Ağdamlı R.

75 yaşlı səsin sehri

 

Hər dəfə o səsin sədası gələndə kimliyindən asılı olmayaraq, hamı qulaq verir, bulaq suyu kimi saf səsin sehrinə düşür. Oxuyan - Barat Müseyib oğlu Fərhadovdur. O, bir vaxtlar cənnət dediyimiz, indisə əlimizin, ünümüzün yetişmədiyi Qarabağımızda, Ağdamın Əfətli kəndində 1931-ci ilin 14 noyabrmda dünyaya göz açıb. El arasında ustad xanəndə adını qazanmış Barat müəllimin keçdiyi ömür yolu sənətlə, ifaçılıqla sıx bağlıdır. Orta təhsilini doğulduğu kənddə alıb. 1948-ci ildə Ağdam Pedaqoji Texnikumuna daxil olub. Texnikumun ikinci kursundan herbi xidmətə yollanıb. Qayıtdıqdan sonra 1956-cı ildə texnikumu bitirib. Hələ uşaq yaşlarında balaca Baratda olan səs çoxlarını valeh edib. Onun zənguləli, şaqraq səsini dinlədikcə hər kəs zövq alıb. El şənliklərində, tədbirlərdə oxuyan Barat müəllimi hamı sürəkli alqışlayıb.

1956-cı ildə Ağdamda Xosrov Fərəcovun rəhbərliyi ilə "Şur" ansamblı yaradılıb. Barat müəllim həmin ansambla solist kimi dəvət alıb. "Şur" ansamblı ilə birlikdə el şənliklərində, dövlət tədbirlərində müvəffəqiyyətlə çıxış edib. Bu ansamblla Azərbaycanımızı qarış-qarış gəzib, görkəmli musiqiçilərimiz Niyazidən, Şəmsi Bədəlbəylidən başqalarından təriflər eşidib.

Ağdamda Üzeyir Hacıbəyov adına Musiqi Texnikumu açılandan sonra, 1961-ci ildə Barat Fərhadov həmin texnikumun səs şöbəsinə daxil olub. Seyid Şuşinskinin tələbəsi Fərman müəllimdən dərs alaraq, 1965-ci ildə texnikumu bitirib. 1972-ci ildə Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Texnikumunda pedaqoji fəaliyyətə başlayıb. 1993-cü ilə qədər həmin texnikumda yüzlərlə tələbəyə musiqinin, muğamın sirlərini öyrədib. Onun tələbələrindən bir çoxu məşhur xanəndə kimi tanınıb. Xalq artisti Qədir Rüstəmov, populyar müğənnilər Tağı Salehoğlu, Nadir Bayramlı, Elza Qaybalıyevä, müğənnilərdən Yasin Hüseynov, Yaməli Hüseynov başqaları vaxtilə Barat müəllimdən dərs alıblar.

O, 1985-ci ildə Ağdamda yaradılan Xan Şuşinski adına Musiqi Məktəbində çalışıb. Məlum hadisələrlə əlaqədar olaraq, Xan Şuşinski adına Ağdam Musiqi Məktəbi Biləcəri qəsəbəsində Milli Qəhrəman Qamət Abbasov adına 284 saylı məktəbin binasında yerləşib. Səkkiz ildən çoxdur ki, Barat müəllim həmin məktəbdə muğamın sirlərini şagirdlərinə öyrədir. Onun şagirdlərindən bir çoxları dəfələrlə müsabiqələrdə laureat olublar. Üzeyir Hacıybəyovun 120 illik yubileyinə həsr edilən muğam müsabiqəsində birinci yeri tutan Təyyar Bayramova da muğam ifaçılığını ilk illər Barat Fərhadov öyrədib.

Bu günlərdə ustad xanəndənin 75 yaşı tamam olur. Yubiley ərəfəsində Barat müəllimlə görüşüb söhbətləşəndə o yenə muğamın bugünü sabahı barədə danışdı. Muğamımızın, musiqimizin vəziyyətindən söz açan xanəndə xalq musiqisinin qorunması təbliğinə böyük diqqət ayırdığına görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını ünvanladı.

Barat müəllimin ən böyük arzusu Qarabağa qayıtmaq, Ağdamda, Şuşada yenidən "Qarabağ şikəstəsi"ni havalandırmaqdır.

Arzuların çin, 75 illik yubileyin mübarək olsun, ustad!

Bu şeir mənim sizə kiçik bir yubiley hədiyyəmdir

İllərdir nəfəsin yayılır elə, Səsində muğamın harayı vardır. Heyranam oxuyan o şirin dilə, Sizi dinləyənlər bəxtiyardır.

Könüllər şadlanar, könüllər gülər, Bu səsin çağlayan məlahətindən. Yaxşının qədrini ariflər bilər, Hamı söhbət açar xoş niyyətindən.

Uçub, Qarabağı süzür səsiniz, Ağdam torpağını qucur, qayıdır. Muğamı ləl təki düzür səsiniz, Mürgüləyənləri bu səs ayıldır.

Artıq 75-i vurursuz başa, Aylar, illər yenə ötüb gedəcək. Yaşayın, son verin beş yaz, beş qışa,, Ağdamda 80-i el qeyd edəcək.

 

525-ci qəzet.- 2006.- 9 noyabr.- S. 8.