Qismətoğlu F.

 

Təlatüm

 

Bu o vaxtiar idi ki, onda məmləkətimizin əksər rayonlarında dərəbəylik, özbaşınalıq baş alıb gedirdi. Ayrı-ayrı kriminal ünsürlər qanunlara tabe olmur, silahlı dəstə yaradaraq qarət, quldurluq və digər ağır cinayətlər törədirdilər. 1993-cü ilin may, iyun aylarında tək bir rayonda deyil, bir çox rayonlarda bu cür hadisələr baş verirdi.

Elə bədii televiziya filmində bu məsələlər önə çəkilmiş, qanunu saya salmayan, haqq-ədaləti ayaq altına atan, hətta özlərinə yuxarılarda havadarlar tapan cinayətkar dəstənin əməlləri ifşa olunur.

Ənvər Seyidovun ssenarisi əsasında ekranlaşdırılan quruluşcu-rejissor Məhərrəm Bədirzadənin, musiqi tərtibatçısı Firudun Bağıroğlunun, operatorun əməyi ilə ərsəyə gələn bədii televiziya filmi bu günlərdə AzTV- nümayiş etdirildi. Süjet xəttindən göründüyü kimi, Azərbaycan rayonlarının birində ağır cinayət hadisəsi baş verib. Qoca bir qadın öldürülüb bunun müqabilində müxtəlif vaxtlarda iki dəfə qəsddən adam öldürən Kamil (Əjdər Həmidov) həbs edilib. Üçüncü dəfə adamöldürmə maddəsi ilə Kamilə məhkəmə hökm çıxartsa, o güllələnəcək. Əsl həqiqətsə, odur ki, Kamil qoca arvadı öldürməmiş, onun evindən pulları götürmüşdü. Elə istintaqın da əsas məqsədi budur ki, bu işi məhkəmədən keçirə bilsin. Ancaq cinayət işi böyük səs-küyə səbəb olduğuna görə, onun baxılması Ali Məhkəmənin təcrübəli hakimi İlyas Şahdağlıya həvalə edilir. Təbii ki, hakim rayona gələn gündən təzyiqlərə məruz qalır. Ona nə desən təklif olunur: pul, gözəl qadınlar və eyş-işrət. Bütün bunlarla hakimi ələ ala bilməyəndə ona şər, böhtan atmaqdan, hətta sui-qəsd etməkdən belə çəkinmirlər.

Rayon prokuroru Səməd Məmmədli (xalq artisti Rafael Dadaşov), milis rəisinin müavini (əməkdar artist Ramiz Məmmədov) və digərləri heç cürə hakimi təsir altına sala bilmirlər. Belə olanda isə hətta hakim mənəvi psixoloji təzyiqlərə məruz qalır. Bütün bunlara baxmayaraq, saf, təmiz namuslu adam olan Ali məhkəmənin üzvü İlyas Şahdağlı (Xalq artisti Nurəddin Məmmədli) qanunun aliliyini hər şeydən üstün tutur.

Bədii televiziya filminə "Təlatüm" adı təsadüfən seçilməyib. Çünki həmin rayonda da özbaşınalıq şahə qalxırdı. Rayon sanki qəzəblənən təlatümə gələn dənizə bənzəyirdi. Belə ki, Ali məhkəmənin üzvü İlyas Şahdağlı rayona daxil olan kimi, silahlıların maskalıların təzyiqi ilə üzləşir. Elə burdan da təcrübəli hüquqşünas hər şeyi anlayır. Bilir ki, məhkəmə prosesini ədalətli aparmaq onun üçün asan olmayacaq. Buna görə bütün çətinliklərə hazır olan hakim heç nədən çəkinmədən işə başlayır.

Hər addım rayon prokurorunun və milis rəisi müavininin təzyiqlərinə, təsirlərinə məruz qalan hakim ancaq, daxili saflığına və haqq-ədalətə söykənir. Tamaşanın sonuna qədər də bu elementlər özünü daha qabarıq əks elətdirir. Var-dövlətə aludə olub, anasının ölmünə xeyir-dua verən və bundan sonra rahat yaşayacağını düşünən Nəcibə, eləcə də onun havadarı Həmid ifşa olunur. Düzdür, rayon prokuroru ciddi-cəhdlə onları müdafiə eləməyə çalışsa da, son anda Nəcibənin vicdanı oyanır. Bütün bu cinayəti Həmidin sifarişi ilə törətdiyini etiraf edir. Bundan sonra isə məhkəmə istintaqında məlum olur ki, Nəcibənin anasını qətlə yetirən Kamil yox, Həmid və onun dostları olub. Elə məhkəmə zalından da bu adamlar həbsə alınır. Həmin dövrlərdə hüquq-mühafizə orqanlarında vəzifələrə bir çox təsadüfi adamlar da təyin edilmişdir. Amma bu o demək deyil ki, o dövrdə vicdanlı prokurorlar, milis rəisləri yox idi. Azərbaycanda qanun aliliyinə hörmət edən, çox savadlı və ziyalı prokurorlar olub. Təəssüf ki, onların arasında bəzən zəiflik göstərən və silahlı dəstələrdən, təzyiqlərdən çəkinən Səməd Məmmədli kimi prokuror da olub. Ancaq o da nəzərə alınmalıdır ki, həmin dərəbəylik dövründə ölkədə hüquq-mühafizə orqanında çalışan bir neçə vəzifə sahibləri cinayətkarlar tərəfindən qətlə yetirilmişdi. Aydındır ki, bu cür təsirlər də hüquq-mühafizə orqanlarından yan keçmirdi.

Tamaşanın müəllifi Ə.Seyidov bizimlə söhbətində bildirdi ki, Azərbaycanın qəhrəmanlıq salnaməsinə adları şərəflə yazılmış çox prokurorlar var. Onlar həmişə qanunun aliliyinə şərəflə qoruyublar. Mənim təsvir etdiyim prokuror milis rəisinin müavini isə rayonlardan birində olan vəzifə sahibləridir. Ona görə bunu bütün prokurorlara eləcə hüquq-mühafizə orqanları əməkdaşlarına şamil etmək olmaz.

Televiziya tamaşasında xalq artisti Rafiq Əzimov, əməkdar artist Mehriban Xanlarova, İrəvan teatrının aktyoru Mütəd Aydın çox maraqlı obrazlar yaradıblar. M.Aydının oynadığı Həmid obrazı daha yadda qalandır. Çünki bu aktyor Həmidin bütün iyrənc sifətlərini, əməllərini canlandıra bilib.

Bədii televiziya tamaşası çox uğurlu bir sonluqla bitir; İlyas Şahdağlının əyləşdiyi avtomobil hündür yaşıl ağacların əhatəsi ilə şütüyür. Bu vaxt radioda diktorun səsi eşidilir. Ulu öndərimiz Heydər Əliyev Bakıya qayıdır. Böyük öndərin gəlişi ilə ölkədə hərc-mərcliyə, dərəbəyliyə özbaşınalığa son qoyulur. Azərbaycan özünün sakit. rahat firəvan həyatını yaşayır.

 

Ədalət.- 2006.- 15 noyabr.- S. 10.