Məhərrəmova T.

 

Zamanın sifarişi ilə iş görən reyissor

Hüseynağa Atakişiyev üçün yalnız mənəvi sərhədlər mövcud idi

 

Ölüm bu dünyadakı ömürlərin sonu da olsa, heçliyə yox, əbədiyyətə aparan yoldur. Xatirələr isə bizdən sonra davam edən ömrümüzdür. Srağagün Azərbaycan Professional Aktyorlar Gildiyası, Kinematoqrafçılar İttifaqının təşəbbüsü və Gənclər Teatrının dəstəyi ilə təşkil olunan gecədə mərhum reyissor Hüseynağa Atakişiyevlə bağlı ömrünün davamı olan belə xatirələr dilə gəldi.

Gildiyanın icraçı direktoru Cəmil Quliyev ilk tədbirlərinin belə görkəmli sənətkarın həyat və yaradıcılığına həsr olunduğunu qürur hissi ilə söylədi.

Gənclər Teatrının aktyoru Sərvər Əliyev gecəni giriş sözü ilə açaraq sürətlə ötən zamanın təkərini geri qaytarmağın mümkünsüzlüyündən gileyləndi. Sonra bu gileyə Hüseynağa Atakişiyev yoxluğundan doğan aramsız təəssüf hissləri qarışdı. "Təsəllimiz odur ki, belə bir gözəl insan xatirələrdə yaşayır". Bu sözlər indi Hüseynağa Atakişiyevi tanıyan, onunla ünsiyyətdə olan adamların hamısı üçün ən sərin təsəlliyə çevrilib.

Budur, ekranda Gənclər Teatrının yerləşdiyi Teatr Xadimləri İttifaqının təmirsiz dəhlizləri görünür. O, düz 7 ay bundan qabaq bu dar dəhlizlərlə addımlayırdı. Divar boyu müxtəlif illərin xatirələrini əks etdirən şəkillərlə bəzədilmiş iş otağında isə bir zamanlar məşqlərə qızğın hazırlıq görər, stolarxası oxunuşları burada keçirərdi. Səhnəyə yol da bu otaqdan salınardı.

Daha sonra ekrana görkəmli reyissorun həyat və yaradıcılığını vərəqləyən kadrlar gəlir. Bu kadrlarda sənət eşqi ilə yanan gənc aktyorun işıqlı arzuları da var, ömrünün 10 ilini həsr etdiyi Şəkili günləri də, özü yaratdığı aktyor-reyissor məktəbinin təzahürləri də. Əsas odur ki, bu epizodların hamısı rəngarəng və baxımlıdır.

Daha sonra ekrana "Üzeyir ömrü" filmindən fraqmentlər gəlir. Dahi bəstəkarın obrazını ustalıqla yaradan H.Atakişiyev filmin sonunda sanki tez başa çatan ömrünün son akkordlarını vurur. Görkəmli aktyor Hüseyn Ərəblinskinin məzarı üstündə sanki öz ömrünə xitabən: "Həyatın vədəsi düşdü, bir daha qalxmayacaq, heç vaxt" - deyə pıçıldayır.

"Hüseynağa müəllimin həyatının yaradıcılıq səhifələrini vərəqlədikcə şərəfli ömür sürmüş əsl sənətkarın xatirə cizgilərini görürük. Onun yaradıcılığı alimlər üçün əsl tədqiqat mövzusudur" - deyən Sərvər Əliyev bu anların Hüseynağa Atakişiyevin yaradıcılığında yalnız damla olduğunu söylədi: "Qürur hissi keçiririk ki, onunla birgə bu anları biz də yaşamışıq. Hüseynağa Atakişiyev Azərbaycan teatr tarixində bir epoxa idi. Onun tamaşaları teatrımızın tarixinə qızıl hərflərlə yazılıb".

"Hüseynağa Atakişiyev dostlarını çox sevirdi. Dostluq məfhumu onun üçün hər şeydən yüksək idi. O, sevincli və kədərli dəqiqələrində həmişə dostları ilə bir yerdə olardı" - deyən mərhumun uşaqlıq və gənclik dostu Ramiz Əzizbəyli xatirələrə körpü salıb bu gecənin Hüseynağa Atakişiyevin ruhunun təntənəsinə çevriləcəyinə inandığını dilə gətirdi:

- O, fiziki mənada yoxdur. Yaşadığı dövrdə Hüseynağanın gördüyü işlər hamıya bəllidir. Ancaq bəlli olmayan işləri də çoxdur. Mən ilk tanışlıqdan Hüseynağanın səmimiliyinə vuruldum. Yaşca ondan bir il böyük idim. Təbii ki, ona dost olmağı da özüm təklif etdim. Bu dostluqdan da ondan çox mən qazandım. Hüseynağa ilə Fəhlə-Gənclər məktəbində bir sinifdə oxuyur, eyni partada otururduq. Həmişə sevinirdim ki, həvəs göstərdiyim sənətə məndən də çox yanan bir insanla tanış olmuşam. Günlərin birində teatra olan həvəsimi görüb məni Fioletov dərnəyində yerləşən Xalq teatrına apardı. O, həmişə bir qardaş kimi ümidli idi ki, mən nəsə edəcəyəm. Hüseynağa gənclik illərindən tərcümə ilə məşğul olurdu. Dünya dramaturqlarının əsərlərini tərcümə edir, səhnələşdirir və biz də oynayırdıq. Bizim məşğul olduğumuz dərnəklə Lütfi Məmmədbəyovun Xalq teatrı arasında yaxşı mənada bir yarış gedirdi. Biz böyük kütləvi səhnəli tamaşalar hazırlayırdıq. Həmin tamaşaların səsi hər yerə yayılırdı. Bu səsə "Bu gənclər nə demək istəyirlər?" - deyə Rza Təhmasib, Mehdi Məmmədov, Lütfi Məmmədbəyov qapını açırdı. Biz sanki "mənəm-mənəm" demək istəyirdik. Bu yanğı Hüseynağadan gəlirdi.

Hüseynağa çox səmimi, dürüst və vicdanlı adam idi. Heç vaxt kimsəni aldatmazdı. O, 25 il küsüb getdiyim, hətta nifrət etdiyim aktyor sənətimə məni yenidən qaytardı. "Gəl, bizim Gənclər Teatrının qonağı ol" - dedi. Mən ondan sonra dərk elədim ki, aktyoram. "Məşədi İbad" tamaşasında Məşədi İbad rolunu mənə verdi. Çox təəssüf ki, tamaşaçılar bu tamaşaya görə onu təbrik edə bilmədilər. Hüseynağa hamının əlindən getdi. O, yeganə adam idi ki, ona görə teatra hörmət edirdilər.

Yaxın dostu haqqında ölüm prizmasından danışmağına görə təəssüfünü gizlətməyən teatrşünas Məryəm Əlizadə ilk dəfə nekroloqu da onun haqqında yazdığına heyifsləndi:

- Hüseynağanın Azərbaycan teatr tarixində tutduğu yer hamıya məlumdur. O, 7 aydır ki, aramızdan gedib. Onun ölüm xəbərini eşidəndə inanıram ki, biz sənət dostları ilə bərabər hamı ağlayıb. Biz onun dəfnində çox ürəklə ağladıq və yalnız onda kimi itirdiyimizi dərk elədik. Aprelin 9-dan - Hüseynağa bu dünyanı tərk edəndən sonra biz Hüseynağa Atakişiyev fenomenindən danışmağa başladıq. Bu fenomen Azərbaycan teatrı nə qədər mövcuddursa yaşayacaq. Hüseynağa yaşadığı dövrə reyissor kimi möhür vurdu. O, Şəki teatrını dünyaya tanıtdı. Onun reyissurasında reyissor ali məqsədinin dominantlığı, reyissor-aktyor, reyissor-rəssam, reyissor-bəstəkar münasibətləri fərqli yer aldı. O, bitkin bir teatr sistemi yaratdı. Hüseynağa xoşbəxt bir sənətkar taleyi yaşadı. O, ilk addımlarından lider kimi qəbul olundu. Hüseynağa istədiyi yerdə, istədiyi sənətkarlarla işləyir, istədiyi dramaturqları da özü seçirdi. Hərdən mənə elə gəlir ki, o, ölümü də özü seçdi, özü bu dünyadan getmək istədi. O, ləyaqətli və azad insan idi. Onun üçün yalnız mənəvi sərhədlər mövcud ola bilərdi. Hüseynağanın yoxluğu haqqında fikirləşəndə hər zaman düşünürəm ki, biz böyük dost itirmişik. Bizim borcumuz bu böyük sənətin təhlilini verməkdir. İnanıram ki, bunu bacaracağıq.

Hüseynağa Aakişiyev o sənətkarlardan olub ki, onun özünün dramaturq ordusu olub. Əkrəm Əylisli, Vaqif Səmədoğlu, Elçin Hüseynbəyli kimi dramaturqlarla işləyib. Bu yazıçılar əsərlərini onun stolunun üstünə qoyub premyeraya rahatca gələ bilərdilər. Hamıya məlum olan bu həqiqəti belə dramaturqlardan biri - Firuz Mustafa da təsdiq elədi:

- Bizim ünsiyyətimiz yaradıcılıqla, sənətlə bağlı olub. O mənim 6 pyesimi tamaşaya qoyub. Hüseynağa geniş amplualı reyissor idi. Tamaşaçılar onun tamaşalarından çıxanda özləri ilə ideya aparırdılar. O, zahiri görünüşcə coşğun adam deyildi. Tamaşalarındakı dramatik kolloziyalar elə bil ki, onun yanından keçib gedirdi. O, zahirən bu dramatikliyi hiss etdirməməyə çalışır, hər şeyə sakit baxmağı bacarırdı. Mən deyərdim ki, Azərbaycan teatrında Hüseynağa öz teatr məktəbini yaradan bir sənətkar olub. Onda müəllif sifarişi yox idi. Hüseynağa zamanın, epoxanın sifarişi ilə iş görürdü.

"Bütün aktyorlar bilir ki, o, reyissor idi. Ona görə onun haqqında aktyor kimi danışmaq çətindir. O, reyissor kimi də dünyadan köçdü"- deyə Xalq artisti Həmidə Ömərova sənət dostunu ən xoş sözlərlə xatırladı:

- Azərbaycan kinosunda çox nadir reyissorlar var ki, onlar aktyorları sevir, filmdən-filmə onların irəli çıxmasına, parlamasına çalışırlar. Rasim Ocaqov belə reyissorlardan idi. Bizim reyissor sarıdan çox incikliyimiz var. Hüseynağa kimi dost reyissorlar çox azdır. Həmişə deyirdim ki, nə olardı hər hansı tamaşasını ekranlaşdırardı. Heyf ki, o bunu eləmədi! Əgər Hüseynağa Atakişiyev Azərbaycan kinosunda film çəksəydi, biz aktyorlar udardıq. Çünki o, aktyorların psixologiyasını gözəl bilirdi. Hüseynağa aktyor məktəbi yaratmışdı. "Üzeyir ömrü" filminə çəkiləndə onun kamera qarşısında çox sərbəst olduğunu xatırlayıram. Amma kamera qarşısında da o, reyissor olduğunu unutmurdu.

Bəstəkar Aydın Əzimkərimov isə sənət dostunun dünyadan köçməsini təkcə özü üçün deyil, bütünlükdə cəmiyyət üçün bir dərs adlandırdı:

- Hüseynağanın çalışmağa başladığı vaxtlar sənət mərkəzi Şəkidə idi. Heç kəsin də xəbəri yox idi. Onda Hüseynağanı kim kəşf etdi? Onu kəşf edən mərhum reyissor Vaqif Abbasov idi. O, Bakıya dönərkən ona yol açmışdı. Sonra Hüseynağanı SSRİ Mədəniyyət Nazirliyinin məmurları kəşf etdilər. Şvıdko onun haqqında "Pravda" qəzetində böyük bir məqalə yazmasaydı, biz hələ də fil qulağında yatmışdıq. Şəkidən qayıdandan sonra gərək onun həyatı daha parlaq olaydı. Nə yazıq ki, Bakıda onu yıxdılar. "Azdrama"nı təzəcə canlandırırdı ki, onu kənarlaşdırdılar. O da Gənclər Teatrını yaratdı.

Hüseynağa teatr təşkilatçısı idi. Hələ 500 il bundan sonra da belə bir təşkilatçını axtaracağıq. Teatrı təşkil etmək, aktyorların önünə hədəf qoymaq adi bir reyissorun yox, şəxsiyyətin işi idi. Onun kimi çox reyissorlarla işləmişəm. Ancaq çox nadir reyissorlar var ki, musiqini hiss etsinlər, teatr musiqisinin funksiyasını dərindən bilsinlər. Hüseynağa belə nadir reyissorlardan idi. Onunla işləmək mənə sərbəstlik gətirirdi. Əvvəla, nə elədiyimi anlayırdım. Onunla 45 tamaşa hazırlamışam. Bundan sonra belə tamaşalar olmayacaq, daha gözləməyin. Mən ən azı 500 il vaxt demişəm...

 

Kaspi.- 2006.- 3 noyabr.- S. 7.