Qocayeva A.

 

Əyyubun dünya şöhrətli uğuru

 

Gənc dirijor beynəlxalq müsabiqədə birinci olmaqla daha bir nailiyyətə imza atıb

 

Bu günlərdə Azərbaycan xalqı olduqca sevindirici bir xəbər alıb. Dirijor, tarzən Əyyub Ramiz oğlu Quliyev 22-27 oktyabr arasında Polşanın Belostok şəhərində keçirilən V.Lutoslavski adına IV Beynəlxalq Müsabiqənin qalibi olaraq 1-ci yerə çıxıb. Bu, Azərbaycan musiqi tarixində dirijorluq üzrə ilk hadisədir. II yer Polşaya, III yer isə Litvaya verilib. Almaniya, İtaliya, Amerika, Finlandiya, Koreya, Çin, Rusiya, Latviya, Litva, Ukrayna, Polşa, Belorus və Azərbaycan kimi 13 ölkədən 43 nəfər musiqiçinin iştirak etdiyi bu çətin müsabiqədə azərbaycanlı balasının qalib olması son dərəcə xoş və iftixar duyulasıdır. Gənc Əyyub bu müsabiqədə Mendelsonun, Çaykovskinin, Verdinin, Şopenin, Stravinskinin və Karloviçin əsərlərini böyük məharətlə səsləndirib. Oktyabrın 27-də Poldlaziya Filarmoniyasında Belostok şəhər merinin, mədəniyyət nazirinin, hökumət nümayəndələrinin, məşhur musiqiçilərin və tanınmış qonaqların iştirak etdikləri mərasimdə müsabiqənin təntənəli bağlanışı olub. Həmin mərasimdə gənc dirijor Əyyub I mükafatla-"Qızıl çubuq" heykəli və "Orkestr musiqiçilərinin simpatiyası" mükafatı ilə təltif olunub. Bu toplantıda həmyerlimiz Poldlaziya Filarmoniyasının orkestrilə Mendelsonun 4-cü "İtalyan" simfoniyasını ifa edib.

Onu da qeyd edək ki, müsabiqənin laureatları 2 il ərzində Polşa və Avropanın bir sıra orkestrləri ilə çıxış etmək üçün dəvətlər alıblar.

Əyyub Quliyevin həyat və yaradıcılığına nəzər saldıqda, onun bu dünya şöhrətli uğurunun heç də təsadüfi olmadığı aydın görünür. Bir ata və ilk müəllimi kimi sevincdən ürəyi köksünə sığmayan məşhur tarzən, Xalq artisti, professor Ramiz Quliyevlə oğlu Əyyubla bağlı söhbətləşərkən bunun bir daha şahidi olduq.

- Əyyubun musiqiyə marağı olduğunu siz nə vaxt hiss etmişdiniz?

- O, hələ 5 yaşında olarkən mən işdən evə dönəndə tarımın öz qutusuna yaxşı qoyulmadığını görürdüm. Anasından bu barədə soruşanda o, bir neçə dəfə Əyyubun tarı masanın üstünə qoyaraq dınqıldatdığının şahidi olduğunu söylədi. Mən tarımı harada gizlədirdimsə, Əyyub axtarıb tapırdı. Təngə gələrək bir balaca tar düzəltdirdim və yavaş-yavaş onunla məşğul olmağa başladım. Əyyub 1994-cü ildə 10 yaşında mənimlə Filarmoniyanın səhnəsinə çıxaraq birlikdə duet çaldı və bununla Azərbaycanda ilk dəfə olaraq tarda duet janrı yarandı. Yəni Əyyubun ilk musiqi məktəbi evimiz olub və ilk müəllimi də mən olmuşam. Musiqi təhsilini isə R. Behbudov adına 2 saylı musiqi məktəbində (1993-1996), sonra isə Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirib (1996-1999) və 1999-cu ildə həmin məktəbi ekstern yolu ilə bitirib.

- Əyyub Musiqi Akademiyasına sənəd verərkən sizi ilk dəfə olaraq bərk təəccübləndirmişdi.

- Doğrudur, həmişə tarla məşğul olan, bu sahə üzrə təhsilini davam etdirən Əyyub 1999-cu ildə sənədlərini Musiqi Akademiyasının dirijorluq fakültəsinə verəndə məni təəccüb bürüdü. Lakin o, qərarında qəti idi. Onun dirijorluq ixtisasından müəllimi professor Yalçın Adıgözəlov oldu.

Yadımdadır, Əyyub hələ orta məktəbdə oxuyarkən 4 böyük şəxsiyyətin - Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov və Niyazinin şəkillərini hətta ensiklopediyadan kəsərək gündəliyinin arasında saxlayırdı. 10 yaşında olarkən bunun səbəbini soruşanda onlar haqqında ayrı-ayrılıqda dedi ki, ata, mən hiss edirəm ki, bu musiqini, bu yolu Ü.Hacıbəyov yaradıb, Q.Qarayev davam etdirərək Avropaya çıxarıb. F.Əmirov muğamlarımızı simfonikləşdirib. Filmdə görmüşəm, F.Əmirov Amerikaya Boston simfonik orkestri ilə çıxış etməyə gedəndə təyyarədən əlində tarla düşərkən ona bu alətlə bağlı suallar verirlər, bax, bu mənim xoşuma gəlib. Niyazi dirijorluq edəndə elə bil əsər tamam başqa cür səslənir.

Sonralar mən hiss etdim ki, mayestro Niyazinin dirijorluq məharətinə böyük məhəbbəti Əyyubu bu yola çəkdi.

- Əyyubun uğurları barədə danışmağınızı istərdik.

- Hələ Musiqi Akademiyasında təhsil alarkən Elmi Şuranın qərarı ilə Ü.Hacıbəyov adına təqaüdə layiq görülmüşdü. 1994-cü ildə "Novruz-94", "Qönçə-94"də iştirak edib. 1995-ci ildə H.Məmmədov adına şəhər müsabiqəsinin, 1996-cı ildə III Uşaq Musiqi Festivalı "Qönçə-96"-nın laureatı olub. 1997-ci ildə görkəmli tarzən M.S.Əsədoğlunun (Sadıqcanın) anadan olmasının 150 illiyinə həsr olunmuş xalq çalğı alətləri üzrə Respublika müsabiqəsinin qalibi olub. Elə həmin ildə dünya şöhrətli musiqiçi M.L.Rostropoviç Əyyubun ifasını yüksək qiymətləndirib və mənimlə birlikdə özünün Bakı və Moskva şəhərlərində keçirilən 70 illik yubiley konsertlərinə dəvət edib. Əyyub görkəmli bəstəkar T.Quliyevin İngiltərədə və məşhur müğənni M.Maqomayevin Rusiyada keçirilən 55 illik yubiley konsertlərində çıxış edib. 1998-ci ildə London şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak edib. 2002-ci ildə Norveçin Stavanger şəhərində keçirilən Beynəlxalq musiqi festivalında çıxış edib və konsertlər verib.

Ə.Quliyev dünyanın məşhur konsert salonları olan P.Çaykovski adına Moskva Dövlət Konservatoriyası, Moskvanın "Rossiya", Londonun "Kensinqton", Norveçin "Stavanger Konsertxoll" zallarında çıxış edib. Onun ifaları BBS, TQRT, STV, RTR, ORT və digər kanallar vasitəsilə yayımlanıb.

Əyyub hazırda N.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının opera və simfonik dirijorluğu fakültəsinin aspiranturasında təhsil alır.

Mərhum prezidentimiz Heydər Əliyevin 1999-cu il 23 avqust tarixli fərmanı ilə Əyyubun adı "Qızıl kitab"a daxil edilib və Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Əyyub ölkəmizin ictimai-mədəni tədbirlərində yaxından iştirak edərək müxtəlif orkestrlərin müşayiəti ilə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini, klassik muğamlarımızı ifa və nümayiş etdirir. Bir müəllim və ata kimi ilk dəfə olaraq etiraf edirəm ki, mən Əyyub yaşında olanda bu qədər nailiyyətlər əldə edə bilməmişdim. Onun qazanacağı daha böyük uğurlar hələ qabaqdadır.

Bütün bunlar bir xalqı ləyaqətlə təmsil etməyə qadir Əyyub kimi oğul böyüdərək yaradıcılığa istiqamətləndirən atanın, görkəmli tarzən Ramiz Quliyevin ürək sözləri idi. İstedadlı tarzən və dirijor Əyyub Quliyev haqqında digər böyük sənətkarlarımızın fikirləri də yerinə düşərdi.

 

Arif Məlikov - görkəmli bəstəkar, SSRİ Xalq artisti, professor:

- Əyyubun bu uğuru ancaq alqışlanmalıdır. O, Azərbaycanın fəxridir. Gələcəkdə Azərbaycan musiqisinə Əyyub kimi simfonik dirijorlar çox lazımdır. Onun böyük gələcəyinə inanıram. Arzu edirəm ki, Əyyub ciddi musiqidə professional dirijor yetişsin. Onu təbrik edir və sənətdə daha böyük uğurlar diləyirəm.

 

Tofiq Bakıxanov - tanınmış bəstəkar, Xalq artisti, professor:

- Əyyubun beynəlxalq müsabiqədə qələbə qazanması xəbərini eşidəndə sevincdən qəlbimiz titrədi. Onun əldə etdiyi bu böyük uğurun mayasında fitri istedad və zəhmət durur. Mərhum prezidentimiz vaxtilə onun bu istedadını çox erkən duyaraq adını "Qızıl kitab" a saldırmış, Prezident təqaüdünə layiq görmüşdür. Əyyubun iştirak etdiyi konsertlərə baxarkən belə qərara gəlmişəm ki, o, həm bacarıqlı tarzən, həm də istedadlı dirijor kimi bundan sonra da çox böyük uğurlar əldə edəcək. Əyyub sivil Avropada sox çətin bir sınaqdan keçərək Azərbaycan incəsənətini, dirijorluq sənətini bütün dünyada yüksək səviyyədə nümayiş etdirdi. Gənc dirijorumuzu ürəkdən təbrik edirəm.

 

Yalçın Adıgözəlov - böyük dirijor, Xalq artisti, professor:

- Bu, çox böyük uğurdur və Azərbaycan incəsənətində yeni hadisədir. Əyyub Musiqi Akademiyasında mənim tələbəm olarkən çox istedadlı, zəhməteş olduğunu, verilən tapşırıqları əlavə olaraq müstəqil axtarışlar aparmaq yolu ilə müəlliminə qaytarmağı çox sevdiyini görürdüm. İstedadlı tələbəmin sənətdə böyük uğurlar əldə edəcəyinə çox inanırdım. Mən bu gün yanılmadığımı görür və bir müəllim kimi tələbəmin qələbəsindən qürur hissi duyuram.

 

Musa Mirzəyev - "Şöhrət" ordenli bəstəkar, Xalq artisti, professor:

- Əyyub dirijorluq üzrə beynəlxalq müsabiqədə iştirak etmiş və qələbə qazanmış birinci azərbaycanlıdır. Onun bu qələbəsini indiyə kimi sənətdə qəzandığı bütün uğurların məntiqi nəticəsi kimi qiymətləndirirəm. Əyyub gənc olmasına baxmayaraq, sənətdə çox prinsipial, istədiyinə nail olmağa çalışan çox zəhmətkeş və istedadlı bir sənətçidir. Dirijorluq sənətinin mərkəzi sayılan Sankt-Peterburq Konservatoriyasında Poliçuk kimi dünya şöhrətli bir dirijorun sinfində təhsil alan Əyyubun bu sahədə ən böyük qələbələr əldə etməsi belə heç də təəccüblü deyil. "Ot kokü üstə bitər" deyib babalarımız. Əyyub sənətçi ailəsində böyüyüb, Konservatoriyada məşhur musiqiçilərdən təhsil alaraq yetişib. Əyyub daim axtarışda olan istedadlı tarzən və dirijordur. Onun sənətdə çox böyük yeniliklərə nail olacağına inanıram.

 

Kaspi.- 2006.-17-20 noyabr.- S. 6.