Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 24-də Prezident Sarayında İslam
Ölkələri Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman
əl-Tuveycrini qəbul etmişdir.
Bu yaxınlarda İSESCO-nun Küveytdə sessiyasının keçirildiyini
bildirən qonaq növbəti sessiyanın 2008-ci ildə Bakıda
keçirilməsinə razılıq verildiyinə görə, Azərbaycan
tərəfinə və şəxsən Prezident İlham
Əliyevə təşəkkürünü bildirdi. O, noyabrın 23-də
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya İslam
Ölkələri Təhsil, Elm və Mədəniyyət
Təşkilatının “Xoşməramlı səfiri” fəxri adının
verilməsi münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı Heydər Əliyev Fondunun və onun
prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə
verilən yüksək qiymətə görə İSESCO-ya və
təşkilatın rəhbəri Əbdüləziz bin Osman
əl-Tuveycriyə minnətdarlığını bildirdi.
İSESCO-nun növbəti sessiyasının Bakı şəhərində
keçirilməsinin əhəmiyyətini vurğulayan Prezident İlham
Əliyev bu il ölkəmizdə İslam Konfransı Təşkilatı
çərçivəsində iki tədbirin uğurla keçirildiyini də
xatırlatdı. Dövlətimizin başçısı belə tədbirlərin İslam
Konfransı Təşkilatı ilə əməkdaşlığın daha da
genişləndirilməsi işində mühüm rol oynadığını bildirdi.
Xalq qəzeti.- 2006.- 25 noyabr.- S. 1.