Kərimov Yusif

Qədr ağacı...

 

Mən musiqişünas, yaxud musiqiçi sənətkarlarımızın həyat və yaradıcılığını müntəzəm tədqiq edən qələm sahiblərindən deyiləm. Sadəcə olaraq, bu sahənin vurğunuyam və yeri gələndə, daha doğrusu, sözüm olanda deməyi əsirgəmirəm. Bu dəfə də elə oldu. Seyid Şuşinskinin ölkəmizin bir nömrəli məzarlığında, başqa sözlə, Fəxri xiyabanda qərar tutmuş qəbrini ziyarət və uzun-uzadı seyr edəndən sonra nədənsə bu yazını yazmağa ehtiyac duydum...
Oxuduqlarımdan və eşitdiklərimdən, sənət adamlarının xatirələrindən, musiqi tədqiqatçılarının əsərlərindən dən-dən topladığım cizgilər beynimdə Seyid Şuşinski portretinin yaranmasında böyük rol oynamışdır. Lakin başqa mənbələrin dəyərini və məziyyətlərini azaltmadan qeyd etmək istəyirəm ki, yalnız mənə məxsus olan bu "portret"in ən parlaq cizgiləri görkəmli musiqi tədqiqatçısı mərhum Firidun Şuşinskinin Azərbaycan xalq musiqiçilərinin, xüsusən klassik muğam sənətkarlarımızın həyat və yaradıcılığından bəhs edən əsərləri, tele-radio verilişləri, qəzet məqalələri sayəsində formalaşmışdır. Xatırlatmaq yerinə düşər ki, vaxtilə (1980-1995) redaktoru olduğum "Azərbaycan gəncləri" qəzetində F.Şuşinski bu mövzuda daimi rubrika ilə məqalələr dərc etdirmişdir. Bəlkə də Azərbaycan xalq musiqiçiləri və muğam ustaları, o cümlədən Seyid Şuşinski haqqında bilgilər beynimə həkk etdiyim həmin məqalələrdən hopmuşdur...
Seyid Şuşinski 40 ildən çoxdur ki, dünyasını dəyişmişdir. Bu müddət ərzində "Unudulub!" desəm, günah işlədərəm. Yaşlı nəslin nümayəndələri onu yaxşı xatırlayırlar, onun səsi-nəfəsi üçün darıxıblar. 74 sinnində zildə oxuduğu "Çahargah" muğamını, xüsusən onun "Mənsuriyyə" bölməsini qeyri-adi zəngulələrlə başa vurmasını dinləyənlər indi də həmin hadisəni heyrətlə xatırlayırlar. Bu yaşda bu cür ağır yükün öhdəsindən gəlmək şərəfi Cabbar Qaryağdıoğludan sonra yalnız Seyid Şuşinskiyə nəsib olub və bu "rekordu" indiyədək təzələyən olmayıb. Onu da qeyd etmək lazımdır ki, həmin nadir konsert 1963-cü ildə filarmoniyanın mikrofonsuz səhnəsində baş vermişdi...
Bununla belə, Seyid Şuşinski bu gün hamı tərəfindən tanınır desəm, səhv etmiş olaram. Xüsusən cavan nəsil onu yaxşı tanımır. Əslində, gəncləri qınamaq üçün köklü əsasım da yoxdur. Çünki Seyıd Şuşinskini (və onun kimi bir çox muğam nəhənglərini) ümumxalq yaddaşının malı edə bilən bir səcdəgah yaradılmayıb. Nə xatirə muzeyi var, nə görməli yerdə əzəmətli heykəli. Nə adına layiq məkanda bir küçəyə, yaxud qəsəbəyə onun adını veriblər, nə də bir xatirə lövhəsi asıblar... Bir cavandan soruşdum ki, Seyid Şuşinskini tanıyırsanmı? Sualıma sualla cavab verdi: "O kimdir?"
Bu sualın cavabını bilməyənlər, yaxud yaxşı bilməyənlər üçün Seyid Şuşinskinin "portretindən" bəzi ştrixləri diqqətə çatdırmaq istəyirəm. İqtibas şəklində götürdüyüm bu fikirlər onu yaxşı tanıyan, yaxud dərindən tədqiq edən sənət adamlarının dilindən qopan kəlmələrdir.
Cabbar Qaryağdıoğlu: "Seyid Şərq musiqisinin incisidir".
Bir dəfə belə bir hadisə olub. Şuşada seçmə xanəndələrin iştirakı ilə təşkil olunan konsertdə gənc Seyid dinləyicilərin təhriki ilə üçüncü dəfə səhnəyə qalxır və bu dəfə "Şəkəroğlunun şikəstəsi"ni oxuyur. Dəstgah bitəndən sonra Cabbar Qaryağdıoğlu səhnəyə çıxıb dinləyicilərə müraciətlə deyir: "Camaat, indi mən ölsəm də, dərdim yoxdur, çünki məndən sonra Seyid vardır".
Böyük bəstəkar, simfonik muğamlarımızın atası Fikrət Əmirov isə bu iki muğam nəhəngini belə xarakterizə etmişdir: "...Əgər Cabbar Qaryağdıoğlu xalq musiqisinin düşünən beyni idisə, Seyid Şuşinski bu musiqinin çırpınan ürəyi idi..."
Bu qəbildən olan iqtibasların sayını çoxaltmaq olar. Lakin mən Seyid Şuşinskinin qüdrətli ifaçılıq sənətindən - muğam və xalq mahnılarımızın, xüsusən zil səs və mürəkkəb zəngulələr tələb edən muğamların virtuoz ifasından, "Çahargah" muğamına "əvəzsiz ifa möhürü" vurmasından və digər yaradıcılıq uğurlarından ətraflı danışmaq fikrində deyiləm. Bu, ayrıca geniş bir yazının mövzusudur. Məqsədim başqa olduğundan qüdrətli sənətkarın digər məziyyətlərindən, daha doğrusu, insani keyfiyyətlərindən söz açmaq istəyirəm...
Tam adı Mir Möhsün Ağa Seyid İbrahim oğlu Şuşinski olan bu istedad 1889-cu il aprel ayının 12-də Şuşa qəzasının Horadiz kəndində dünyaya gəlib. Uşaqkən valideynlərini itirən Seyid xalası Məşədi Hürzadın himayəsində qalıb. Məşədi Hürzad dövrünün istedadlı xanəndələrindən olub, əsasən qadın toylarında oxuyub, balaca Seyidi də çox vaxt belə toylara aparıb və deyilənə görə, Seyid özünün qeyri-adi səsə və boğaza (zəngulələrə) malik olan "istedad boxçasını" ilk dəfə qadın toylarında açıb...
S.Şuşinski ilk gənclik yaşlarını Şuşada keçirib. Şuşa mühiti onun kamil xanəndə kimi formalaşmasında mühüm rol oynayıb. Xüsusi musiqi təhsili almasa da, muğamlarımızın və xalq mahnılarımızın "atası" sayılan Cabbar Qaryağdıoğludan və onun məktəbinin davamçıları olan xanəndələrdən muğam sənətinin sirlərini öyrənib. Onu başqa usta xanəndələrdən fərqləndirən nəfəs və boğaz isə Tanrı tərəfindən verilmiş bir nemət idi ki, onu da ifadan-ifaya cilalayaraq təkmilləşdirirdi. Elə Seyidə gənc yaşlarından var-dövlət qazandıran da bu "Allah vergisi", başqa sözlə, qeyri-adi ifaçılıq bacarığı və şirin nəfəsi olub...
Danışırlar ki, Seyid zilə qalxıb bəmə enənədək dinləyicilər nəfəslərini içlərinə çəkib, tilsimlənmiş kimi donub qalırdılar. Onu da danışırlar ki, Seyid oxuyanda pulu onun başına xəzəl kimi yağdırırdılar. Tül pərdələr arxasından konsertə baxan zəngin xanımlar barmaqlarındakı qiymətli üzüklərini, qolbaqlarını xanəndənin ayaqları altına atırdılar. Bir dəfə Şuşada açıq havada konsert zamanı Qarabağ zənginləri yüz manatlıq əskinaslardan çələng "hörüb" Seyidin başına qoyurlar ki, onu "gün vurmasın"...
Seyid Şuşinskinin Tiflis həyatı onun sənətinin daha yetkin dövrünə təsadüf edir. O, mənsub olduğu sənətin zirvəsini və zəngin var-dövləti məhz bu şəhərdə "fəth etmişdir". O zaman Tiflis şəhəri bütün Qafqazın mədəniyyət-incəsənət mərkəzi, çoxmillətli ziyalılar şəhəri kimi tanınırdı. Azərbaycan ziyalılarının qaymaqları da əsasən bu şəhərdə məskunlaşmışdılar. Ən maraqlısı o idi ki, Tiflisin incəsənət mühitində "dominantlığı" Şərq musiqisi və onun azərbaycanlı ifaçıları öz əllərində saxlayırdılar. Belə şəraitdə, təbii ki, "Şərq musiqisinin incisi" (C.Qaryağdıoğlu) olan Seyid Şuşinski zirvədə dayanmalı idi. O zaman Tiflis teatrları (milli mənsubiyyətindən asılı olmayaraq) tamaşaların fasilələrində Şərq musiqisindən (əsasən muğamlardan) ibarət mini-konsertlər təşkil edirdilər. Belə konsertlərin əksəriyyətinə Seyid Şuşinski dəvət olunurdu, ümumiyyətlə, Tiflis əhli Seyidin səsinə və ifaçılıq manerasına vurğun idi. Görkəmli tarzən Qurban Pirimov oz xatirələrində deyirdi ki, Tiflis zadəganları Seyidin hər ifasından sonra onun qavalına kağız pul yox, qızıl onluqlar, daş-qaş, zinət əşyaları tökürdülər...
Seyid Şuşinski Qafqaz canişininin saray xanəndəsi seçilmək şərəfinə nail olmuşdu. Tiflisin mərkəzində gözəl imarətdə yaşayırdı. "Mersedes" markalı avtomobili olan yeganə azərbaycanlı xanəndə idi...
Bəs xanəndə-aktyor (o, həm də musiqili tamaşalarda əsas rolların ifaçısı kimi məşhurlaşmışdı) istedadı və zəhməti sayəsində qazandığı pulları hara və necə xərcləyirdi?
Tiflisdə digər millətlərin (rusların, gürcülərin, ermənilərin) ziyalı klubları fəaliyyət göstərirdi. Azərbaycanlıların kompakt toplaşması üçün belə bir mədəniyyət ocağı yox idi. Lakin tezliklə "Auditoriya" adlı Azərbaycan ziyalılar klubu yaradıldı və az zaman içərisində çox məşhurlaşdı. Xüsusən Şərq musiqisi azarkeşlərının "Məkkə"sinə çevrilən bu klubun yaradılması üçün icazə və quruculuq xərclərini çəkən Seyid Şuşinski olmuşdu.
O zaman təzə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı tez-tez maliyyə çətinlikləri ilə üzləşirdi. Belə vaxtlarda onun köməyinə tələsənlərdən biri də S.Şuşinski idi. Cəlil Məmmədquluzadə xatirələrində yazırdı: "...Borcumuz olduğundan jurnalın nəşrini dayandırmışdılar. Seyid bunu bilən kimi borcu ödəyib jurnalı açdırdı, üstəlik mənə də 200 manat qızıl pul verib dedi ki, gərəyiniz olar..."
Tanınmış səhnə ustası Mustafa Mərdanov isə Seyidin mesenatlıq fəaliyyətinin başqa çalarından danışırdı: "O, teatrda çətin rollar ifa etsə də, bizdən qonorar ummurdu. Əksinə, teatrın ehtiyaclarına çoxlu pul xərcləyirdi. Özü də təkcə teatrın yox, aktyorların da əyin-başını təzələyən o idi... Bir dəfə Bakıdan Tiflisə qastrola gələn artistlərimizi nimdaş geyimdə görən Seyid onlara təzə əyin-baş aldı, rahat mehmanxanada yerləşdirdi..."
Bu cür misalların sayını artırmaq olar. Lakin görkəmli teatrşünas Hacağa Abbasovun sözləri ilə bu silsiləyə yekun vurmaq istəyirəm: "Seyid Şuşinski Azərbaycan incəsənətini ucada görmək üçün nəyi vardısa, hamısından keçməyə hazır idi..."
...Bolşeviklər hakimiyyətə gələndən sonra var-dövləti əlindən alınan Seyid Şuşinski Bakıya köçür. Lakin "fəhlə-kəndli" hökuməti onun tək bir "varidatını" əlindən ala bilmir. Bu da onun istedadı, muğam və xalq mahnılarımızın virtuoz ifaçılıq məharəti idi. Məhz bu "varidatı" ilə o, yenə də xalqına sədaqətlə qulluq edir. Fabrik və zavodlarda, müxtəlif tədbirlərdə təşkil olunan konsertlərdə oxuyur, sadə insanlara sevinc bəxş edir. Bir müddət sonra Üzeyir bəy Hacıbəyovun köməyi ilə konservatoriyaya işə cəlb olunur. Daha sonra A.Zeynallı adına Musiqi Texnikumunun (indiki Bakı Musiqi Kolleci) müəllimi olur.
Müəllimlik fəaliyyəti dövründə Seyid Şuşinski yenidən "var-dövlət" sahibi olmağa başlayır. Bu dəfə onun əsas "varidatı" biliyini və təcrübəsini səxavətlə öyrətdiyi tələbələri olur. O, 70-i adlayandan sonra da oxuyub-öyrətməkdən yorulmur. Ötən əsrin 60-cı illərində musiqi aləmində şimşək kimi parlayan gənc müğənnilərin böyük əksəriyyəti Seyid Şuşinski məktəbindən bəhrələnənlər idi. Onlardan Zeynəb Xanlarovanı, Nəzakət Məmmədovanı, İslam Rzayevi, Əlibaba Məmmədovu, Qulu Əsgərovu, Nəriman Əliyevi, Maarif Məmmədovu, Ramiz Hacıyevi, Mais Salmanlını (səhv edəcəyimdən ehtiyatlanaraq adlarını çəkmədiyim digər tələbələri məni bağışlasınlar) yaxşı xatırlayıram. Bu insanlar sənət yolunda uğurla addımlayaraq şöhrət və mənsəb sahibi oldular. Necə deyərlər, Allahın bəxş etdiyi istedad və müəllimin səxavətlə öyrətdiyi bilik sayəsində əlləri çörəyə çatdı. Müəllim özü isə bu zaman tənha və çörəyə möhtac vəziyyətdə ömrünün son günlərini yaşayırdı. Candan yananı və qayğısına qalan bir kimsəsi olmadığından tələbəsi Nəriman Əliyev (o da haqq dünyasına qovuşub, yeri behişt olsun) ona himayədarlıq edirdi...
Beləliklə, bütün var-dövlətini, istedadını və ömrünü xalqının yolunda xərcləyən Seyid Şuşinski 76 yaşında dünyasını dəyişdi. Xalqın iradəsi ilə onu Fəxri xiyabanda dəfn etdilər.
...Yəqin başlanğıcdan da hiss etdiniz ki, bu yazının əsas baiskarı məzardır. Daha doğrusu, bu yazdıqlarım xalqımızın fəxri olan və qırx il əvvəl Fəxri xiyabanda dəfn olunan dahi sənətkarın məzarı önündə düşüncələrimdən ibarətdir. Məni düşünməyə vədar edən səbəb isə xalq üçün əziz olan bu məzarı çox miskin vəziyyətdə görməyim idi...
Seyid Şuşinskinin məzarını ziyarət etmək imkanı tapanlar (onun qəbrini soraqlaşmadan tapmaq asan deyil) elə ilk baxışdan hiss edərlər ki, bu məzarın əzəl gündən candan yananı olmayıb. Ətrafda ucalan, bahalı daşlardan yonulan məzarüstü abidələr (halal xoşları olsun!) fonunda onsuz da cılız görünən bu qəbir kompleksi bir tərəfdən də zamanın dağıdıcı təsirinə məruz qalıb. Sinədaşı bir neçə yerdən çatlayıb, başdaşının betondan tökülmüş özül hissəsi isə etibarlı suvaqla örtülmədiyindən quzulayıb tökülür. Belə getsə, onsuz da çat-çat olmuş başdaşı kiçik bir təkandan parçalanıb dağıla bilər. Başdaşı üzərində artıq soluxub itməkdə olan bu sözlər yazılmışdır: "Mir Moxsum Aqa Seid Şuşinskiy: 1889-1965". Daha heç nə. Sənəti, yaxud şəxsiyyəti barədə heç bir göstərici kəlmə yoxdur. Gənc nəslin nümayəndəsinin bu sözləri oxuyarkən Mir Möhsün Ağa kəlmələri altında kimi xatırlayacağını anlamaq çətindir. Axı el arasında heç də az məşhur olmayan müqəddəs "Ət Ağa"nın da əsl adı belə idi... Amma doğru deyiblər ki, hər məchulluğun bir aydınlığı olur. Yaxşı ki, Maarif varmış, onun düzəltdirdiyi bələdçi lövhəsi varmış. Bu barədə bir qədər sonra...
Seyid Şuşinskinin məzarı önündə beynimdən keçən ilk sual bu oldu: "Zaman-zaman əlləri pulla oynayan tələbələri müəllimin məzarını niyə şərəfləndirməyiblər?" Tez də öz sualımı özüm cavablandıraraq sənətdə saç-birçək ağartmış, bəziləri dünyasını dəyişmiş "Seyid məktəbinin yetirmələrinə" haqq qazandırmaq istədim: yəqin sovet dövrünün əxlaq normalarına görə Fəxri xiyabanın hüdudlarına müdaxilə etmək yasaq edilibmiş... Ancaq içərimdə bu mülahizəmi də təkzib edən fikir baş qaldırdı: onda bəs sovet dövründə mərhumlar üçün doğmaları tərəfindən ucaldılan abidələrə niyə qadağa qoyulmayıb? Belə məzarlar xiyabanda az deyil... Deməli, mənim haqq qazandırmaq çəhdim yanlış imiş. Buna sübut üçün Maarifin də hərəkətini misal çəkə bilərəm...
Başdaşının yuxarı hissəsində sonradan yonulub yapışdırılmış mərmər lövhədə bu sözlər yazılıb: "Bu xatirə lövhəsini ustadı üçün tələbəsi Maarif düzəltdirib". Sözlərin yanında "Əli qavallı Seyid"in kiçik portreti həkk olunub.
Bəs Maarif kimdir? Milli Musiqi Akademiyasının professoru, tanınmış tarzən Oqtay Quliyev onun haqqında ətraflı məlumat verdi:
- Maarif Məmmədov ötən əsrin 60-cı illərində A.Zeynallı adına Musiqi Texnikumunu bitirib. Seyid Şuşinskinin istedadlı tələbələrindən biri olub. Həmin illərdə Bakıda keçirilən musiqi festivallarında müxtəlif mükafatlar və laureat adını qazanıb. Onu paytaxt kollektivlərinə dəvət etsələr də, doğulub böyüdüyü şəhəri tərk etməyib, həmişəlik Bərdədə məskunlaşıb. Maarif Qarabağın say-seçmə xanəndələrindən biri kimi məşhurlaşmaqla yanaşı, həm də Bərdə Musiqi Məktəbində xalq musiqisindən dərs deyib. Onu zəhmətkeş və tələbkar müəllim kimi tanıyırlar. İndi Maarif müəllimin şagirdləri mötəbər muğam müsabiqələrinin qalibləri cərgəsində görünürlər...
Allah ürəyincə versin, Maarif müəllim. Ustadına etdiyin hədiyyə (xatirə lövhəsi) çox baha olmasa da, mənaca çox dəyərlidir. Sən alicənab hərəkətinlə mətbuatda və televiziya ekranlarında "Müəllim müqəddəsdir; ustadına kəm baxanın gözlərinə qan damar..." kimi ibarəli ifadələr işlədən imkanlı həmkarlarına yaxşı əxlaq dərsi vermisən...
Seyid Şuşinskinin məzarı önündə daha bir el məsəlini xatırladım: "Allah heç bəndəsini, hətta ölüsünü də yiyəsiz eləməsin". Lakin mən düşüncələrimi belə bədbin notda bitirmək istəmirəm. Heç buna lüzum da yoxdur. Çünki indi zaman ayrı zamandır və sənətə - sənətkara münasibət də kökündən dəyişib.
Fəxri xiyabanın da görkəmi və statusu dəyişib. O, tamam yenidən qurulub, paytaxtımızın yaraşıqlı park-məzarlığına çevrilib. Həm də nüfuzuna görə Şəhidlər xiyabanından sonra ən kütləvi ziyarətgah olub. Çünki burada xalqımızın elm və sənət korifeyləri ilə yanaşı, ümumdünya şöhrətli siyasi xadim, ulu öndərimiz Heydər Əliyev uyuyur...
Doğrudur, Fəxri xiyabanda həm öz sahibinin, həm də əbədi qərar tutduğu məkanın adına yaraşmayan məzarlar mövcuddur. Seyid Şuşinskinin miskin görkəmli qəbri də onlardan biridir. Lakin xiyabanın xidmətçiləri (məzarlıqda ideal təmizlik, səliqə-səhman yaradan bu insanların əməyi yüksək hörmətə layiqdir) ilə söhbət edərkən ümidli sözlər eşitdim: "Buradakı yosma qəbirlər tezliklə görkəmini dəyişəcək. Onların üstü yenidən işlənəcək, öz dilimizdə yazılmış bələdçi lövhələrlə (sovet dövründə məzarüstü yazılar rus dilində icra olunurdu - Y.K.) müşayiət olunacaq..."
Ümid yaxşı şeydir. İnanaq ki, bu gözəl "Panteon"da dahi sənətkarımız Seyid Şuşinskinin də adına layiq bir məzar görəcəyik.
Bu mövzuda daha bir ümid mənbəyimiz də var. Bu, respublikamızda irimiqyaslı xeyriyyəçilik missiyasını yerinə yetirən Heydər Əliyev Fondudur. O da bəllidir ki, fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xalq musiqimizin, xüsusən muğam sənətinin və sənətkarlarının böyük təəssübkeşi kimi ümumxalq sevgisi qazanıb.
Xalqın qəlbinə aparan sevgi cığırlarından biri də xalq musiqisindən, ona münasibətdən keçir...

Azərbaycan.-2006.-30 noyabr.-S.8.