Meyxanaçı Vüqar: "İndiki
meyxanaçılar öz üzərlərində işləmirlər"
Müsahibimiz meyxana sənətinin tanınmış simalarından biridir. Gənc yaşlarından özünəməxsus
qafıyələri ilə
diqqəti cəlb edən, intellektual biliyi sayəsində meyxananı məhəllə səviyyəsindən inkişaf
etdirib, efirə gətirən, ona klip çəkdirən Vüqar həm də Azərbaycanın bölgələri və milli rəqsləri haqda yazdığı kompozisiyalarıyla
məşhurdur. Məlumat
üçün bildirək ki, Vüqar Əbdulov
1974-cü il martın 28-də Bakının Maştağa qəsəbəsində
dünyaya gəlib. 1990-cı ildə Mədəniyyət
və İncəsənət
Universitetinin aktyorluq fakültəsinə qəbul olub. Onunla söhbətə yaxın
keçmişindən başladıq.
- Vüqar, neçə yaşından meyxana deyirsən?
- Hardasa 16-17 yaşımdan
meyxana deyirəm. Ağlım kəsməyə başlayanda,
aktyorluq sənətinə
böyük həvəsim vardı. Orta məktəbdə oxuyanda,
humanitar fənlərə
daha çox meyillənmişdim. Tarixi, ədəbiyyatı
yaxşı oxuyurdum. Bizim kənddə o vaxtlar yaxşı meyxana məclisləri
olurdu. Heç vaxt ağlıma gəlməzdi ki, mən də nə vaxtsa professional səviyyədə meyxana deyərəm. Həmişə məclislərdə meyxana
ustadlarının ifasını dinləyirdim və özüm də meyxana deməyə həvəslənirdim.
Sonralar bir-iki dəfə yoxladım, gördüm ki, alınır. Nağıllar, rəvayətlər çox oxuyurdum, özüm üçün söz ehtiyatı
toplayırdım. Söz ehtiyatının çoxluğu mənə imkan verdi ki, meydanlarda təşkil olunan meyxana deyişmələrində
iştirak edim, meyxanaçıların qafiyəsinə
söz tapa bilim. Onlar üç qafiyə
söyləyəndə, mən
ikisini deyə bilirdim. Yavaş-yavaş meyxana sahəsində
təcrübə topladım.
Orta məktəbi bitirəndən
sonra sənədlərimi
Mədəniyyət və
İncəsənət Universitetinin
aktyorluq fakültəsinə
verdim. Bir neçə dəfə
diplom tamaşalarında oynamışam. Məhərrəm Bədirzadənin "Sonuncu şahid" filminə çəkilmişəm.
Rəhmətlik sənətkarımız, müəllimim Əlabbas Qədirovla tərəf-müqabil
olmuşam. Amma aktyorluq sənətini
davam etdirə bilmədim.
- Meyxanaya olan meyil aktyorluğa
üstün gəldi?
- Hardasa, hə. Məni daha çox meyxanaçı kimi tanımağa başladılar. Artıq meyxana məclislərində,
toy şənliklərində söylədiyim
meyxanaya tələbat
artdığı üçün aktyorluq sənətindən
aralandım.
- Nə əcəb valideynlərin
sənin aktyorluq sənətini seçməyinə
razı olublar?
- Mənim yeniyetmə dövrümdən bu yana çox dəyişikliklər olub. İndi mən valideynlər
tanıyıram ki, övladının aktyor, meyxanaçı, ən azı diktor olmasına,
televiziyada görünməsinə
özü razılıq verir. Amma o vaxtlar belə
şey qətiyyən yox idi. Məni heç Buzovnada futbol
məktəbinə getməyə
qoymurdular ki, düşəcəksən, o küçə
mənim, bu küçə sənin. Yəni cavan uşaqlarıq, avaralanarıq. Odur ki, mənim
seçdiyim sənətə
qarşı da evdən təzyiqlər vardı. O vaxt meyxanaçı olmaq aktyor olmaqdan daha təhlükəli idi. Çünki, mey məclislərində
içkiyə, digər pis vərdişlərə qurşanmaq olardı. Xoşbəxtlikdən mənim
ətrafımda pis adamlar olmaqla yanaşı, yaxşılar da az deyildi. Həmin yaxşılara və bir az da özümə etibar
edib, məni meyxana məclislərinə
buraxırdılar. Buraxmayanda isə anamı,
atamı aldadıb, qaçırdım. Hər halda, bizim
"karantin" müddətimiz
tez keçdi.
- Nizami Rəmziyə qədər meyxananın normal imici olmayıb. O rəhmətə
gedəndən sonra isə savadlı, intellektual səviyyəli meyxanaçı imicini sən davam etdirdin...
- Meyxananın iki qolu var. Biri
naşı meyxanadır, onda həm çılpaqlıq,
həm xuliqanlıq, həm də yerində saymaq var. O meyxana deyildiyi vaxt ləzzət eləyir, ona ikinci dəfə qulaq asmaq olmur.
Biri də var,
savadlı
meyxana. Universitetdə oxuyanda düşündüm
ki, naşı meyxana söyləyib, aktyorlarla birgə addımlaya bilmərəm.
Çalışdım, meyxanalarımı təsvirimdə
səhnələşdirim, onlara
bədii forma verim, məzmun tapım. Başladım, savadlı meyxanalar söyləməyə. Yəni düşdüyüm
vəziyyətə uyğun
meyxana tapmağa. Məsələn, Azərbaycan haqqında
istənilən vaxt
5-6 bənd meyxana deyə bilərəm.
Amma ahəngini tapanda, rəng qatanda, süjet xətti verəndə, o meyxana yadda qalır. Onu ekranlaşdırmaq da, səhnələşdirmək olur.
Və bununla da mən
Nizami Rəmzinin bir vaxtlar etdiklərini
və gələcəkdə
etmək istədiklərinin
bir hissəsini həyata keçirmişəm.
Ola bilər, buna görə də mənim yaradıcılığımı Nizami Rəmzinin sənətinə bənzədirlər.
Ağasəlim Çildaqda da məzmunlu meyxana yaratmaq istedadı vardı, məsələn, onun "Aman sürücü" qafiyəsini indi müğənnilər oxuyurlar. O vaxt Ağasəlimin şeirləri də vardı, mozalan tipli satirik
verilişlərdə səsləndirirdiiər.
Bilirsiz, indiki meyxanaçılar öz üzərlərində işləmirlər, onlar yalnız toyda meyxana
deməklə kifayətlənirlər.
Bir də məhəbbət mövzusuna böyük maraq göstərirlər.
Düzdür, əgər Füzulidən, Nizamidən sonra yenə məhəbbət
mövzusuna toxunuruqsa, deməli, bu, bitməz-tükənməzdir.
- Sənin çox maraqlı kliplərin
var. Kliplərinin ideyası
kimə məxsusdur və bu istiqamətdə
işini davam etdirəcəksən?
- Bəli, davam etdirəcəyəm. Mənim el şənlikləri
üçün kifayət qədər materialım var.
"Ata, sən özün cavan olmamısan ki", "Dəm-dəm",
"Tıxac" və başqa mövzulu meyxanalar
mənim üçün asanlaşıb. İndi qarşıma belə
məqsəd qoymuşam ki, əgər bir ay ərzində iki meyxana deyirəmsə,
üçüncüsü kompozisiya olmalıdır. Həm yadda qalsın, həm də tarixə düşsün.
Bu baxımdan
Tunar Rəhmanoğluyla
"Ramazan ayı" kompozisiyasını oxuduq, çox gözəl də alındı. Həcc
ziyarətinə həsr
olunmuş meyxanadan sonra "Ey dost", "Azərbaycan rəqsləri"
və "Azərbaycan
diyarı" kompozisiyalarını
hazırladıq. Onlara klip də çəkdirdik. Kliplərin ideyası
rejissorla özümə aiddir. İndi də musiqi
alətlərimiz - tar, kamança,
balaban haqqında təzə bir kompozisiya hazırlamışam. Həmişə
çalışıram, düşdüyüm məclisə uyğun meyxana deyim.
Mən həm də tarixi bölgələrimiz haqda kompozisiya yazmaq istəyirəm. Bu baxımdan öz fantaziyamdan
razıyam.
Üç nöqtə.- 2006.- 16 noyabr.- S. 13.