Fuad E.
Azərbaycan dirijorluq sənəti
tarixində ilk beynəlxalq uğur
22-27 oktyabr 2006-cı il.
Polşa Respublikası, Belostok şəhəri. Almaniya, İtaliya, Amerika,
Finlandiya, Koreya, Çin, Rusiya, Latviya, Litva, Ukrayna, Polşa, Belarus,
Azərbaycan və sairə ölkədən gəlmiş 42 nəfər
professional musiqiçinin - dirijorun qatıldığı V.Lutoslavski adına dördüncü
beynəlxalq müsabiqə... Üç turdan ibarət
müsabiqə başa çatır. Nəticələr elan olunur: I yer-
Azərbaycan, II yer Polşa, III yer isə Litva sənətkarına
verilir. I yerin qalibi, lap uşaqlıqdan tarını bağrına basıb məharətlə
ifa etdiyi musiqi nömrələri, musiqi tariximizdə ilk
dəfə tarla duet ifa etməsi ilə hər birimizin yaxşı
tanıdığı və sevdiyi yaraşıqlı, ucaboylu Əyyub Quliyev
mərdanə, qalib yerişlərlə münsiflərə yaxınlaşır,
Azərbaycanımızın Dövlət himninin möhtəşəm musiqisinin
sədaları altında, üç rəngli, ay-ulduzlu müqəddəs
bayrağımızın dalğalandığı salonda beynəlxalq müsabiqənin mükafatlarını
qəbul edir: "Qızıl çubuq" - rəmzi dirijor çubuğu və
Podlaziya Opera və filarmoniyası orkestrinin "Xüsusi simpatiya
mükafatı" gənc sahibinə təqdim olunur.
Qəribə andır, qeyri-adi bir məqamdır...
Sürəkli alqış sədaları, dövlət himnimizin ehtizazlı musiqisi,
ay-ulduzlu, bayraqlar içində ən gözəli, ən zövqlüsü,
ən yüksək mənaları daşıyan rənglərlə süslü
Dövlət bayrağımızm dalğalanması... Bu üç müqəddəs komponentin
müşayiəti altında dirijorluq sənəti üzrə ilk Beynəlxalq
qələbənin nəşəsini dadmaq... Düşünürəm ki, o anda
Əyyubun sərv boyu bir az da ucaldı, başı səmanın
maviliklərinədək yüksəldi, fərəhdən,
sevincdən və həyəcandan gənc ürəyi köksünə
sığmaz oldu, özünü sanki dirijorluq sənətinin, bu çətin, çox da
geniş yayılmamış (təbii ki, Azərbaycanımızda) professional
sənət sahəsinin qəhrəmanı sandı...
O, bu möhtəşəm
qələbəyə aparan yolu təsadüfən keçməyib.
Atasının, çağımızın virtuoz tar ifaçılarından birinin respublikamızın xalq artisti,
professor Ramiz Quliyevin ecazkar musiqi dünyasında
açdığı cığırla, amma öz addımları, öz yolu ilə gedib və bu cığırda öz
izlərini qoyub.
Hələ beş yaşı
varmış. Masanın üstündəki tarı oyuncaqmı sanmış, ya
fəhmin gücü ilə musiqi alətimi bilmiş, yaxınlaşıb simlərini
kiçicik, toppuş barmaqları ilə dilləndirərmiş. Təbii ki, üstündə nanə yarpağı tək əsdiyi
tarının simlərinin qırılacağından qorxan, ehtiyat edən ata tarı
götürüb onun əli çatmayan yerə qoyar, yaxud da gizlədərmiş.
Balaca Əyyub bütün oyuncaqlarını bir tərəfə atıb tarı
axtarar, tapıb yenə də "çalarmış"... Bu
əsrarəngiz aləmin qapılarını artıq üzünə açmış Ramiz müəllim
oğlunun
Şəkilləri nədən özü
ilə gəzdirdiyini soruşan atasına da 10-12 yaşlı musiqi
həvəskarının cavabı orijinal olmuşdu: - Ü.Hacıbəyov milli musiqi
sənətinin - operanın yaradıcısıdır, milli musiqimizin cığır açanıdır,
Fikrət Əmirov muğamla simfonik musiqinin sintezini yaradan, Qara Qarayev
Azərbaycan klassik-simfonik musiqisini dünyanın konsert salonlarına
çıxaran böyük sənətkarlardır. Niyazi isə
Azərbaycan dirijorluq sənətinin flaqmanı və beynəlxalq
aləmdə təbliğatçısıdır. Əyyub
gənc barmaqları ilə tarın simlərindən və ürəyinin
dərin-dərin qatlarından qopardığı milli, həm də dünya
musiqi xəzinəsindən seçmə təranələrlə,
muğam və bəstəkarların əsərləri ilə çox-çox
könülləri ovsunladı. Dünya şöhrətli musiqiçi
M.L.Rostropoviçin də ürəyində özünə yuva qurdu. Rusiya və dünya mədəniyyətinin ağsaqqal
korifeyi onu atası ilə birlikdə Bakı və Moskva
şəhərlərində 70 illik yubileyi münasibətilə
keçirilən konsert proqramlarında məhz tarla ifa üçün dəvət
etdi. 1997-1998-ci illərdə Böyük
Britaniyanın London şəhərində düzənlənmiş
Azərbaycan mədəniyyəti günlərində də tarını
dilləndirən Əyyub ingilis tamaşaçılarını da
heyrətləndirdi. Ölkəmizin mədəni-ictimai
həyatında yaxından iştirak edən Əyyub Quliyevi Azərbaycan
tamaşaçısı dövlət tədbirlərində, yubileylərdə,
televiziya və radiodakı konsert proqramlarında yenə də sevimli
tarı ilə gördü və daxili bir qürur hissilə dinlədi,
"Tarantello"sunu, Üzeyir bəyin "Sevgili canan",
"Sənsiz" romanslarını, üvertirasını simfonik
əsərləri, klassik muğamlarımızı...
Mədəniyyətimizə, ədəbiyyatımıza, milli
musiqimizə sonsuz diqqət və qayğı ilə yanaşaraq daim
diqqət mərkəzində saxlayan ölməz Heydər
Əliyevin arif gözündən də Əyyubun istedadı yayınmadı
və müdrik dövlət başçımız onun adını 1998-ci il 23 avqust tarixli
fərmanı ilə gənc istedadların "Qızıl kitabı"na daxil
edildi və Prezidentin xüsusi təqaüdünə layiq görüldü. 2002-ci
ildə isə təhsildə əldə etdiyi uğurlara görə
"Azərbaycan Mədəniyyətinin Dostları Fondu"nun
"ilin ən yaxşı tələbəsi" adına
layiq görülərək mükafatla təltif olundu. Ecazkar tarın mahir
ifaçısı kimi artıq ölkə daxilində və yaxın-uzaq xarici
ölkələrdə tanınmış Əyyub Quliyevin oktyabr ayında
professional dirijorların Litosiavski adına IV
Beynəlxalq müsabiqədə I yer tutaraq qalib olması, təbii ki,
onun ifasını bir tarzən kimi sevənləri həm
təəccübləndirdi, həm də çox sevindirdi. Görünür, əsl istedad elə incəsənətin bütün
sahələrində özünü göstərmək iqtidarına malik olurmuş.
Maestro Niyazinin "oxuyan" əfsanəvi barmaqlarının
cazibə qüvvəsi Əyyubun iç dünyasına, onun duyum qatlarına daha
dərindən nüfuz edibmiş...
Ata-müəllim-ustad Ramiz Quliyev bu böyük
uğurun sonsuz sevinci içərisində etiraf edir ki, hələ 10 il öncə mən gördüm və anladım ki, mən Əyyubdan
çox geridəyəm. Bu geridə qalma mənə qüssə yox,
əksinə fərəh və sevinc duyğuları bəxş etdi, Axı
sənətkarı yetişdirən ən güclü faktor onun hansı baza, kök
üstündən pərvaz etməsidi!..
Mənim sənətimin
bünövrəsində atamın, sadə peşə adamının çiyinləri
dururdu, Əyyubun bünövrəsində isə Ramiz Quliyevin
professional ifaçılıq sənəti durur. Özüm istədim ki, o
öncə tarı bilsin, hər simindəki dərinlikləri,
sirləri mənimsəsin, milli ruhda köklənsin.
Ramiz müəllim doğru yol seçmişdi,
çünki ruhən milli musiqiyə, soy kökə-xalqa bağlı olan
sənətkarın üzünə bütün incə sənətlərin
qapıları taybatay açıq, o qapılara aparan yollar isə qısa olur.
Tanınmış sənətkarımız Yalçın Adıgözəlov
Əyyubun uğurunu Azərbaycan dirijorluq sənətinin böyük
qələbəsi adlandıraraq, orijinal bir müqayisə də apardı
və dedi ki, bu gənc istedad elə bir addım atıb ki, sanki Qaqarin
ilk.dəfə kosmosu fəth edib.
Gözəl bəstəkarımız
Musa Mirzəyevin fikrincə isə bu, əlamətdar hadisədir. İlk
dəfədir ki, respublikamızdan Beynəlxalq müsabiqə laureatı çıxıb.
Professional dirijorluq sənəti üzrə
beynəlxalq müsabiqədə iştirak edib I yeri tutmaq çox, böyük
nailiyyətdir. Əyyub öz üzərində
daim işləyən, işinə, sənətinə
məsuliyyətlə yanaşan gənc dirijordur. Sevinirəm ki, müsabiqə qalibi kimi dünən
Polşada konsert verib. Noyabrın 15-də isə
Sankt-Peterburqda böyük konsert proqramı ilə çıxış etmişdir. Musa müəllim həqiqəti deyir. Sənət dünyasının həqiqətini. Çünki müsabiqənin qalibi olmuş
laureatlar nə az, nə çox, düz iki il Polşa və Avropanın digər
ölkələrindəki böyük orkestrlərlə çıxış etmək üçün
dəvət alıblar.
Mendelsonun, C.Verdinin, Şopenin, Çaykovski,
Stravinski və Karloviçin əsərlərindən ibarət proqramla
bu möhtəşəm beynəlxalq müsabiqədə tələbkar
Avropa klassik musiqisevərlərini feyziyab edən Əyyub Quliyev
bu iki ildə hələ neçə-neçə konsert salonunda çıxış
edəcək, "Qızıl çubuğ"un sehrilə neçə-neçə könüllərdə
bərqərar olacaq, pərəstişkar qazanacaq, ən əsası
isə Azərbaycanımızı, onun professional dirijorluq sənətini
nümayiş etdirəcəkdir.
Dövlət başçılarının rəsmi
görüşləri dışında Azərbaycan dövlətinin atributları - milli
bayrağımız və himnimiz beynəlxalq arenada idman yarışlarında,
birdə musiqi müsabiqələrində qələbə
qazanılarkən dalğalanır və dinlənilir.
Arzu edərdik ki, milli bayrağımızı dalğalandıracaq
və himnimizi dünyanın qulaqlarında səsləndirəcək istedadlı
gənclərimizin, Əyyub kimi sənətkarlarımızın və...
milli qəhrəmanlarımızın sayı çox-çox olsun... Və
Xəzərdən dünyaya açılan Azərbaycanımızın
mədəni-mənəvi sınırları sonsuzlaradək uzansın, başı
göylərə ucalsın, qürurla, iftixarla...
Respublika.- 2006.- 16 noyabr.- S. 5.