Əsədov
B.
Sankt-Peterburqda
Azərbaycan tarı nümayiş etdirilib
Ölkəmizin
Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun
təşəbbüsü ilə Şeremetyev sarayının Musiqi Muzeyində
Azərbaycan tarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Peterburq Konservatoriyasının professorları
V.Qureviç, M.Lobanov, İ.Alaşevski, Azərbaycan diasporunun
nümayəndələri iştirak ediblər. Tamaşaçılara Azərbaycan
tarının meydana gəlməsi tarixi haqqında geniş məlumat verilib,
dünya mədəniyyətinin zənginləşməsində tarın
rolundan danışılıb. Onlar Azərbaycanın baş konsulu Qüdsi Osmanovun
məşhur tarzənlərimiz Mirzə Sadıqın və Mirzə
Fərəc Rzanın tarın təkmilləşdirilməsi
sahəsində işlərinə dair söhbətini maraqla dinləyiblər.
Heydər Əliyev Fondunun muğamın mühafizəsinə və
inkişafına böyük qayğı göstərdiyi xüsusi qeyd olunub. Muzeyin musiqi
alətləri şöbəsinin müdiri V.Koşelyov tədbirə
qatılanlara tarın 31 nümunəsini nümayiş etdirib və şərh verib.
Sonra tarzən Çələbi, skripka ustası V.Şulyakovski,
violonçeldə çalan V.Sobolenko və digər ifaçılar Azərbaycan
və Avropa klassiklərinin əsərlərini, habelə milli
musiqimizlə Avropa musiqisinin sintezini səsləndiriblər.
Azərbaycan.- 2006.- 23 noyabr.- S. 7.