Arif Məlikov vəzifə istəmir

 

"Çünki hesab edirəm ki, Bakı Musiqi Akademiyasında yetişdirdiyim gənclərlə musiqilərimlə məşğul olmalıyam"

 

"Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçiidiyim təqdirdə vəzifəmdən imtina edəcəyəm. 16 il əvvəl 1990-cı ildə Bəstəkarlar İttifaqının qurultayı keçiriləndə mən Moskvaya getdim. Qurultaya gəlmədim ki, məni sədr seçməsinlər". Bu sözləri APA-ya eksklüziv açıqlamasında xalq artisti, tanınmış bəstəkar Arif Məlikov deyib, Bəstəkar bildirib ki, o heç zaman vəzifədə olmaq istəməyib:

"Mərhum dövlət başçısı Heydər Əliyev ondan öncə vəzifədə olanlar mənə bir sıra təkliflər ediblər. Ancaq heç zaman bu təklifləri qəbul etməmişəm". Azərbaycan Bəstəkarlar İttifaqının qanuna riayət etmədiyini deyən A. Məlikov itfifaqın son qurultayının 1990-cı ildə, 16 il əvvəl keçirildiyini bildirib: "Bu bir xəstəlikdir, mən başa düşmürəm. Hər bir ittifaqın öz qanunu var ki, hər beş ildən bir qurultay keçirilməlidir.

Azərbaycan Bəstəkarlar İttifaqında qurultay niyə keçirilmir? Mənim kimi insana bu toxunmur. Çünki mən dünya teatrlarında, konsert salonlarında işləyirəm. Ancaq Bəstəkarlar İttifaqı xalqa hörmət olaraq qanunlara tabe olmalıdır. Azərbaycan Bəstəkarlar İttifaqının bu hərəkəti təbii ki, qanundan kənardır. Heç kim demir ki, kim sədr seçilməlidir? Hərnin adamlar üç dəfə sədr seçilə bilər, ancaq qanuna riayət etmək lazımdır. Hüsü Hacıyev küçesində not dükanı var idi, orada vallar, notlar satılırdı. Bizim not dükanımız bütün Sovetlərdə məşhur dükan idi. İndi bu qədər dahi bəstəkarları olan bir ölkənin iki metrlik not dükanı belə yoxdur". Arif Məlikov bu məsələyə görə bütün məsuliyyətin Azərbaycan Bəstəkarlar İttifaqının üzərinə düşdüyünü deyib. "Çünki, Azərbaycan musiqisinin bütün problemlərini ilk növbədə Bəstəkarlar İttifaqı çiyninə götürməlidir. Əgər isə düz gəlmirsə, məsələni ilk əvvəl onlar qaldırmalıdır. Bəstəkarlar İttifaqında əvvəllər beş katib postu vardı, indi isə cəmi bir katib yeri var. Musiqimizin inkişaf etməsi istedadlı bəstəkarların yetişməsi üçün Azərbaycan Bəstəkarlar İttifaqının səviyyəsini qaldırmaq lazımdır. Mənim 70 yaşım var, bu günə kimi yalnız bir vəzifəyə - gənc bəstəkarlar yetişdirmək vəzifəsinə qulluq etmişəm. Ömrümdə Bəstəkarlar İtfifaqında, nazirlikdə, filarmoniyada vəzifədə oturmaq istəməmişəm. Çünki hesab edirəm ki, Bakı Musiqi Akademiyasında yetişdirdiyim gənclərlə musiqilərimlə məşğul olmalıyam. Müdir, katib, nazir tapmaq olar, ancaq Qara Qarayevi, Üzeyir Hacıbəyovu tapmaq çox çətindir. Bu haqqı mənə əsərlərimin dünyanın 72 teatrında ifa olunması verir. üçün bunu atıb başqa işlə məşğul olmalıyam?".

 

Şərq.- 2006.- 9 noyabr.- S. 14.