Şərif Azad

 

Qara Qarayev epoxası

 

Sosialist Əməyi Qəhrəmanı, xalq artisti, SSRİ və Azərbaycanın dövlət mükafatı laureatı - Qara Qarayev. Bir məsələ mənim üçün indi də bir sirr olaraq qalır. Görən, necə oldu ki, Qara Əbülfəz oğlu çoxsaylı dostlarını, öz yüksək sənətinin pərəstişkarlarını, ürəkdən sevdiyi doğma Bakısını burda onsuz qoyaraq soyuq Moskvaya üz tutdu.

O, Moskvaya köçdükdən sonra hər dəfə orada olanda mütləq onunla görüşərdim. Bizim görüşlərimiz bir qayda olaraq SSRI Bəstəkarlar İttifaqında baş tutardı hər dəfə o, acgözlüklə Bakıda baş vermiş yeni hadisələr haqda məni sorğu-suala tutardı. 1978-ci ilin mayında yenə Moskvada olarkən Qara müəllimə zəng etdim. O məni Moskva Operetta teatrına dəvət etdi. Həmin gün orada Edman Rostonun "Sirano de Berjerak" pyesi əsasında müzikl nümayiş olunurdu. Tamaşaya baxmaq istəyənlərin sayı həddən ziyadə çox idi, giriş qapısının həndəvərində adam əlindən tərpənmək olmurdu. Qara müəllim həmin gün məni gizli yolla, giriş qapısından yan keçməklə tamaşaya baxmağa apardı.

Qara Qarayevdə istedadı ilk görən qiymətləndirən Üzeyir Hacıbəyov olub. Onun Rəsul Rzanın sözlərinə yazdığı "Ürək nəğməsi" kantatasını dinlədikdən sonra Üzeyir bəy adəti üzrə bığlarına sığal çəkərək (bu bir qayda olaraq onun yaxşı əhval-ruhiyyədə olmasından xəbər verirdi) demişdi: "Bu gəncin parlaq gələcəyi var". O zaman Qara Qarayevin cəmi 20 yaşı vardı. Bakı konservatoriyasında Qara Qarayev eyni vaxtda iki fakültədə təhsil alırdı. O, fortepianodan professor Q.Taroevdən, bəstəkarlıq nəzəriyyəsindən isə professor LRudolfdan dərs alırdı. Bu pedaqoqlar hər ikisi öz işlərinin peşəkarı idilər. nəhayət, Q.Qarayev Moskva konservatoriyasında D.Şostakoviçin tələbəsı olur. D.Şostakoviçin sinfində oxuduğu dövrü Qara Qarayev belə xatırlayırdı: "Dmitri Dmitriyeviç yaradıcılığa qarşı məsuliyyətsizliyi, diletantlığı həzm edə bilmirdi. O, tələbələrinə sənətlərinə məsuliyyətlə yanaşmağı təlqin etməyə çalışırdı".

Qara Qarayev hələ Moskva konservatoriyasının tələbəsi ikən Cövdət Hacıyevlə birgə "Vətən" operasını yazır. Bu operaya görə onların hər ikisi Stalin mükafatının laureatı adını alır. Aradan 8 il ötdükdən sonra Qara Qarayev ikinci dəfə bu ali mükafata layiq görülür. O, həmin mükafatı şəxsən bir dinləyici kimi həddən ziyadə bəyəndiyim yüksək qiymətləndirdiyim "Leyli Məcnun" simfonik poemasına görə alır.

Qara Qarayevin atası, tanınmış uşaq həkimi Əbülfəz Qarayev böyük oğlunun onun sənətinin davamçısı olmasını çox arzu edirdi. Ancaq onu da deyim ki, o özü xalq musiqisini çox sevər, klassik muğamlarımızı zümzümə etməyi çox xoşlayardı. Q.Qarayevin anası Sona xanım isə rus musiqi məktəbinin Bakı filialının ilk, özü istedadlı məzunlarından idi. yalnız 1952-ci ildə "Yeddi gözəl" baletinin premyerasından xəbər verən arşın-arşın afişalar bütün şəhəri başına alanda Əbülfəz müəllim həyat yoldaşına demişdi: "Gəl onu rahat buraxaq, deyəsən o, həqiqətən də öz istədiyini tapıb". O zaman Qara Qarayevin cəmi 33 yaşı var idi. Ailənin kiçik oğlu Mürsəl isə atasının yolunu seçdi. O, çox gözəl cərrah, maraqlı insan idi. Təəssüf ki, Mürsəl dünyasını erkən dəyişdi.

Bəli, Qara Əbülfəz oğlu elə uzun olmayan 65 illik ömrü ərzində o qədər əsər yazıb ki, onlar bir neçə uzunömürlü yaradıcılıq həyatına artıqlaması ilə bəs edər. Yalnız onun yazdıqlarının sadalanması bir neçə kitab səhifəsi həcminə bərabərdir. Onun yazdığı Üçüncü simfoniyaya, bir-birindən gözəl simfonik lövhələrə, “Don Kixot”a həyəcansız qulaq asmaq mümkün deyil. Hələ mən "Yeddi gözəl" "İldırımlı yollarla" baletlərini demirəm. Qara Qarayev yaradıcılığı ərzində 20 bədii sənədli filmlər üçün musiqi yazıb.

Üzeyir Hacıbəyov vəfat etdikdən sonra çox ədalətli olaraq Qara Qarayevi konservatoriyanın rektoru vəzifəsinə təyin edirlər. Az sonra isə o, Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilir.

Üzeyir Hacıbəyovdan sonra Qara Qarayevin rektor olması yaradıcılıq estafetinin ən layiqli davamçıya ötürülməsi idi. Qara Qarayev rektor kreslosuna əyləşdikdən sonra Moskva konservatoriyasının nümunəsindən istifadə edərək təhsil ocağında yaradıcı mühitin, ictimai idman həyatının inkişafı istiqamətində işlər görməyə başladı. Mənim qonşum Məmmədsaleh İsmayılov bir dəfə demişdi ki, Qara Qarayev respublikanın dağ rayonlarında təşkil olunan bütün musiqi folklor ekspedisiyalarında şəxsən iştirak edərdi. O, Z.Bağırov C.Hacıyevlə birgə "Eddison" səsyazma aparatı vasitəsilə bu səfərlər zamanı çox zəngin material toplayardı.

Qara Qarayev iddia edərdi ki, Azərbaycanın bəstəkarlıq məktəbi hansısa digər şəraitdə yüzilliklər ərzində keçilməli yolu onillər ərzində keçib. O, 70-ə yaxın bəstəkar yetişdirib. Düzdür, onlar hamısı eyni dərəcədə istedadlı deyil, ancaq hər halda öz işlərinin peşəkarlarıdır.

Onun musiqisi XXI əsrdə belə hamı tərəfindən qəbul edilmiş dünya standartlarına cavab verməklə təkrarsızlığı ilə yanaşı, həm ruhuna görə millidir.

Qara Əbülfəz oğlunun yaxın dostlarından olan İmran Qasımov onun qeyri-adi erudisiyası haqda deyərdi: "...O, ölkənin musiqi dairələrində şəksiz nüfuza malik idi. Qara Qarayevin musiqisini dərin obrazlardan ibarət bütöv bir dünyaya bənzədən Fikrət Əmirov min dəfə haqlı imiş. Onun musiqisi dinləyəni şənləndirmir, əksinə düşünməyə vadar edir. Bethovenin məşhur deyiminə istinadən demək olar ki, Qara Qarayevin əsərləri ürəklərdən şölə çıxarmağa qadirdir.

Hələ sağlığında bütün dünya tərəfindən qəbul edilən ilk azərbaycanlı bəstəkarımızın Bakını nəyə görə tərk etməsi hər halda mənim üçün bir sirr olaraq qalır.

Qara Qarayevin oğlu, Azərbaycanın əməkdar incəsənət xadimi Fərəc Qarayev Azərbaycan konservatoriyasında təhsil alıb. O, sovet musiqisinin klassiklərindən hesab olunan atası Qara Qarayevin sinfində bəstəkarlıq üzrə aspiranturanı bitirib. "Qobustan kölgələri" "Kaleydoskop" adlı iki bir aktlı baletlərin müəllifidir.

Bu yaxınlarda "Azərbaycan dünyada" (Azerbaydjan v mire) jurnalının 7-ci sayında Fərhad Rufadinin Fərəcin yaradıcılığı haqda çox maraqlı məqaləsi dərc olunub. O, yazır: "Onun yaradıcılığında axtarışların xronologiyası klassiklikdən daha çox, tipik avanqard sıçrayışlara bənzəyir. bunlar F.Qarayev tərəfindən A.Skryabinin 10-cu sonatasında A.Şenberqin ifaçılardan ibarət ansamblında tətbiq edilən uğurlu təcrübələrdə özünü bir daha təsdiq edir".

F.Qarayev bir çox uğur qazanmış əsərlərini, məsələn, iki ifaçı üçün sonata, "Tritesse I", "1791"-i 30-40 yaş arasında ərsəyə gətirib. Hazırda onun yazdığı musiqi bir çox mötəbər beynəlxalq festivallarda səsləndirilir, dünyanın aparıcı musiqi kollektivləri solistləri tərəfindən ifa edilir. F.Qarayev bir çox mötəbər müsabiqələrin münsiflər heyətində əyləşir. O, 1966-cı ildən milli konservatoriyamızda bəstəkarlıq dərsini keçirdi, son illər isə F.Qarayev həm Moskva Kazan konservatoriyalarının professorudur.

Onun şagirdləri arasında beynəlxalq müsabiqələr laureatları, adlı-sanlı musiqiçilər var, F.Qarayevin yetirmələrinin əsərləri bu gün dünyanın müxtəlif guşələrində tanınır onlar Azərbaycan bəstəkarlıq məktəbini yüksək səviyyədə, layiqincə təmsil edirlər.

 

525-ci qəzet.- 2006.- 4 noyabr.- S. 29.