bir film
çəkmək ideyasını ortaya atıblar. Məsələyə
mövqeyini bildirən Oqtay Mirqasımov:
Hüseyn Cavidin "İblis" əsərinin ekranlaşdırılmasına
nisbətən böyük vəsait buraxılıb. Eləcə də İlyas
Əfəndiyevin "Hökmdar və qızı"na. Bunlar
məsuliyyətli işlərdir. Bəlkə də siz düşünürsüz
ki, "Köçərilər" daha böyük layihədir, amma bu,
subyektiv məsələdir. Biz arzu edirik ki, Azərbaycanda da
qlobal, ya da heç olmasa normal vəsait alan layihələr olsun. Üç
ildən bir film çəkmək təşəbbüsünü bura aid etmirəm"
deyə, rejissor bildirdi.
Bir çox ölkələrin kino bazarı ilə Azərbaycanı bir
tərəzinin gözünə qoyan O.Mirqasımov belə düşünür:
"Rusiyanın kino bazarı çox böyükdür. Onlar seriallar çəkmək
və reklam göstərməklə öz pullarını üç-dörd qat çıxarırlar.
Gürcüstanda da vəziyyət o qədər parlaq deyil.
Türkmənistanda kino tamam yoxa çıxıb. Qırğızıstanda, Tacikistanda da
vəziyyət çox gərgindir. Həmçinin də burada. Amma şükür
edirəm ki, qığılcım var".
"Kino özü gəlirli sahədir. Niyə bizdə iş adamları bu
sahəyə yatırım qoymurlar?" - sualının cavabında rejissor qeyd
etdi ki, çıxışlarında bir neçə dəfə bu məsələ
səsləndirilib"
"O zaman kinematoqrafçıların iş adamlarına müraciətləri oldu.
Ancaq mədəniyyət sahəsində sponsorluğun da öz problemi
var. Mədəniyyətə sponsorluq edənlərə heç bir
güzəşt yoxdur. Vaxtilə müraciət etdik ki, sponsorlar üçün vergi
məsələsində güzəştlər olsun. Onları
şirnikləndirmək lazım idi. Yoxsa, sponsor bir dəfə pul
verər, sonra isə deyər ki, nəyimə lazımdır, "sağ
ol" deyən də yoxdur. Bu birinci səbəb. İkincisi, bizim
iş adamlarımız hələ ki püxtələşməyib və
mədəniyyətə pul ayırmağa mənəvi baxımdan
hazırlıqlı deyillər. Onlar fikirləşir ki, gedim pul verim, Rusiyadan
"pokrışka" gətirim, satıb varlanım. Əgər kinoya
versə, oradan yaxşı gəlir əldə edə
bilməyəcək. Amma iş adamı da var ki, püxtələşmiş bir
neçə nəslin nümayəndəsidir. Onun övladları gedib Londonda,
Oksfordda, Kembricdə oxuyandan sonra yəqin ki, başqa
düşüncədə olacaqlar. Onlar tam ziyalı, yaxşı mənada burjua
olacaqlar. Bax belələri bəlkə də kinoya vəsait
ayırar".
Ayna.-2006.-30 noyabr.-S.8.