Səbinə
Mədəniyyət
və İncəsənət Universitetində görüş
Ötən gün Mədəniyyət
və İncəsənət Universitetində "Azərbaycanfilmkinostudiyasının
direktoru Xamis Muradovla tələbələrin görüşü keçirildi.
Universitetdə təşkil
edilən tədbirlər artıq ənənə halını alıb. Universitetin
rəhbərliyinin təşkilatçılığı ilə keçirilən
görüşdə qonaq tələbələri maraqlandıran sualara
ətraflı cavablar verib öz yaradıcı fəaliyyəti ilə onları
tanış etdi. X.Muradovu universitetdə ilk salamlayan universitetin prorektoru
Rafiq Sadıxov və Sənətşünaslıq fakültəsinin ekran
dramaturgiyası kafedrasına yeni təyin edilmiş rəhbər
yazıçı-dramaturq Aqşin Babayev oldu. R.Sadıxovun sözlərinə görə
tələbələr üçün bu gün çox sevindiricidir, çünki onlar
qarşılaşdığı peşəkarlardan hər zaman dərs almağı özləri
üçün əsl təcrübə hesab edirlər: "Bugünkü görüş
isə akademik dərs səviyyəsində təşkil edilib. Görüşdə
söylənəcək fikirləri daxildə və zahirdə
götürsək böyük bilik sistemi olar".
X.Muradov ilk əvvəl
kinostudiyanın bu günkü vəziyyəti ilə tələbələri
tanış etdi. O bildirdi ki, artıq kinostudiya bərpa edilir və yeni
avadanlıqlarla təchiz edilir. O tələbələrə
Azərbaycan kinosu haqqında çoxlu giley-güzar olduğunu söylədi:
"Bunu daha çox rəhbərliklə bağlayırlar. Əgər
belə durumda kinostudiya yaşayırsa, rəhbərliyin
üzərinə çox böyük məsuliyyət düşür. Biz isə kadr
məsələsində əziyyət çəkirik. Kinostudiyada
hələ yeni texnika olmasa da təmir başa çatmaq üzrədir. Kinostudiyanın
işini inkişafla hesablasaq, görərik ki, ildə 8-10 film istehsalata
buraxarıq. Mənə həm də sual verirlər ki, niyə
filmlərimiz zəifdir? Ona görə ki, bu gün xadimə oturub
zavod direktorunun arvadının geyimini müzakirə edir. Həm də
maliyyə çatışmazlığımız var. Gələcəkdə iqtisadliyyatımız
inkişaf edərsə, film istehsalı da ürək açan səviyyəyə
çatacaq. Çətinliyimiz isə ondadır ki, ildə iki film istehsal
edilir. İndi biz filmlərin neqativlərini aşkarlanmaq üçün Moskvaya
göndəririk". Tələbələrdən birinin sualı
isə filmə çəkilən aktyorların niyə
müğənnilərə üstünlük verməsi ilə bağlı oldu. X.Muradovun
sözlərinə görə isə, imkanı olanlar özlərini filmə
çəkirlər və əsl peşəkarlara şərait yaratmırlar.
Paritet.- 2006.- 9-10 noyabr.- S. 13.