Cəfərli Y.

 

Regionlarda yetişən gənc ifaçılarımız böyük səhnəyə çıxır

 

Azərbaycanda incəsənət ənənələrinin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin bu istiqamətdə atdığı addımlar Azərbaycan mədəniyyəti tarixində, sözün əsl mənasında, yüksəliş mərhələsinin əsasını qoymuşdur.
Ölkəmizdə incəsənət təmayüllü təhsil müəssisələrinin əksəriyyəti məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə yaradılmışdır. Ümummilli lider yaradıcı ziyalıların, mədəniyyətimizin inkişafında xüsusi xidmətləri olan sənət adamlarının əməyini də həmişə yüksək qiymətləndirirdi. Yüzlərlə musiqi xadimi, bəstəkar, dirijor, sənətçi məhz Heydər Əliyevin səyləri nəticəsində keçmiş SSRİ-nin və Azərbaycanın ən yüksək təltiflərinə, fəxri adlarına layiq görülmüşlər. Ayrı-ayrı mədəniyyət xadimlərinin Azərbaycanın dövlət mükafatları ilə şərəfləndirilmələri, prezident təqaüdünün təsis edilməsi, incəsənət, o cümlədən, musiqi sahəsində xüsusi istedada malik gənclərin adlarının "Qızıl kitab"a salınması da Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı yolunda atdığı tarixi addımlardır.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu mütərəqqi ənənənin ümummilli liderin mənəvi irsinin ən layiqli varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi isə hər birimizin uğurumuzdur. Milli mədəniyyətimizin, o cümlədən musiqimizin inkişafında xüsusi xidmətləri olan insanlar bu gün də dövlət qayğısı ilə əhatələnmişlər. Azərbaycandakı incəsənət təmayüllü məktəblərdə tədris şəraiti yaxşılaşdırılır. Bu məktəblər zəruri maddi-texniki baza ilə təmin edilir, yetirmələrinin Azərbaycan və dünya mədəniyyət arenasına çıxmasına şərait yaradılır.
Azərbaycanın zəngin, çoxəsrlik mədəniyyətinin tərkib hissəsi kimi milli musiqimizin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələrin xüsusi yeri vardır.
Azərbaycanda musiqinin inkişafı, ümumilikdə incəsənət sahəsində xüsusi istedada malik insanların öz yerini tapması üçün rəsmi və ictimai səviyyədə həyata keçirilən fəaliyyət konkret dövlət proqramlarında da öz əksini tapır. Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların üzə çıxarılması, dövlətin onlara fəal dəstəyinin təmin olunması məqsədilə 18 aprel 2006-cı il tarixdə "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" imzalamışdır. Azərbaycanda musiqinin inkişafı, peşəkar musiqiçilərin yetişdirilməsi, onların Azərbaycan və dünya səhnəsinə çıxması istiqamətində atılan addımların ilkin bəhrələri isə artıq görünməkdədir. Bu günlərdə Dövlət Filarmoniyasının səhnəsində baş tutmuş maraqlı konsert proqramı da buna bir nümunə sayıla bilər.
Qara Qarayev adına Kamera Orkestri ilə Naxçıvan Muxtar Respublikasından olan gənc vokal ifaçıları Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində birgə konsert proqramı ilə çıxış etmişlər. Bu, paytaxtdakı yaradıcılıq kollektivləri ilə regionlardakı ifaçıların birinci birgə konsert proqramı kimi mühüm əhəmiyyət kəsb edir. Konsert filarmoniya kimi mötəbər səhnədə bütünlüklə istedadlı gəncliyə həsr olunmuş ilk yaradıcılıq tədbiri kimi də ciddi maraq doğurur.
Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə müşayiət olunan konsert tamaşaçılara yeni yaradıcı simaların təqdimatı baxımından böyük əhəmiyyətə malikdir. Naxçıvan Dövlət Filarmoniyasının gənc və istedadlı solistlərindən Tural Nəcəfovun, Elçin Nağıyevin və Azər Cəfərovun, tarzən Toğrul Həsənovun, nağaraçı Məmmədəli Babayevin ifasında Avropa və Azərbaycan klassik bəstəkarlarının əsərləri, habelə xalq mahnılarımız yeni tərzdə tamaşaçılara çatdırılmışdır.
Naxçıvan Dövlət Universitetinin müəllimləri Mübariz Əsədovun və Gülyanaq Fərzəliyevanın yüksək ifaçılıq məharəti dinləyicilər tərəfindən razılıqla qarşılanmışdır. Azərbaycan Dövlət Filarmoniyasının Qara Qarayev adına Kamera Orkestri ilə Naxçıvan Muxtar Respublikası solistlərinin birgə konserti Sumqayıt və Gəncə şəhərlərində də uğurla nümayiş etdirilmişdir. Konsert proqramının Naxçıvan şəhərində nümayişi də planlaşdırılır.

Azərbaycan.-2006.-3 noyabr.- S.7
.