Azərbaycan musiqisinin Polşa triumfu
Əyyub Quliyev Dirijorların
IV Beynəlxalq müsabiqəsində
birinci yeri tutaraq, "Qızıl çubuq"la mükafatlandırılıb
İstedadlı gənc musiqiçi, tarzən və dirijor Əyyub Quliyev bugünlərdə olduqca mühüm bir yaradıcılıq uğuruna imza atıb. O, Polşada keçirilən Dirijorların IV Beynəlxalq Müsabiqəsində qalib gələrək, artıq mahir bir dirijor kimi yetişdiyini sübuta yetirib. Bu nüfuzlu sənət yarışmasında Ə.Quliyev birinci yeri tutaraq, "Qızıl Çubuq" heykəli ilə mükafatlandırılıb. Vitold Lutoslavskinin adını daşıyan bu müsabiqə hər 4 ildən bir Polşanın Belastok şəhərində keçirilir. Müsabiqə ərzində dirijorlar Poldlaziya Opera və Filarmonik Orkestri ilə çıxış edirlər. Bu il müsabiqəyə 42 nəfər qatılıb. 3 turdan ibarət müsabiqədə 2-ci yeri Polşadan, 3-cü yeri isə Litvadan olan musiqiçi tutub. Müsabiqənin bütün iştirakçıları əvvəlcədən göndərilən videoyazı ilə seçilərək qəbul edilib. Nəticədə birinci tura ABŞ, Almaniya, İtaliya, Yaponiya, Koreya, Çin, Latviya, Litva, Rusiya, Ukrayna, Belarusiya, Polşa və Azərbaycan nümayəndələri dəvət olunub.
Əyyub Quliyevin sözlərinə görə, müsabiqənin iştirak şərtləri çətinliyi ilə fərqlənib: "Çünki ifa edəcəyimiz əsərləri yalnız səhnəyə çıxmağa 40 dəqiqə qalmış püşkatma vasitəsilə öyrənirdik. 1-ci turda oktyabrın 24-də hər iştirakçıya 20 dəqiqə vaxt ayrılmışdı. Püşkatma nəticəsində mən Mendelsonun 4-cü "İtalian" simfoniyasının və Verdinin operasından üvertüranın, 2-ci turda səhər F.Şopenin fortepiano və orkestr üçün 1 saylı konsertinin, axşam isə Çaykovskinin 6-cı simfoniyasının ifasına dirijorluq etdim. Şərtlərə gorə, iştirakçı bu mərhələdə həm müşayiətçilik qabiliyyətini, həm də irihəcmli simfonik əsəri idarə etmək bacarığını göstərməli idi. Oktyabrın 26-da baş tutan 3-cü tur müsabiqənin ən çətin mərhələsi idi. Proqramda yalnız XX əsr bəstəkarlarının mürəkkəb əsərləri idi. Mən Stravinskinin "Firebird" baletindən süita və Polşa bəstəkarı Karloviçin "Simfonik orkestr üçün rapsodiya"sına dirijorluq edirdim". Oktyabrın 27-də Poldlaziya Filarmoniyasının böyük zalında müsabiqənin təntənəli bağlanışı olub. Tədbirə Belastok şəhərinin meri, Polşanın mədəniyyət naziri, hökumət nümayəndələri və tanınmış incəsənət xadimləri qatılıblar. Rəsmi hissədə münsiflər heyətinin sədri, görkəmli dirijor Piyarovski və sədr müavini C.Domarkas Əyyub Quliyevə "Qızıl Çubuq" heykəlciyini və 1-ci yerin sahibi üçün laureat diplomunu təqdim edib. Həmin gün Ə.Quliyev həm də orkestrin xüsusi mükafatına layiq görülüb.
Rəsmi hissədən sonra keçirilən konsertdə həmyerlimiz Poldlaziya filarmonik Orkestri ilə Mendelsonun 4-cü "İtalian" simfoniyasını ifa edib. Müsabiqənin şərtlərinə görə, laureatlar2 il ərzində Polşa və Avropanın ən tanınmış orkestrləri ilə birgə çıxış etmək hüququnu qazanıblar.
Ə.Quliyev noyabrın 9-da Polşanın Qdansk şəhərində Baltik Filarmonik Orkestri ilə birlikdə konsert verib. Proqramda Bethoven, Lutoslavski və Karloviçin əsərləri səsləndirilib. Noyabrın 15-də Sankt-Peterburq Konservatoriyasında keçirilən konsertdə isə Ə.Quliyev Çaykovskinin 6-cı simfoniyasına dirijorluq edib. Dekabrın 14-də gənc musiqiçinin dirijorluğu ilə Sankt-Peterburq Dövlət Opera və Balet Teatrınm orkestrinin ifasında Çaykovski, Motsart və Puççininin əsərləri səslənəcək. Yanvarın 12-də isə Ə.Quliyev Belostokda Poldlaziya Opera və Filarmonik Orkestri ilə birgə yenidən konsert verəcək.
Əyyub Quliyev yaxın vaxtlarda atası - görkəmli tarzən Ramiz Quliyevlə bərabər yeni konsert proqramı hazırlayaraq, dinləyicilərə təqdim etmək niyyətindədir: "Bu proqramı xüsusi olaraq atamın gələn il qeyd ediləcək 60 illik yubileyilə əlaqədar nəzərdə tutmuşuq. Proqramda tamamilə yeni və tarda indiyədək ifa olunmayan əsərlər səslənəcək".
Ə.Quliyev onu da
bildirib ki, xaricdən əlverişli iş və ya
nüfuzlu orkestrdə çıxış etmək barədə təklif alsa, bunu dəyərləndirəcək:
"Öz ölkəni və mədəniyyətini
xaricdə təbliğ etmək üçün bundan gözəl imkan ola bilməz.
Həm də bu, ölkəni tərk etmək mənasını vermir. Belə təklifi dəyərləndirməklə milli musiqimizi daha geniş təbliğ
etmək imkanı qazanmaq mümkündür".
525-ci qəzet.- 2006.- 17 noyabr.- S.22.