Teymurova Nəzakət:
“Sənətim ailəmdə problem yaradır”
Həmsöhbətimiz Opera
və Balet Teatrının solisti, xalq artisti Nəzakət Teymurovadır.
Sənətdə gənc yaşda şöhrətin ən uca
zirvəsinə çatmaq hamıya nəsib olmur. Lakin Nəzakət
xanım artıq bu sənətdə özünə layiq olan yeri tutub. Onunla
on ildən bəri çalışdığı Opera və Balet Teatrından görüşüb
söhbətləşdik.
-
Nəzakət xanım, Opera və Balet Teatrının solistləri
arasında ən gənc xalq artisti fəxri adını alan sizsiniz.
- Mən indiyədək böyüklü-kiçikli yeddi rolda oynamışam. Həmişə istəmişəm. Tamaşaçıların qarşısına çıxanda, məni Nəzakət kimi yox, oynadığım rolun ifaçısı kimi görsünlər. Yəqin ki, sənətimə, uğurlarıma görə rəhbərlik məni bu fəxri ada layiq görüb.
- Müğənnilərin əksəriyyəti deyir ki, opera sənəti xanəndənin səsini batırır. Siz bu fikirlə razısınız?
- Əslində, səsi insana verən Allahdır. Əgər o, bu səsi insana veribsə, almaz. Təbii ki, mikrofonsuz oxunan ifalarda səsin üzərinə ağırlıq çox düşür. Bir tamaşanın üzərində aylarla məşq edirik. Bundan başqa, bir də görürsən soyuq dəyir, xəstələnirsən. Lakin bu o demək deyil ki, bu qədər işdən sonra səs batmalıdır. Səsdə yorğunluqdan xırıltı əmələ gələ bilər, lakin oxuduqca səs açılır. Səsin dəyişməsi yaşla əlaqədardır, insan kamilləşəndə səsi də azalır.
- Opera sənətinin
nə kimi çətinlikləri var?
- Opera sənətində gərək
xanəndə kimi ifa etməyəsən. Hətta ifana aktrisalıq da əlavə etməlisən. Yəni, biri
var, xanəndə kimi oxuyasan, bir də var
Leyli və Şahsənəm kimi. Tamaşaçı da səhnədə
Nəzakət Teymurovanın yox, Leylinin oxumağına daha çox diqqət
kəsilir. Xanəndənin
ifasında Leylinin, Şahsənəmin dərdi, fəryadı hiss olunmalıdır.
- Nəzakət xanım, indiyədək ailənizdə
oxuyan olub, yoxsa ilk addımı siz atmısınız?
- Anamın, bacımın səsi var. Anam müsabiqələrdə iştirak
edib və Bakıya dəvət olunub. Amma ailəsi icazə
verməyib. Bacım da əvvəlcə oxuyub, festivallarda iştirak edib. O da ailə qurandan sonra yoldaşı icazə
vermədi. İndi-indi el şənliklərində iştirak edir. Amma
professional səhnədə hələlik təkcə
mənəm.
- Burda Nəriman Əliyevin kursunda oxumusunuz. Bəs, Ağdamda sənət müəlliminiz kim
olub?
- Mən 8-ci sinfi başa vurandan
sonra Bakı Energetika Texnikumuna daxil olmuşdum. Orda oxuyanda, dərnəklərə
gedirdim. 1989-cu ildə müsabiqədə iştirak edib birinci
yerə çıxmışdım.
Peşə məktəblərinin
tələbələri arasında
Respublika Musiqi Müsabiqəsi
keçirilirdi. Münsiflər heyətində
Arif Babayev, Nəriman Əliyev kimi sənətkarlar oturmuşdu. Yekun konsertimiz həm Heydər Əliyev adına Sarayda,
həm də Filarmoniyada oldu. Mənə dedilər ki, sənədlərini oxuduğun texnikumdan götürüb, Asəf Zeynallı adına Musiqi Texnikumuna verməlisən.
Musiqi Texnikumuna qəbul olunanda isə məni Nəriman Əliyevin sinfinə yazdılar. Texnikumu bitirəndən sonra təyinatımı Opera və Balet Teatrına verdilər. Burda isə gənc
ifaçıları müsabiqə yolu ilə seçirdilər.
İlk rolum "Leyli və Məcnun"
operasında Leyli, tərəf müqabilimsə Mənsum
İbrahimov olub.
- Deyirsiniz ki, ananıza və bacınıza oxumağa imkan verilməyib. Bəs sizin Energetika Texnikumunu Asəf Zeynallı adına Musiqi Texnikumuna dəyişməyinizi evdə
necə qarşıladılar?
- Qardaşlarım çox narazı idilər. Hələ o vaxt evdə deyəndə ki, sənədlərimi götürüb Asəf Zeynallı adına
Musiqi Texnikumuna vermək istəyirəm, böyük qardaşım məni Ukraynaya apardı ki, imtahanların
vaxtı keçsin. Elə oldu ki, həmin
vaxt imtahanların vaxtı avqust ayınadək
uzandı.
- Sənətiniz ailənizdə
problem yaratmır ki?
- Müəyyən mənada
yaradır. Sənətçi xanımın əri
çox səbirli olmalıdır. Bəzən istəmədiyin halda əlavə problem yaranır. Bu gün sənəti elə vəziyyətə qoyublar
ki, problemlər istəmədiyin halda yaranır. Çünki oxuyanların sayı
çoxalıb. Baxırsan ki, nə səsi var, nə də qabiliyyəti, üstəlik xarici görünüşü, geyimi də heç nəyə dəyməz. Belələri də özünə müğənni deyir. Bizlərə də problem yaradırlar.
Oxumağı çox ucuzlaşdırıblar, hamıya asan gəlir.
İnsanlar müxtəlif düşüncələrə
malikdirlər. Belələri
başa düşmürlər ki, kənardan baxanda gülünc, boş adam
kimi görünürlər. Bu da özəl
kanalların əməlidir.
Bizim dövrümüzdə efirə çıxmaq böyük prestij
sayılırdı. Amma indi kim
gəldi, pulunu verib efirə çıxır. Telekanallarda pulunu alıb həmin
bayağı musiqiləri az qala camaata yedizdirirlər. Mən efirə ilk dəfə
1993-cü ildə çıxmışam.
0 vaxt bir
muğamla televiziyaya çıxmaq üçün gedib
saatlarla boynumuzu büküb gözləyirdik. Neçə dəfə məşqlər edirdik. Həm də o vaxt
müəllimlərimiz də
efirə çıxmağa icazə vermirdilər ki, birdən yaxşı oxumarıq.
- Yoldaşınız evdə sənətinizə göra hirslənib daha oxuma deyibmi?
- Demirəm ki, bizim evdə sənətlə
bağlı problemlər olmur. Olur... Amma hələlik yoldaşım qəti şəkildə deməyib ki, sənətdən gedim.
Hərdən hansısa xarici
səfər zamanı qadağalar olur. Bu da uşaqlarla
bağlı olur.
- Hər halda, yoldaşınız evlənəndə, tanımış
opera sənətçisi və
əməkdar artistlə
evləndiyini yaxşı bilirdi...
- Nə bilim, əşi...
- Yoldaşınız da ağdamlıdır?
- Bəli.
- Onda sizi yaxşı
başa düşər...
- Yenə də deyirəm, artıq sənətçiyə münasibət
dəyişib. Necə deyərlər, hamıya
bir bezin qırağı kimi baxırlar.
Sənət yüksək səviyyədədir,
amma onun içindəkilərin zibili çıxıb.
- Yoldaşınızı özünüz seçmisiniz, yoxsa sizi evdən veriblər?
- Məsləhətli
don gen olar,
amma özüm istəmişəm. Bir qızım var.
- Səsi olsa, oxumağa icazə verəcəksiz?
- Mən qızımı həkim görmək istəyirəm, baxmayaraq ki, yaxşı musiqi duyumu var. Pianoda çalmağı öyrənib. İstəyirəm, piano sinfinə qoyum, çalmağı öyrənsin. Amma
professional musiqiçi olmasını
istəmirəm.
- Eynilə valideynləriniz kimi...
- Bilirsiz, bu sənət
çox çətindir, istəmirəm
qızım heyatında əziyyət çəksin. İnsan bu sənətdə canını verir.
- Filarmoniyadakı konsertinizdən
uzun bir zaman keçib. Nəsə
solokonsert verməyə
həvəs göstərmirsiniz...
- Bir müddət əvvəl Heydər Əliyev adına Sarayda
Kamera Orkestri ilə konsert verməyi planlaşdırırdım. Lakin əsərlərin nota salınması gecikdi.
- Konsertlərinizi
kim hazırlayır?
-
Ceyhun Allahverdiyev
adlı bəstəkar var, özü də
Arif Babayevin tələbəsi olub. Gərək
bütün işimi-gücümü atıb konsertlə məşğul olum. Bu da hələlik
alınmır. İnşallah, təzə ildə konsertimiz baş tutar.
Üç nöqtə.- 2006.- 17 noyabr.- S. 13.