Turanə
Hüseynağa Atakişiyevin
xatirə gecəsi keçirildi
Dünən Kinematoqrafçılar
İttifaqında Hüseynağa Atakişiyevin xatirə gecəsi keçirildi. Azərbaycan
Professional Kinoaktyorlar Gildiyasının təşkilatçılığı ilə reallaşan
tədbirdə rejissorun sənət dostları iştirak edirdi. Əvvəlcə
Dövlət Gənclər Teatrının rejissoru və aktyor
Sərvər Əliyev çıxış edərək mərhum Hüseynağa Atakişiyevin
insani keyfiyyətlərindən danışdı. Hüseynağa müəllim üçün
dost kəlməsinin olduqca əziz və dərin məna
kəsb etdiyini bildirən S.Əliyev bu münasibətin rejissor
üçün nə qədər önəmli olduğunu dedi: "Hüseynağa
Atakişiyevin sənət yolu Şəki Teatrından başlayıb. Onun
Şəkiyə qeyri-adi məhəbbəti var idi. Hətta
Şəkiyə çatan kimi, baxmäyaraq ki, şəkili deyildi, hər
kəslə o şirin ləhcə ilə danışırdı".
APKG-nin icraçı direktoru
Cəmil Quliyev də çıxışında Hüseynağa Atakişiyevlə bağlı maraqlı
xatirələrini danışdı.
Anım gecəsində çıxış
edən mərhumun uşaqlıq və gənclik dostu Ramiz
Əzizbəyli Hüseynağa Atakişiyevin yalnız fiziki mənada mövcud
olmadığını bildirdi. "Hüseynağa elə sənətkarlardandır ki,
sənətə dəyər verəcək insanlar durduqca onun
adı, sənəti yaşayacaq. Onun yaratdığı ekran əsərləri
və tamaşaları görünənləri görənlərə dolğun
və aydınlığı ilə çatdırır. Mən ilk tanışlığımızda onun səmimiliyinin vurğunu oldum. Doğrudur, dostluq etmək
üçün ilk addımı mən atmışdım. Amma sonra o, mənə qardaşlıq münasibətini təklif etdi. Bu məsələdə ən çox qazanan
mən oldum. Çünki onun kimi sözün
əsil mənasında gözəl qəlbi olan saf və
dürüst bir adamı tanıdım. Mən Hüseynağa ilə məktəbdə oxuyarkən
bir partada oturmuşuq. O, uşaqlıqdan vətənə dərin məhəbbət hissi ilə böyüyüb. 25 illik fəaliyyətimə
baxmayaraq nifrət edərək qaçdığım aktyor sənətinə məni qaytaran Hüseynağa oldu. O, mənə deyirdi ki, sən bu
sənətlə yaşayırsan,
biz bir yerdə böyümüşük, içindəki aktyorun oyununu çox yaxşı bilirəm.
Gəl sənətinə qayıt.
Çəkinmədən deyə bilərəm
ki, o, yeganə insan idi ki,
məhz ona görə son illər Azərbaycan teatrına hörmət bəsləyirdilər.
Hüseynağa bu sənətdə daha nə eksperimentlər
aparmayıb? Onun sənəti
qarşısında biz layiqli işlər görməliyik.
Təməlini qoyub getdiyi səviyyədən aşağı işlər təqdim etməyə ixtiyarımız yoxdur”.
Hüseynağa Atakişiyevin yaradıcılığının tədqiq olunması təklifini irəli sürən Məryəm Əlizadə rejissoru böyük masştablı sənətkar adlandırdı. "Hüseynağa üçün sadəcə mənəvi
sərhəd var idi. O, azad insan olması ilə
yanaşı, həm də azad bir
sənətkar idi.
İnanıram ki, hələ
uzun illər Hüseynağa Atakişiyev fenomeni yaşayacaq və hər zaman bu sənət
üzərində adı ilə pərvazlanacaq.
O, Şəki Teatrındakı fəaliyyəti ilə sübut etdi ki,
əyalət teatrı deyilən bir anlayış yoxdur".
Dramaturq Firuz Mustafa isə münasibətlərinin yaradıcılıq
ünsiyyətindən başladığını,
daha sonra isə sənət dostu olduqlarını söylədi.
Tədbirdə xalq artisti Həmidə Ömərova, Aydın Əzimov, Həsən Həsənov və sair sənətkarlar çıxış edərək Hüseynağa Atakişiyev haqqında xoş təəssüratlarını
söyləyərək onu
geniş amplualı rejissor adlandırdılar. Xatirə gecəsində rejissorun quruluş verdiyi tamaşalardan fraqmentlər nümayiş olundu.
Yeni Azərbaycan.
-2006.- 2 noyabr.- S. 8.