Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyi ilə tanışlıq
Polşa
Senatının sədri Boqdan Boruseviç və onu müşayiət edən nümayəndə
heyətinin üzvləri noyabrın 9-da Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində
olmuşlar.
Qonaqlara məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycanın ən qədim
xalq sənəti növlərindən biridir. Xalçaların bədii
quruluşuna, texnoloji xüsusiyyətlərinə və rəng həllinə
görə Azərbaycanda bu sənətin bir sıra məktəbləri
formalaşmışdır. Azərbaycan xalı və xalçaları dünyanın bir çox muzeylərinin
ən nadir eksponatlarından sayılır. Hazırda Bakıdakı Dövlət Muzeyinin
fondunda bu qədim sənətin müxtəlif sahələrinə
aid 6 min eksponat saxlanılır və onların heç biri digərinə bənzəmir.
Qonaqlar muzeydəki milli geyimlərimizə, xalqımızın ən gözəl
adətlərindən biri olan toy mərasiminə dair atributlara
və filmə də baxmış, xalçaçı qızların işini izləmişlər.
Boqdan Boruseviç muzeyin xatirə kitabına yazdığı ürək sözlərində
Azərbaycan xalçaları ilə tanışlıqdan zəngin təəssürat
aldığını bildirmişdir.