Təhmirəzqızı S.

 

Bəstəkarın zəngin sənət aləmi

Ramiz Mustafayev - 80


Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından biri də respublikanın xalq artisti “Şöhrət” ordenli sənətkar, Prezident təqaüdçüsü Ramiz Mustafayevdir. Onu bu zirvəyə gətirən istedadı və bacarığı ilə bərabər, həm də sənətinə olan xalq məhəbbətidir. Belə uğur qazanmaq bəstəkar üçün asan olmayıb. Ramiz Hacı oğlu Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. İncəsənətə olan marağı onu erkən yaşlarından teatr səhnəsinə yönəldib. O uşaq yaşlarından ömrünü səhnə ilə təmasda keçirib, 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöhəsinə daxil olub.Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Bu illər Ramiz müəllimin yaradıcılığında xüsusi mərhələ olub, görkəmli sənətkarlarla çiyin-çiyinə çalışıb. Ramiz müəllimin teatrla bağlılığı sonralar onun səhnə musiqisi əsərlərinin yaranmasına səbəb olub.
Ramiz Mustafayevin fitri istedadı incəsənətin bir neçə sahəsini əhatə edir. O, professional vokal təhsil alıb. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirən Ramiz müəllimin həyatının bu mərhələsi onun bəstəkarlıq fəaliyyətində mühüm rol oynayıb. Sonrakı illərdə o, vokal musiqisinin mürəkkəb janrlarında dəyərli əsərlər yaradıb. Teatr və musiqinin sirlərini mənimsəyən Ramiz Mustafayev yaratdığı gözəl səhnə və vokal əsərləri bəstəkarlıq fəaliyyətinin əsas istiqamətini təşkil edir.
Ramiz Mustafayev bəstəkarlıqla erkən yaşlarından məşğul olmağa başlayıb, xalq musiqisindən qaynaqlanan melodiyalar yaradıb. Onu bu sənətə marağı getdikcə artıb. Teatr Texnikumunda və Konservatoriyanın vokal şöbəsində təhsil aldığı illərdə o, bəstəkarlığa xüsusi maraq göstərib. 1952-ci ildə ikinci dəfə Konservatoriyaya daxil olaraq Boris Zeydmandan bəstəkarlığın sirlərini öyrənib. Skripka ilə fortepiano üçün sonata, viola üçün variasiyalar, simli kvartet, simfonik orkestr üçün uvertüra, neçə-neçə mahnı və romanslar yazıb. 1957-ci ildən o, peşəkar bəstəkar kimi böyük yaradıcılıq yoluna qədəm qoyub, Azərbaycan professional musiqi mədəniyyətini zənginləşdirən layiqli musiqi əsərləri yazıb. Bu əsərlər məzmunca müxtəlif olsa da onları bir ideya birləşdirir: Vətənə, torpağa, anaya, xalqa və sənətə məhəbbət. Bəstəkar elə mövzulara müraciət edib ki, onlar yüksək bədii və etik məna kəsb etsin. O, bu mövzuları xalq musiqisindən rişələnən və müasir musiqi elementləri ilə çulğalaşan üslubla ifadə edib. Onun əsərləri xalq musiqisi ruhunda yazılmış professional sənət nümunələridir.
Ramiz Mustafayevin yaradıcılığında musiqinin müxtəlif janrları öz əksini tapıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 4 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.
Ramiz müəllimin yaradıcılığında səhnə əsərləri müzüm yer tutur. Hələ 1957-ci ildə bəstəkarlıq təhsilini bitirərkən S.Vurğunun “Fərhad və Şirin” pyesi əsasında yazdığı birpərdəli “Şirin” operası diplom işi olub. Ramiz Mustafayev yenidən Səməd Vurğun yaradıclığına üz tutub və 1960-cı ildə “Vaqif” operasını yazıb.
Azərbaycan radiosunda hazırladığım verilişlərdə dəfələrlə Ramiz müəllimlə həmsöhbət olmuşuq. Onun öz yaradıcılığı ilə bağlı maraqlı söhbətlər radiomuzun fondunda saxlanılır. Bu verilişlərin birində, o, “Vaqif” operasının yaranması barədə belə deyir: “Təxminən 1943-cü il olardı. Onda mən Dram Teatrında işləyirdim. Bir gün Səməd Vurğunun ”Vaqif" tamaşası oynanılırdı. Nə üçünsə görkəmli sənətkarımız İ.Dağıstanlı gələ bilmədi. Onun oynadığı Əlibəy rolunu rejissor mənə həvalə etdi. Əvvəl tərəddüd etdim, lakin həmkarlarım məni ruhlandırdılar və bir obrazı yaratmağa nail oldum. Elə o vaxt düşündüm ki, bu əsəri operaya çevirmək olar”.
47 ildir ki, “Vaqif” Opera və Balet Teatrının repertuarındandır. Öz yaradıcılığına tələbkarlıqla yanaşan bəstəkar bir neçə dəfə bu operanı redaktə edib, mükəmməl bir əsər yaranıb. Operanın librettosunu mərhum sənətkarımız Firudin Mehdiyev yazıb. Bəstəkar bu operaya görə 1962-ci ildə laureat adına layiq görülüb. Həmin il Ramiz müəllim Mirzə Ələkbər Sabirin 100 illik yubileyinə “Xan və əkinçi” operasını hədiyyə edib.
Bəstəkarın bu janrda ən maraqlı əsərlərindən biri də Ənvər Əlibəylinin poeması əsasında yazdığı “Polad” radio operasıdır. Uşaqları da unutmayan bəstəkar 1954-cü ildə Teymur Elçinin librettosu əsasında “Tərs keçi” birpərdəli operasını yazıb. Bəstəkar digər musiqili səhnə janrı olan operettaya da müraciət edib və musiqi əsərinin dili ilə zamanın çatışmazlıqlarına öz münasibətini bildirib. Bu janrda onun ilk əsəri “Hacı Qara” komediyası janrında unudulmaz sənətkarımız Vasif Adıgözəlovla birgə yazdıqları “Xəsis” operettasıdır. Sonralar bəstəkar “Axırı yaxşı olar” (1967-ci il) “Qonşumuzda bir oğlan var” və s. musiqili komediyalarını yazıb.
Ramiz müəllim həm də Azərbaycan xor musiqisinin inkişafında çox mühüm xidməti olan bir bəstəkardır. O, bütün yaradıcılığı boyu bu janra müraciət edib. Bəstəkarın bu qəbildən olan əsərləri Azərbaycan xor musiqisini zənginləşdirir. “Ana”, “Hüseyn Cavid”, “Nəriman Nərimanov”, “İnam”, “Mənim müasirim”, “Salatın”, “Məhəmməd və Leyla”, “Nizami” oratoriyaları, “Haqq səndədir”, “Şevçenko”, “Səməd Vurğun”, “Kür–Abşeron” kantataları, “Bu qan yerdə qalan deyil” , “Nədən yarandın”, “Füzuli”, V.Adıgözəlovla birgə yazdığı “Səbuhi” koval-simfonik poemaları, “Lənkəran lövhələri” süitası, kapella xoru üçün 10 mahnıdan ibarət silsilə, 250-yə qədər xalq mahnısının, xor üçün işləmələri və s. ona şöhrət gətirib. Xatırladaq ki, xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələnən “İnam” və “Mənim müasirim” oratoriyaları ulu öndər Heydər Əliyevə həsr olunan qiymətli sənət əsərləridir.
Bəstəkar xalqın tarixini, dünənini və bu gününü əsərlərində daim tərənnüm edib. Nəbi Xəzrinin sözlərinə “Salatın” oratoriyası, “Bu qan yerdə qalan deyil” kantatası bu silsiləyə gözəl nümunədir. Ramiz müəllimlə söhbətlərimizdə o, bu əsərlər barədə belə deyib: “Əsl sənətkar xalqın yaşantılarını əsərinə gətirib onu gələcək nəslə yadigar qoymalıdır. Çünki tarix həm də sənət əsərlərində yaşayır”.
Bayatılarımız əsasında “Bayatılar” xor əsəri, 300-ə qədər mahnı və romans, müxtəlif şairlərin sözlərinə vokal miniatürləri R.Behbudov, Ş.Ələkbərova, N.Məmmədova, A.Qəniyev, G.Məmmədov kimi unudulmaz ifaçıların repertuarında səslənərək xalqın sevimli nəğmələrinə çevrilmiş və bugünkü ifaçılarımız üçün örnək olub. Bu mahnılardan “Niyə sevdim”, “Yadıma sən düşürsən”, “Bakının ulduzları”, “Anam yadıma düşdü”, “Sənin gözlərin”, “Vətən haqqında mahnı” daha populyardır.
Bəstəkarın yaradıcılığında simfonik əsərlər də geniş yer tutur. O, 8 simfoniyanın, bir neçə simfonik poemanın, xalq çalğı alətləri orkestri üçün və müxtəlif alətlər üçün instrumental pyeslərin də müəllifidir. 1-ci simfoniya ilk dəfə Moskvada Ümumittifaq Televiziyası və Radiosunun böyük orkestrinin ifasında səslənilib və lentə yazılıb. Sonra bu əsər Azərbaycan bəstəkarlarının 4-cü qurultayında da ifa olunub, müəllifə uğur qazandırıb.
Ramiz Mustafayevin çoxcəhətli yaradıcılıq fəaliyyətində Azərbaycan Dövlət Radiosunun və Televiziyasının rolu böyükdür. Özü bu barədə belə deyir: “Mən 1946-cı ildə radioda fəaliyyətə başlamışam. Azərbaycan televiziyası yarananda ilk musiqi baş redaktoru vəzifəsi mənə həvalə olundu. 1958-ci ildən bu günə qədər Dövlət Teleradiosunun xor kollektivinin bədii rəhbəri və baş dirijoru işləyirəm. Bu məsuliyyətli işi layiqincə yerinə yetirməyə çalışmışam”.
Ramiz Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvüdür.
Ömrünün 80-ci ilini yaşayan, sənətin zirvəsinə yüksələn Ramiz müəllim bu gün də əzmlə yazıb-yaradır. Onun yaradıcılıq yolu sənət məktəbidir. Bütün həyatını professional musiqimizin inkişafına və təbliğinə həsr edən müdrik sənətkarımızı anadan olmasının 80 illiyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Xalq qəzeti.-2006.-19 noyabr.-S.8.