Xatun

Bəstəkarlar İttifaqının qurultayı niyə keçirilmir?

Arif Məlikovu bu və digər məsələlər narahat edir

 

 

Arif  Məlikovun dünyanın əksər ölkələrində tamaşaya qoyulan "Məhəbbət əfsanəsi" baleti musiqi tarixinə daha bir töhfəsini verəcək. Xatırladaq ki, tamaşa ilk dəfə 1961-ci ildə Sankt-Peterburqun "İmperator" teatrında səhnələşdirilib. Bundan sonra bir çox teatr rəhbərlərinin diqqətini çəkən opera onlarca dilə tərcümə edilərək oynanılıb.

Bəstəkarın məlumatına görə, "Məhəbbət əfsanəsi" operası Ginnesin rekordlar kitabına daxil edilə bilər. Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur və nəticəsi barədə ilk açıqlamasını mətbuat işçiləri ilə bölüşəcək: "1961-ci ildə səhnəyə qoyulan bu əsər bu günə kimi də yaşayır. Bu cür hadisələr çox nadir hallarda baş verir. İllərin ötməsinə və nəsillərin dəyişməsinə baxmayaraq, eyni əsərin yaşaması Azərbaycan musiqisinin inkişafından xəbər verir".

Bəstəkar onun adı ətrafında dolaşan bəzi xoşagəlməz fikirlərə də aydınlıq gətirdi. Qeyd edək ki, A.Məlikovun Bəstəkarlar İttifaqının sədri postuna iddialı olduğu barədə dolaşan şayiələr bəzi həmkarlarını narahat edir. Belə bir iddiaya düşmədiyini deyən xalq artisti bildirdi: "Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçildiyim təqdirdə vəzifəmdən imtina edəcəyəm. 16 il əvvəl Bəstəkarlar İttifaqının qurultayı keçiriləndə Moskvaya getdim. Qurultaya gəlmədim ki, məni sədr seçməsinlər". Bəstəkar heç vaxt vəzifədə olmaq istəmədiyini etiraf etdi: "Mərhum dövlət başçısı Heydər Əliyev və ondan öncə vəzifədə olanlar mənə bir sıra təkliflər ediblər. Ancaq heç zaman bu təklifləri qəbul etməmişəm".

Bəstəkarı daha bir məsələ də bərk narahat edir. Bəstəkarlar İttifaqının qanuna riayət etmədiyini deyən A.Məlikov İttifaqın son qurultayının 1990-cı ildə, 16 il əvvəl keçirildiyini bildirib: "Bu bir xəstəlikdir, mən başa düşmürşm. Hər bir ittifaqın öz qanunu var ki, hər beş ildən bir qurultay keçirilməlidir. Azərbaycan Bəstəkarlar İttifaqında qurultay niyə keçirilmir? Bu, mənim kimi insana toxunmur. Çünki mən dünya teatrlarında, konsert salonlarında işləyirəm. Ancaq Bəstəkarlar İttifaqı xalqa hörmət edərək qanunlara tabe olmalıdır. Azərbaycan Bəstəkarlar İttifaqının bu hərəkəti təbii ki, qanundan kənardır.

Söz-söhbətlərə son qoymaq üçün quruma mütləq layiqli bir sədr seçilməlidir. Amma bunun əvəzinə, qurumun bəzi üzvləri boş söz-söhbətlər yaradırlar".

A.Məlikov not dükanlarının azlığından da şikayət etdi. Dedi ki, vaxtilə Hüsü Hacıyev küçəsində not dükanı var idi, orada vallar, notlar satılırdı. Həmin not dükanı bütün Sovetlər Birliyində məşhur idi. "İndi bu qədər dahi bəstəkarı olan bir ölkənin iki kvadratmetrlik not dükanı belə yoxdur" deyən bəstəkar narahatlığını gizlətmədi. Arif Məlikov bu məsələyə görə bütün məsuliyyətin Azərbaycan Bəstəkarlar İttifaqının üzərinə düşdüyünü qeyd etdi.

"Çünki Azərbaycan musiqisinin bütün problemlərini ilk növbədə Bəstəkarlar İttifaqı çiyninə götürməlidir. Əgər nə isə düz gəlmirsə, məsələni ilk əvvəl onlar qaldırmalıdır. Bəstəkarlar İttifaqında əvvəllər beş katib postu vardı, indi isə cəmi bir katib yeri var. Musiqimizin inkişaf etməsi və istedadlı bəstəkarların yetişməsi üçün Azərbaycan Bəstəkarlar İttifaqının səviyyəsini qaldırmaq lazımdır. Mənim 70 yaşım var, bu günə kimi yalnız bir vəzifəyə - gənc bəstəkarlar yetişdirmək vəzifəsinə qulluq etmişəm. Ömrümdə nə Bəstəkarlar İttifaqında, nə nazirlikdə, nə də filarmoniyada vəzifədə oturmaq istəmişəm. Çünki hesab edirəm ki, Bakı Musiqi Akademiyasında yetişdirdiyim gənclərlə və musiqilərimlə məşğul olmalıyam. Müdir, katib, nazir tapmaq olar, ancaq Qara Qarayevi, Üzeyir Hacıbəyovu tapmaq çox çətindir. Bu haqqı mənə əsərlərimin dünyanın 72 teatrında ifa olunması verir. Nə üçün bunu atıb başqa işlə məşğul olmalıyam?".

 

Ayna.- 2006.- 11 noyabr.- S. 20.