Mövsümova S.

Qalib rejissorlarımız mükafatlandırıldı

 

Ötən gün Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev beynəlxalq festivallarda çıxış etmiş bir qrup kino xadimini qəbul edib. Nazirin qəbulunda olan qonaqlar sırasına kinorejissorlar Gildiyasının prezidenti və kinorejissor Eldar Quliyev, bəstəkar Səyavuş Kərimi, YUNESKO-nun əlaqələndirici komitəsinin baş katibi və Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə fövqəladə səfiri Fuad İsgəndərov, "Yeni Dalğa" prodüsser mərkəzinin rəhbəri Yavər Rzayev və direktoru Rasim Həsənov, nazirliyin kino işləri şöbəsinin yeni müdiri Cahangir Məmmədov, şöbənin işini yaradıcı şəxs kimi yönləndirən rejissor Cəmil Fərəcov və gənc rejissorlardan Yusif Quliyev, İqbal Məmmədəliyev var idi.

F. İsgəndərov əldə edilən nailiyyətlərə görə Mədəniyyət və Turizm Nazirliyinin xidmətlərini diqqətə çatdıraraq YUNESKO dəstəyilə keçirilmiş tədbirlərdə də nazirliyin işini yüksək qiymətləndirib. O, Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan mədəniyyətinin təbliği sahəsində gördüyü tədbirlər sırasında ötən həftə Parisdə keçirilən "Azərbaycan mədəniyyət günləri"ni nümunə olaraq göstərib.

YUNESKO xətti ilə Rumıniyada keçirilmiş "Exo, Etno, Folk" adlı kinofestivalda kinorejissor Y. Quliyevin "Keçid" və İ.Məmmədəliyevin "Azərbaycanın tarixi abidələri", Rusiyanın  Sverdlovsk şəhərində keçirilən kinofestivalda isə Eldar Quliyevin "Girov" filmləri diplomla təltif ediliblər. "Keçid" filminin rejissoru Y. Quliyev həm diplom, həm festivalda birincilik mükafatının sahibi olub. Nazirin sözləri ilə desək, bir az qeyri-adi, lakin çox səmimi şəraitdə keçən görüşdə Azərbaycan kinosunun yeni nailiyyətləri haqqında söhbət açıldı: "Bu gün millətin istedadlı nümayəndələrinin yaratdıqları filmlərin beynəlxalq səviyyədə təqdim olunması, müxtəlif  beynəlxalq festivallarda iştirak etməsi, mütəmadi olaraq ölkəmizin kino həvəskarlarını sevindirir. biz daim çalışırıq ki, Azərbaycan kino yaradıcılığının adı həmişə şərəf ləyaqətlə uzaq ölkələrdə eşidilsin". Sonra nazir qalibləri mükafatlandıraraq İ. Məmmədəliyevin çəkdiyi "Azərbaycanın qədim tarixi abidələri" filminin mövzusunun olduqca vacib əlamətdar olduğunu söyləyib.

Onun sözlərinə görə, son vaxtlar mövzu ətrafında gəzən söz-söhbətlər, bədnam qonşular tərəfindən abidələrimizin adlarına çıxarılması cəhdlərini dəf etmək üçün filmin uğuru sevindiricidir. Nazir bildirib ki, son zamanlar çox nadir Azərbaycan filmləri birinci yerə layiq görülürlər: "Lakin Azərbaycan kinematoqrafiyasında yeni nəsil nəyə nail olmasını çox layiqincə sübut etdi".

Nazir bir çox beynəlxalq müsabiqələrdə iştirak etmiş Eldar Quliyevin "Girov" filminin də nailiyyətini diqqətə çatdıraraq bildirib ki, bu gün Qarabağ mövzusu artıq yeni formalarla təhlil olunmalıdır: "Bu istiqamətdə "Girov" filmində mövzuya qeyri-adi tərzdə yanaşma edilib. Filmdə insanlar arasındakı münasibətlərdə Qarabağ konfliktinin mənfi təsiri, həmin şəraitdə insanın insan qalmaq bacarığını, Azərbaycan xanımının xanım qalmaq bacarığını ustalıqla əks etdirir. Filmin yaradılmasının böyük tarixi var və bu işdə təkcə rejissor, ssenari müəllifinin deyil, həm də filmi film edən çoxlu amillər və ən əsas insanlar möcuddur. Çox sevinirəm ki, artıq Smolensk şəhərində keçirilən kinofestivalda filmin musiqisi festivalın xüsusi mükafatı olan heykəlcik və diploma layiq görülüb. Musiqinin müəllifi isə Səyavuş Kərimidir. Filmdə o, musiqi vasitəsilə konfliktin çox təsirli şəkildə əks olunmasına nail olub. S. Kərimi musiqinin son akkordlarını yazanda onun studiyasında olmuşam. Mən sevinirəm ki, böyük bəstəkar kino sahəsində də özünü təsdiq etdi".

 

Paritet.- 2006.- 2-3 noyabr.- S. 12.