Abdulla Arzu

 

Sənət dostları Hüseynağa Atakişiyevi yad ediblər

 

"Onun quruluş verdiyi tamaşalar Azərbaycan teatrının 133 illik ömrünü əhatə edirdi". Bu sözləri mərhum sənətkarımız Hüseynağa Atakişiyevin Kinematoqrafçılar İttifaqında keçirilən anım gecəsində rejissor Sərvər Əliyev söylədi. Cəmil Quliyev isə H.Atakişiyev haqqında çıxışını: "Bizim sevincli, kədərli günlərimiz bir yerdə keçib", - deyə başladı.

Mərhum rejissorun uşaqlıq və yaradıcılıq dostu rejissor Ramiz Əzizbəyli isə hamıya nikbin əhval-ruhiyyədə olmağı və H.Atakişiyevin xatirəsini bir anlıq sükutla anmağı xahiş etdi: "O indi də bizim aramızdadır, onun həmişəyaşar sənəti var və bu sənət onu ölməyə, unudulmağa qoymayacaq. Yaşadığı dövrdə yaratdığı bütün sənət nümunələrinin, görünənlərin hamısı görənlərə bəllidir".

Dram dərnəyində bir yerdə təhsil aldıqları dövrü xatırlayan Ramiz Əzizbəyli o dövrün teatral şəhəri Bakıdan və gənc Hüseynağanın tərcümə etdiyi əsərlərin səhnədə qazandığı tamaşaçı sevgisindən unudulmaz xatirələr söylədi: "Hüseynağa həmişə gözləyirdi ki mən nəsə yaradacam. Amma mən bir şey yarada bilməsəm də, bunu hamı yaxşı bilir ki, Hüseynağanın etdiklərinə ürəkdən sevinmişəm. Öz uğurlarım kimi. O, gördüyü hər bir işlə mənim ürəyimdən tikan çıxarıb. Bu mənim bayramım olub. Yəni mən sənətdən uzaqlaşdıqca o bu sənətə daha da yaxınlaşıb. Hüseynağa ona görə böyük adam idi ki, Azərbaycanda teatra ona görə hörmət edirdilər. O teatrda etmək mümkün idisə, hamısını etdi". Teatrşünas Məryəm Əlizadə isə H.Atakişiyev haqqında bunları dedi: "Hüseynağa mənim ən yaxın dostum idi, amma təəssüflər olsun ki, mən ilk nekroloqumu da onun haqqında yazmışam. O, həyatı, yaradıcılığı sevirdi və hərdən mənə elə gəlir ki, Hüseynağa həyatdan getmək istədi və ölümünü də özü seçdi. Hələ dərnəyə getdiyi gündən bu günə qədər öz işini böyük ustalıqla görürdü. Biz Hüseynağanın yaratdığı əsərlərdə onu təkcə rejissor kimi deyil, eyni zamanda rəssam, musiqiçi kimi görürdük".

Yazıçı-dramaturq Firuz Mustafanın fikrincə, H.Atakişiyev zəif əsəri də şedevr səviyyəsində ortaya çıxarmağı bacaran rejissor olub: "Mənim "Qara qutu" əsərim onun son yaradıcılıq işi oldu. Bu məni çox kədərləndirir. O heç zaman kiminsə sifarişini deyil, dövrün sifarişini qəbul edirdi, zamanın tələbini nəzərə alırdı".

"Uzun ömrün akkordları" filmində Üzeyir bəyin həyat yoldaşı Məleykə xanımın obrazını canlandıran aktrisa Həmidə Ömərova H.Atakişiyevin kinorejissor olmamasından doğan təəssüfünü ifadə etdi: "O, böyük bir aktyor nəsli yaratdı. Aktyorların psixologiyasına, sənətinin sirlərinə dərindən bələd olduğundan, Azərbaycan kinosunun ən gözəl incilərini yarada bilərdi".

 

525-ci qəzet.- 2006.- 4 noyabr.- S. 23.