Qocayeva A.
Azərbaycan musiqisinin uğuru
Ramiz Quliyev: “Əyyubun
ilk musiqi məktəbi
evimiz, ilk müəllimi də mən olmuşam”
Bu günlərdə
Azərbaycan xalqı olduqca sevindirici bir xəbər almışdır. Dirijor, tarzən
Əyyub Ramiz oğlu Quliyev Polşanın
Belostok şəhərində
keçirilən V. Lutoslavski
adına IV Beynəlxalq
Müsabiqənin qalibi olaraq 1-ci yerə çıxmışdır. Bu, Azərbaycan
musiqi tarixində dirijorluq üzrə ilk mükafatdır. 13 ölkədən
43 musiqiçi iştirak edib. Əyyub bu müsabiqədə
Mendelsonun, Çaykovskinin, Verdinin, Şopenin, Stravinskinin və Karloviçin əsərlərini
böyük məharətlə
səsləndirmişdir.
Oktyabrın 27-də Poldlaziya
Filarmoniyasında Belostok şəhər merinin, mədəniyyət nazirinin,
hökumət nümayəndolərinin,
məşhur musiqiçilərin
və tanınmış qonaqların iştirak etdikləri mərasimdə
müsabiqənin təntənəli
bağlanışı olmuşdur. Həmin mərasimdə gənc dirijor Əyyub mükafatla -
"Qızıl çubuq" heykəli, "Orkestr musiqiçilərinin simpatiyası"
mükafatı ilə təltif olunmuşdur. Bu toplantıda həmyerlimiz
Poldlaziya Filarmoniyasının
orkestrilə Mendelsonun
4-cü "İtalyan" simfoniyasını
ifa etmişdir.
Müsabiqənin laureatlan
2 il ərzində
Polşa və Avropanın bir sıra
orkestrləri ilə çıxış etmək üçün dəvətlər alıblar.
Bir ata və ilk müəllimi kimi xalq artisti,
professor Ramiz Quliyevə müraciət etdik.
- Ramiz müəllim, Əyyubun musiqiyə marağı olduğunu siz nə
vaxt hiss etdiniz?
- O, hələ 5
yaşında olarkən mən işdən evə dönəndə tarımın öz qutusuna
yaxşı qoyulmadığını görürdüm. Anasından bu barədə
soruşanda o, bir neçə dəfə Əyyubun tarı masanın üstünə qoyaraq dınqıldatdığının şahidi olduğunu söylədi. Mən tarımı harada gizlədirdimsə Əyyub
axtarıb tapırdı. Təngə gələrək
bir balaca tar düzəltdirdim və yavaş-yavaş onunla məşğul olmağa başladım. Əyyub 1994-cü ildə 10 yaşında
mənimlə Filarmoniyanın
səhnəsinə çıxdı,
birlikdə duet çaldıq və bununla Azərbaycanda ilk dəfə
olaraq tarda duet janrı yarandı. Yəni Əyyubun ilk musiqi məktəbi evimiz olub və ilk müəllimi də mən.olmuşam. Musiqi təhsilini isə R. Behbudov adına 2 saylı musiqi məktəbində
(1993-1996), sonra isə
Bülbül adına orta ixtisas musiqi
məktəbində davam
etdirmiş (1996-1999) və
1999-cu ildə həmin
məktəbi ekstern yolu ilə bitirmişdir.
- Əyyubun Musiqi Akademiyasına sənəd verməsi sizi təəccübləndirdimi?
- Həmişə tarla məşğul olan, bu sahə
üzrə təhsilini davam etdirən Əyyub 1999-cu ildə sənədlərini Musiqi
Akademiyasının dirijorluq fakültəsinə verəndə
məni təəccüb
bürüdü. Lakin o, qərarında qəti
idi. Onun dirijorluq ixtisasından
müəllimi professor Yalçın
Adıgözəlov oldu.
Yadımdadır, Əyyub
hələ orta mək-təbdə oxuyarkən
4 böyük şəxsiyyətin
- Ü. Hacıbəyov, Q. Qarayev,
F. Əmirov və Niyazinin şəkillərini ensiklopediyadan kəsərək
gündəliyinin arasında saxlayırdı. 10 yaşında
olarkən bunun səbəbini soruşanda onlar haqqında ayrı-ayrılıqda dedi ki, ata, mən
hiss edirəm ki, bu musiqini,
bu yolu Ü. Hacıbəyov yaradıb. Q. Qarayev davam etdirərək
Avropaya çıxarıb.
F. Əmirov
muğamlanmızı simfonikləşdirib. Filmdə görmüşəm,
F. Əmirov Amerikaya
Boston simfonik orkestri ilə çıxış etməyə gedəndə
təyyarədən əlində
tarla düşərkən ona bu alətlə
bağlı suallar verirlər, bax, bu mənim xoşuma
gəlib.
Niyazi dirijorluq edəndə elə bil əsər
tamam başqa cür səslənir.
Sonralar mən
hiss etdim ki, mayestro Niyazinin dirijorluq məharətinə
böyük məhəbbəti
Əyyubu bu yola çəkdi.
- Əyyubun
uğurları barədə danışmağınızı istərdik.
- Hələ Musiqi Akademiyasında təhsil alarkən Elmi Şuranın qərarı
ilə Ü. Hacıbəyov adına təqaüdə
layiq görülmüşdü. 1994-cü ildə "Novruz-94",
"Qönçə-94"də iştirak edib. 1995-ci ildə H.
Məmmədov adına şəhər müsabiqəsinin, 1996-cı ildə
III Uşaq Musiqi Festivalı "Qönçə-96"-nın laureatı
olub. 1997-ci ildə
görkəmli tarzən
M. S. Əsədoğlunun (Sadıqcanın)
anadan olmasının 150 illiyinə həsr olunmuş xalq çalğı
alətləri üzrə
Respublika müsabiqəsinin
qalibi olmuşdur. Elə həmin ildə dünya şöhrətli musiqiçi M. L. Rostropoviç Əyyubun ifasını yüksək qiymətləndirmiş
və özünün Bakı və Möskva
şəhərlərində keçirilən
70 illik yubiley konsertlərinə dəvət
etmişdir. Əyyub görkəmli
bəstəkar T. Quliyevin
İngiltərədə və
məşhur müğənni M.
Maqomayevin Rusiyada keçirilən 55 illik yubiley konsertlərində çıxış etmişdir. 1998-ci ildə Böyük
Britaniyanın London şəhərində
keçirilən Azərbaycan
mədəniyyəti günlərində
iştirak etmişdir. 2002-ci ildə Norveçin
Stavanger şəhərində
keçirilən Beynəlxalq
musiqi festivalında çıxış etmiş və
konsertlər vermişdir.
Ə. Quliyev dünyanın məşhur konsert salonları olan P. Çaykovski adına Moskva Dövlət
Konservatoriyası, Moskvanın
"Rossiya", Londonun
"Kensinqton", Norveçin
"Stavanger Konsertxoll"
zallarında çıxış etmişdir. Onun ifaları BBS, TQRT, STV, RTR, ORT və digər kanallar vasitəsilə yayımlanmışdr.
Əyyub hazırda
N. Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının
opera və simfonik dirijorluğu fakültəsinin aspiranturasında təhsil alır.
Mərhum Prezidentimiz
Heydər Əliyevin
1999-cu il 23 avqust tarixli fərmanı ilə Əyyubun adı "Qızıl kitab"a daxil edilmiş və
Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.
İstedadlı tarzən və dirijor Əyyub Quliyev haqqında digər böyük sənətkarlarımızın fikirlərini
də bilmək yerinə düşərdi.
Arif Məlikov
- görkəmli bəstəkar,
SSRİ xalq artisti,
professor:
- Əyyubun
bu uğuru ancaq alqışlanmalıdır. O, Azərbaycanın
fəxridir. Gələcəkdə Azərbaycan musiqisinə
Əyyub kimi simfonik dirijorlar lazımdır. Onun böyük gələcəyinə
inanıram. Arzu edirəm
ki, Əyyub ciddi musiqidə professional dirijor kimi yetişsin.
Onu təbrik edir və sənətdə daha böyük uğurlar
diləyirəm.
Tofiq Bakıxanov
- tanınmış bəstəkar,
xalq artisti, professor:
-
Əyyubun Beynəlxalq
müsabiqədə qələbə
qazanmasını eşidəndə
sevincdən qəlbim titrədi. Onun əldə etdiyi
bu böyük uğurun mayasında fitri istedad və
zəhmət durur. Əyyubun iştirak
etdiyi konsertlərə
baxarkən belə qərara gəlmişəm ki, o, həm bacarıqlı tarzən, həm də istedadlı dirijor kimi bundan sonra
da uğurlar əldə edəcək. Əyyub sivil Avropada çox çətin bir sınaqdan keçərək
Azərbaycan incəsənətini,
dirijorluq sənətini
bütün dünyada yüksək səviyyədə
nümayiş etdirdi. Gənc dirijorumuzu ürəkdən
təbrik edirəm.
Yalçın Adıgözəlov
- dirijor, xalq artisti, professor:
- Bu çox böyük uğurdur
və Azərbaycan incəsənətində yeni
hadisədir. Əyyub Musiqi Akademiyasında
mənim tələbəm
olarkən istedadlı, zəhmətkeş olduğunu, verilən tapşırıqları əlavə olaraq müstəqil axtarışlar aparmaq yolu ilə
müəlliminə qaytarmağı
çox sevdiyini görürdüm. İstedadlı tələbəmin sənətdə böyük uğurlar əldə edəcəyinə inanırdım.
Mən bu gün yanılmadığımı
görür və bir müəllim kimi qürur hissi
duyuram.
Yazı çapa hazırlanarkən Əyyubdan daha bir xoş xəbər
eşitdik; Əyyub Quliyev noyabrın 9-da Varşavada konsert verəcək. Hazırda Əyyub Varşavadadır
və qarşıdakı möhtəşəm konsertə ciddi hazırlaşır.
Biz də
qəzetimizin bütün oxucuları adından Əyyubu IV Beynəlxalq Müsabiqədə qazandığı böyük uğura görə
təbrik edir, ona qarşıdakı konsertdə
və gələcək
yaradıcılığında nailiyyətlər
arzulayırıq.
İki sahil.- 2006.- 8 noyabr.- S. 6.