Həsənov İlqar
Son vaxtlar
Göyçayda görülən işləri saymaqla qurtaran deyil. Rayonun elə
bir yeri yoxdur ki, orada
hansısa bir yeniliklə qarşılaşmayasan.
Şəhər avtovağzalının yanında
aparılan tikinti-quruculuq işlərinə isə heyran olmaya bilmirsən.
Hər yerdə bir gözəllik, hər yerdə bir yaraşıq var. Baxdıqca baxmaq istəyirsən.
Yeni tikilən giriş qapısı isə buraya xüsusi yaraşıq
verir. Təxminən
bir ay əvvəl Göyçaydan hazırladığım yazını ağsaqqal, nurani bir kişinin
dediyi sözlərlə bitirmişdim: “Nar yetişibsə, deməli Göyçayın qızıl vaxtıdır”. Göyçaylılar ilk dəfə keçirilən
nar bayramına məhz belə əhval-ruhiyyə ilə gəlmişdilər. Qonaqları da
ilk dəfə elə
bu giriş qapısının ağzında qarşıladılar. Tədbirə
qatılan mədəniyyət
və turizm naziri Əbülfəz Qarayevi, kənd təsərrüfatıf naziri İsmət Əliyevi, gənclər və idman naziri Azad
Rəhimovu, xarici ölkə səfirliklərinin
nümayəndələrini, Milli
Məclisin üzvlərini,
bir sözlə uzaqdan-yaxından gələn qonaqları əllərində
gül dəstələri
tutan, Azərbaycan torpağının, onun yetişdirdiyi bərəkətli
məhsulları tərənnüm
edən şeirlər söyləməklə ağ paltar geyinmiş uşaqlar qarşıladılar. Şirvan elinin saz ustası
Aşıq Əhliman isə qonaqlara “Xoş gəldin” deyəndən sonra “Nar ağacı, nar
çiçəyi, nə gözəldir yar göyçəyi” mahnısını yüksək şövqlə ifa etdi.
Elə buradaca qonaqlar rayonun demək olar ki, bütün kəndlərindən
gətirilən müxtəlif
sortlu narlarla
Sonra isə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər
Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül dəstələri qoyuldu.
Bayram mərasimində çıxış edən Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev qonaqları, bütün göyçaylıları salamladıqdan sonra bayramın mədəniyyət
və turizm nazirliyi ilə birgə keçirildiyini bildirdi. Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrdə ölkə iqtisadiyyatının yüksəldiyini xüsusi vurğulayan natiq Göyçayda da böyük
işlər görüldüyünü dedi. Daha sonra bildirdi
ki, belə bir bayramın Göyçayın
payına düşməsi təsadüfi deyil. Bu tədbir məhz
öz qiymətli narı ilə bütün
dünyada tanınan torpaqda keçirilməli idi.
Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova xüsusi olaraq qeyd etdi
ki, bu gün
bayramın belə yüksək səviyyədə
keçirilməsi bizə deməyə əsas verir ki, avqust
ayının 26-da Şəkidə
olan İpək bayramından sonra estafet etibarlı əllərə verilib.
Buraya toplaşan on minlərlə insanı salamlayan mədəniyyət və
turizm naziri Əbülfəz Qarayev bayramın xüsusi önəm daşıdığını bildirməklə bərabər,
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin belə tədbirlərin keçirilməsinə göstərdiyi
xüsusi qayğıdan danışdı. Çıxışının sonunda isə
belə etnoqrafik bayramların bütün rayonlarda təşkil olunacağını bildirən nazir ölkə Prezidentinin apardığı uğurlu siyasət nəticəsində azad olunacaq torpaqlarda da bu cür
tədbirlərin keçiriləcəyini
xüsusi qeyd etdi.
Sonra isə elə buradaca — ulu öndər Heydər Əliyevin abidəsinin yanında nar tingləri
əkildi, yeni ailə həyatı quran Azər Əhmədov və Gülər Məmmədovaya
rayon icra hakimiyyəti
tərəfindən hədiyyə
təqdim olundu. Abidənin arxasında yerləşən Uşaq əyləncə mərkəzində isə
bir-birindən maraqlı tədbirlər nümayiş etdirilirdi. Təbii ki, onların içərisində daha maraqlı olanı narı
yeməklə onun dənəsinin yerə düşməsinə imkan verməmək idi. On nəfərin qatıldığı
bu yarışmada Məcid Əhmədov birinci yerə çıxdı. Şüşə qaba təxminən
40 ədəd narı sıxmaqla daha çox
nəticə əldə
edən isə Mübariz Zeynalov oldu. Bu maraqlı
yarışmanın qaliblərinə
pul mükafatları verildi.
Bundan sonra qonaqlar süd zavodunun nəzdində
fəaliyyətə başlayan
nar şirəsi sexində oldular. Ərsəyə gəlməsinə
4,5 milyon ABŞ dolları məbləğində
vəsait qoyulan sexdə quraşdırılan avadanlıqlar İtaliyadan gətirilib. 150 nəfər
işçinin çalışacağı müəssisədə hər
şey müasir standartlara cavab verir.
Bayram günü ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan muzeyin qarşısında iynə atsan yerə düşməzdi. Burada Azərbaycan incəsənət
ustalarının çıxışları bayrama xüsusi yaraşıq verdi.
Konsertin aparıcısı Nicat Kazımov ən böyük narın səhnəyə
gətiriləcəyini elan
edəndə isə alqış sədaları göyə ucaldı. Bu Ərəbqəbirli kənd sakini Sərdar Səmədovun yetişdirdiyi 1 kiloqram 250 qram olan nar
idi. Qalibə 500 dollar mükafat verildi.
Konsertdən sonra keçirilən
atəşfəşanlığı isə
mən Ağsu aşırımından seyr edirdim. Qınamayın, mənə elə
gəlirdi ki, buradan hər şey aydın görünür.
Göyçaylıların sevinci də,
onların bayram arzuları da. Və elə buradaca yadıma icra hakimiyyəti
başçısının “Nar muzeyi” yaratmaq arzusu və bir də bayaq
tədbirdə yanımda dayanan Elnurə adlı bir məktəblinin
dediyi sözlər düşdü: “Sevinirik. Sevinirik ki, indi hamıdan
fərqli olaraq biz göyçaylıların öz bayramı var”.
Nar bayramınız mübarək!
Xalq qəzeti.-2006.-5 noyabr.- S. 6.