Məhərrəmova
T.
“Lalə” qızlardan biri
Rəhilə Bəndəliyeva, müğənni: "Bu gün sənətdə düzgünlük yoxdur"
Bu il "Lalə" qızlar ansamblının 40 illik yubileyi qeyd olunacaq. Əslində, yubiley tədbiri ötən il keçirilməli idi. Ancaq müxtəlif səbəblərdən, ən başlıcası, maliyyə çətinliyi üzündən yubiley bu ilə qədər yubanıb. Ansamblın bədii rəhbəri Ceyran Haşımova bu yaxınlarda Xalq artisti fəxri adına layiq görülüb. Vaxtilə ansambldan pərvazlanan bir çox müğənnilər də fəxri adlarını alıblar. Ancaq ansamblda elə ifaçılar da var ki, uzun illərdir sənətə ləyaqətlə qulluq etdikləri halda yaddan çıxıblar. Ceyran xanımın öz dili ilə desək, "milliliyimizi qoruduqları üçün unudulublar".
"Kaspi"nin müxbiri unudulan belə müğənnilərdən biri - Rəhilə Bəndəliyeva ilə görüşüb.
- Hər bir insanın sənət seçimində müəyyən amillər rol oynayır. Siz bu seçiminizə görə kimə və ya nəyə borclusunuz?
- Mən Zəngəzur rayonunun ucqar kəndindənəm. O vaxt məktəblərdə dərnəklər təşkil olunur, tamaşalar göstərilirdi. Mənim də ikinci sinifdən oxumağa həvəsim vardı. O vaxtlar qız uşaqlarının müğənni kimi oxuması çox çətin idi. Musiqiyə çox həvəsim vardı. Atamın razılığı ilə sənətə gəldim və bu sənətlə ailəmizdə məşğul olan yeganə adam oldum.
- Yəqin ki, atanızı razı salmaq bir o qədər asan olmadı?
- Mənim sənətə gəlişim demək olar ki, bir romanın süjetinə bənzəyir. Sənətə əzablı yollarla gəlmişəm. Müğənni olmaq üçün hansı vasitələrə əl atmadım? Gah "özümü öldürdüm", gah özümü "itirdim". Atam mənə "yox" deyəndən sonra çarpayıda nənəmin sərdiyi yunların altında gizləndim. O məni səhər saat 5-ə qədər axtarmışdı. Axırda bacım yun arasından çıxan ayağımı gördükdən sonra çıxdım. Atam gəlib üzümdən öpdü və "kim nə deyir desin, daha səni saxlamaram" - dedi. Əmim məsləhət görürdü ki, atam məni APİ-yə aparsın. Ancaq atam: "Mən ölərəm, torpağım onun göz yaşından islanar" - dedi. Atam mənim göz yaşlarıma dözmədi. "Mənim qızımdısa, qoy alnı açıq olsun" - dedi. Dedim ki, "mənə bircə dəfə sınaq verin, gedim özümü sınayım. İnanın, mənim texnikuma daxil olmamağım üçün hamı nəzir deyirdi. Ancaq heç kəs oxuya biləcəyimə, ya da məndə istedad ola biləcəyinə inanmırdı. Hər şey Allahın qismətidir. Bir də Novruz bayramında qapı pusmağa çox inanırdım. Qonşuya gələndə qapıdan "darıxma, dəli könül, dediyin olacaq" sözlərini eşitdim. Ürəyimdə dedim ki, bu il texnikuma daxil olacağam. Doğrudan da, həmin il Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil oldum. Atamın bir sözü vardı: "Get, nəfəsim sənlə olsun". Bu sözlər həmişə qulaqlarımda səslənir.
- Bəs kəndinizdə müğənniliyinizə necə baxdılar?
- El tərəfindən mənfi qarşılandım. Kəndimizdə ilk qadın müğənni idim. Oxuyub kəndə qayıdanda: "Kənd ağsaqqalı oxudub qızını artist elədi. Bunu kim alacaq?" - deyirdilər. Atam onda sovet sədri işləyirdi. Ancaq ortaya çıxıb oxuyandan və get-gedə seviləndən sonra camaat da məni yaxşı qarşıladı. İndi məni yaşadan da öz camaatımızdır.
- Bəs həyat yoldaşınız sənət seçiminizi necə qarşıladı?
- Yoldaşımla əvvəl dost olmuşuq. O, öz elimizin oğludur. Ondan narazı deyiləm. Barmağıma üzük taxılanda: "Səni qastrola buraxacağam, sənətdən ayırmayacağam" - deyə söz verdi və sözünün üstündə durdu.
- Bəs necə oldu ki, məhz "Lalə" qızlara üz tutdunuz?
- Elə əvvəldən atamın təşəbbüsü ilə Ceyran xanımın yanına gəldim. Biz birlikdə 8 ay mükəmməl işlədik. O mənə sənətin incəliklərini öyrətdi. 8 aydan sonra Filarmoniyada keçirilən konsertimizdə birinci çıxış edən də mən idim.
- "Lalə"nin bir çox üzvləri sonradan müstəqil tanındılar. Bəs siz niyə ayrılmadınız ansambldan? Bu sizin "Lalə"yə sədaqətiniz idi, yoxsa başqa səbəblər vardı?
- Düzdür, bir çox tanınmış müğənnilər - Kəmalə Rəhimli, Nəzakət Məmmədova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Reyhan Müslümova və b. ilk addımlarını "Lalə"də atıblar. Kəmalə Rəhimlidən sonra ansamblın aparıcı solisti mən oldum. Bu ansambla o qədər bağlandım və Ceyran xanımdan elə bir qayğı gördüm ki, "Lalə"dən ayrıla bilmədim. "Xatirə" ansamblı onların konsertlərində oxumağımı istəyirdi. "Lalə"dən ayrılıb getməyi vicdanım qəbul eləmədi.
- Səhnənin sizin əlinizdən aldığı bir şey varmı?
- Deməzdim ki, səhnə mənim əlimdən nəyisə alıb. Ansamblda ola-ola ailə qurmuşam. İki övladım var. Səhnə ilə yaşamışam. İndi torpaqlarımızın bir hissəsi düşmən əlindədir. Biz də həmin yerlərə qastrollara gedə bilmirik. Bu illər ərzində mənən geri düşmüşəm, ölü kimi olmuşam. İndi müxtəlif tədbirlərdə iştirak edirik, rayonlara qastrollarımız olur. Amma o illər biz daha yüksəklərdə idik. Çoxlu konsertlərimiz olurdu. Nxçıvana qastrola gedəndə uşağım bələkdə 7 aylıq idi. Onun paltarlarını gecələr yuyub yana-yana qurudur və konsertə qaçırdım. Belə çətinliklər içərisində sənətə qulluq edirdik.
- Belə çıxır ki, sənətiniz sizdəki yalnız mənəvi boşluğu az-çox doldura bilir. Doğurdanmı maddi cəhətdən heç bir xeyri yoxdur?
- Sənətim ancaq mənəvi köməyim olur. Maddi cəhətdən ancaq toylardan qazanıram. Qaçqınların, köçkünlərin, imkansız adamların toylarında oxuyuram. Ancaq onlarla nə pul danışasan? Kimin imkanı nəyə çatırsa, onunla da qane oluram. İnanın ki, var-yoxumu yetim, kimsəsiz adamların toylarında qoyuram. İstəyirəm o toy elə keçsin ki, həmin adam imkansızlığını hiss etməsin. Varlı adam kimi istəsə, lap şöhrətli oxuyanı da toyuna gətirəcək. Amma qaçqın, köçkün bunu edə bilməz. Ona görə də mən belə toylarda can-başla oxuyuram. Getdiyim toylardakı qazancım isə heç səhnə paltarlarımın xərcini ödəmir. Heç kaset buraxdırmağa, yeni mahnılar almağa gücüm çatmır. Retro mahnılardan ibarət kaset buraxdırmaq istəyirəm. Heç olmasa "Lalə"nin adından bir şey qalsın. Bu gün artıq əvvəlki konsertlər yoxdur.
- Hansısa çətinliklər ucbatından sənətinizdən bezdiyiniz anlar olubmu?
- Olub... Bəzən hirslənirəm, ancaq musiqi eşidən kimi yenə də hirsim soyuyur. Mən musiqi ilə nəfəs alıram. Baxırsan ki, səndən sonra gələn müğənni 3-5 il oxuyur və Əməkdar artist adı alır. Mənim səhnə fəaliyyətimin tarixi isə düz 30 ilə yaxındır. Əməyə qiymət verirlərsə, 16 il "Azkonsert"də, Filarmoniyada oxumuşam. Əvvəldən fonoqramın əleyhinə olmuşam. Elə vaxt olub ki, konsertə getmişəm, işıq sönüb, amma konserti kəsməyərək canlı oxumuşam. İndiki oxuyanlara baxırsan, fonoqram ilə oxuyurlar ki, bəs mən də oxuyanam. Eləsi var ki, sənətimdən də aşağı yaşı var, amma qarşımda elə fonoqram ilə dayanıb oxuyur, deyirsən ki, mən bunun yanında heç oxuyan deyiləm.
- Övladlarınızı da sənətə hazırlayırsınızmı?
- Çox istərəm ki,
övladlarım musiqi ilə məşğul olsunlar. Oğlumun
səsi də var.
- Bəzi sənətçilər: "Özümüzü sənətə qurban verdiyimizdən ailə qurmamışıq" - deyirlər. Bu fikir nə qədər doğrudur?
- Mən də əvvəllər deyərdim ki, ailə qurmayacağam. Bir gün anam yalandan atamın dili ilə dedi ki, atan səni sənətə buraxdığı üçün peşman olub. Sonradan gördüm ki, yoldaşım atama layiq bir insandır. Bizim dostluğumuz məhəbbətə çevriləndən sonra onu qəbul elədim. O mənim sənətimi də, özümü də uca tutdu. Belə ailəyə insan canını da qurban verər. Əgər ailəni qurban vermək lazım olsaydı, Zeynəb Xanlarova ailə qurmazdı. Brilliantın, Kəmalənin, Mələkxanımın da gözəl ailəsi var. Mələkxanım uşaqlarını böyüdənə qədər oxumadı. Axırda yoldaşı gördü ki, bu insan solur, ona görə də oxumağa qoydu. Mən də uşaq böyütdüyüm üçün 4 il səhnədən uzaq düşmüşdüm.
- Bəs bu fasilədən sonra sənətə qayıdanda sizə elə gəlmədimi hər şeyi təzədən başlamalısınız?
- Mən sanki qəfəsdə idim. Azad bir quşa döndüm. Bu illərdə çox şey itirdim. İnanın, səhnədə əlimə mikrofon alanda sevincimdən ağlamışdım ki, səsim yerindədir. Bunun üçün həmişə Allaha şükür edirəm.
- Bugünkü çətinliklər həmin "azad quş"u yenidən qəfəsə salmayıbmı?
- Maddi cəhətdən elədir. Hər şey pulladır - mahnı da, klip də, aranjiman da. Bir mahnı yazdırmaq çox baha başa gəlir. Kim bilir həmin pulu qazanmaq üçün mən nə qədər qaçqın toyuna getməliyəm?
- Siz bu gün sənətdə qazandıqlarınıza görə özünüzü kimə çox borclu sayırsınız? Qadağalara baxmayaraq, sənətə gəlişinizə icazə verən atanıza, yoxsa sənətin incəliklərini sizə öyrədən Ceyran xanıma?
- Hər ikisinə. Atam göz yaşlarımı axmağa qoymadı. Ceyran xanıma da həmişə deyirəm ki, siz mənim atamsınız, sənətdə ilk dəfə əlimdən siz tutmusunuz. İndi də onun yanında oxuyanda utanıram. Elə bilirəm bu dəqiqə tarı saxlayıb: "Bu necə oxumaqdır?" - deyəcək. Məni ondan yəqin ki, ölüm ayırar.
- Vaxtilə atanızın qurutduğu göz yaşları haqsızlıqlarla qarşılaşanda yenidən sel olub axmadı ki?
- Düzdür, sənətdə haqsızlıqlarla çox qarşılaşmışıq. Bəzən bir yerə dəvət almışıq, sonra adımızı siyahıdan çıxarıblar. Yalan danışa bilmərəm ki, bunu kim edib. Qastrollarımıza da maneçilik olub. Ancaq bu maneçiliklərlə bərabər görürük ki, bizi xalq istəyir. Bu gün qiymətimi aldığım məclislərə gedirəm. Pul mənim üçün önəmli deyil. İstəyirəm oxuduğum məclisdə məni başa düşsünlər. Sənətə olan sevgimiz, bir də xalqın bizə olan məhəbbətini hiss etdikdə bütün haqsızlıqları unuduruq.