Turanə

 

Mən indi qadın kimi tənhayam

 

Şərqin ilk opera yazan bəstəkarı - Şəfiqə Axundova
Bizim qonağımızın yaşı yarını çoxdan keçib.
O adını təkcə Azərbaycanın yox, həm də Şərqin incəsənət tarixinə yazıb. Elə yazıb ki, bu imzanı heç bir ruzigar belə poza bilməz. Soyuq payız yellərinin əsdiyi bir vaxtda görüşdük onunla. Payız leysanlarının ömrümüzə qonaq olduğu vaxtda əks-sədasını mahnılarından eşitdiyimiz bir könlü sevindirmək istədik. O isə bizi göz yaşlarına qonaq etdi.

Bu unudulmaq, yaddan çıxmaq yox, ömrün tənhalığına baş vurmaq qorxusunun kövrəkliyi idi. Beləcə, sənət ömrünün xoşbəxt anları ilə şəxsi həyatının tənha günlərinin qovuşağında bir əlçim sevinc gəzən Şəfiqə xanım Axundova ilə söhbətləşdik:
- Şəfiqə xanım, son vaxtlar mavi ekranlardan az-az görünmənizin səbəbi hamımız üçün maraqlıdı.
- Bilmirəm, mən iştirak etmirəm, yoxsa tədbirlər az keçirilir. Əslində, cəmiyyət arasında olmağı sevirəm, ünsiyyətcil adamam...
- Bir il öncə səhhətində ağır problemlərlə üzləşən bəstəkarımızın əhvalı necədir?
- Bir il öncə yaşandı o problemlər. Klinik ölüm keçirdim, görünür, taleyimdə ölüm yox imiş. Sağ olsunlar, həkimlər məni yenidən həyata qaytardılar. Həyat çox şirindi. Ondan kim doyub gedib ki? Olduqca gözəl, yaşadıqca yaşamaq istədiyin bu həyatdan doymaq olmur ki, olmur. İndi Allaha şükür, elə də çox şikayətim yoxdu. Ara-sıra ürəyim ağrıyanda dərman içirəm, bir təhər ötüşür.
- Şərqin ilk operasını yazan Şəfiqə xanım yenəmi pianosunun ağ-qara dilləri ilə yoldaşlıq edir?
- Yaşıma baxmayaraq hələ ki, pianom sözümə qulaq asır. Bu yaxınlarda “Anaları təklənməyə qoymayaq” mahnısını yazmışam ki, indi onu Gülyanaq Məmmədova oxuyur. Lap son mahnım “Ömürdən bir gün də keçdi” adlanır. Bir gün pianomun üstünü səliqəyə salırdım. Açılmış kitabın vərəqində bir şeir mənim nəzər-diqqətimi cəlb etdi. “Ömrümdən bir gün də keçdi” şeiri məni kövrəltdi. Düşündüm ki, ömürdən bir gün də keçdi beləcə... Artıq beynimdə həkk olunmuş melodiyalar vardı. Və mən böyük həvəslə hisslərimi nota aldım. Anarın sözləri üstündə köklədiyim mahnı mənim duyğularımı, arzularımı, həyatımı ifadə edir.
- Şəfiqə xanım, bu səsli-küylü şəhər həyatından bezmirsiniz ki?
- Hər il yayı doğma Şəkidə keçirirəm. Elə bu yay da orada idim. Həmin ərəfədə Şəkidə “İpək bayramı” keçirilirdi. Mənə Şəki haqqında mahnı sifariş etdilər, mən də yazdım. Mahnını oxumaq üçün Şəkidə istedadı ilə seçilən Rəvanə adlı gənc xanıma həvalə etdim. Bayram tədbiri mənim bəstələdiyim mahnı ilə açıldı. Bu mənim üçün böyük şərəf idi. Bu ilin unudulmaz günlərindən olan “İpək bayramı”nda böyük həvəs və fərəhlə iştirak etdim.
- Sənət adamının özünü təsdiq etməsi çox çətindi. Qadın üçün daha böyük problemlər var...
- Məhsətinin bir rübaisi var, deyir: “Başından keçənin yoludur bu yol. Bu yolda can verməsən gəlmə”. Doğrudan da, belədir. Bir bəstəkar kimi həyatımı 1940-cı ildən Azərbaycan musiqi incəsənətinə həsr etmişəm. Sənətin çox ağır və niskilli yolları var. O yolları qarış-qarış keçmişəm. Mənimlə birgə konservatoriyada çox qızlar təhsil alırdı. Bəs indi onlar hanı? Görürsünüz, sənət və ailə dilemması qarşısında rahatlıq- ailə seçilib. Mən isə sənətimi çox sevdiyim, bağlı olduğum üçün niskilli yolların hər əzabına dözərək xalqın sevgisi və istəyini qazandım. Şərqdə ilk opera müəllifi olan qadın bəstəkar mənəm. Elə bilirsiniz, asandı? Hələ eşitməmişəm ki, ikinci bir qadın bəstəkar opera yaza. “Gəlin qayası” 1974-cü ildə ən böyük mədəniyyət ocağından biri olan Opera Balet Teatrında səhnəyə qoyulub və bu gün də teatrın repertuarındadı, böyük həvəs və istəklə oynanılır. Novruz Gəncəlinin əsəri əsasında “Ev bizim, sirr bizim” adlı musiqili operetta yazmışam. Belə çıxır ki, ilk qadın bəstəkar olduğum kimi, belə mürəkkəb janrlara müraciət edən də mən oldum. Sənət elədir ki, gərək ona ürəkdən aludə olasan. Həyatda sənətini sevən, son dərəcə sadiq qalan, yüksək qiymətləndirən, sənətini həyatındakı hər bir şeydən üstün tutan adamlardan bəlkə də ən divanəsi mənəm.
- Şəfiqə xanımın bugünkü bəstəkarlara münasibəti?
- Təsəvvür edirsiniz ki, bəzən mahnılara qulaq asanda təəccüb edirəm. Çünki mahnıların əksəriyyətinin nə başı var, nə ayağı. Mahnı tamamilə başqa, qəribə bir ruhda bəstələnir. Heç ona mahnı adı vermək olmur. Amma elə bəstəkarlar da var ki, mən onları bəyənirəm. Bunlardan biri Aygün Səmədzadədir. Ən çox da onun “Tut ağacı” mahnısı mənim ruhumu oxşayır. Bu mahnı məndə şirin xatirələr oyadır. Yadıma bizim Şəki, həyətimizdəki tut ağacı düşür. Bu mahnıya görə Aygünə çox sağ ol deyib, bağrıma basıram. Onun “Məktəb illəri” və digər mahnıları adamın ruhunu oxşayır. Bir neçə il öncə mahnı müsabiqəsi keçirildi və bütün nominasiyalar üzrə (səhv etmirəmsə, beş-altı nominasiya idi) qalib Aygün oldu. Tədbirin finalında mükafatlar veriləndə mahnısı da insanda çox xoş təəssürat yaradır. Mənim özlərini bəstəkar adlandıran kəslərə bir sualım var ki, doğrudanmı onlar yazdıqlarını dinləyəndə anlamırlar ki, bu mahnı deyil. Doğrudanmı, dinlədikləri zaman təəccüb hissi keçirmirlər. Belə mahnı yazmaq olmaz!. Mahnıda ürək olmalıdır, mahnı insanı düşündürməlidir. Mənim iradım onlara yox, həmin bəstələri efirə, ekrana çıxaranlaradır. Xalqımız hər şeyin ən yaxşısına layiqdir. Zövqlərimizi niyə korlayırıq, axı?..
- Xalq və bəstəkar mahnılarının dinləyicilərə yeni variantda təqdim olunmasına, oranjemanına necə baxırsınız?
- Mənim bir çox mahnılarımı oranjeman ediblər. Doğrudur, hər şey xalis mən dediyim kimi olub. Bəstələrimin ağzını-burnunu dağıtmayıblar. Yenidən işlənilən mahnılarım daha da dərinləşib və məzmunu genişlənib. Amma bəzi oranjemançılar da var ki, çox bərbad iş görürlər. Mahnı səslənir, heç bilinmir nədir, yalnız yarısına çatanda görürsən ki, heç demə, bu xalq mahnısıymış. A bala, nə demək istəyirsən elə mahnının əvvəlində de də. Daha niyə özünü dağa-daşa salıb mahnını tanınmaz hala salırsan?. Mən oranjemanın əleyhinə deyiləm. Bu lazımdır, zamanın tələbidir. Amma elə etmək lazımdır ki, bəstəkarın nə demək istədiyi, orijinal çalarlar qorunub saxlanılsın. Belə şeyə ilk növbədə bəstəkarlar yol verməməlidir. Niyə xalq mahnılarını yaman günə qoyurlar. Axı sən, ay bəstəkar, qulaq asanda görmürsən ki, mahnının başına nə oyun gətiriblər, nə əvvəli var, nə sonu, eləcə də xalq mahnıları. Kimin nə ixtiyarı var xalq mahnısını dəyişir. Ümumiyyətlə, xalq mahnısına dəymək düzgün deyil. Mən 8 il Üzeyir bəyin sinfində oxumuşam, onun tələb və istəklərini də bilirəm. Bir az mahnı o yan, bu yan olanda, o çox əsəbləşərdi ki, necə yəni, xalq mahnısını bir qədər yeniləmək, əsla. Mən oranjeman edənlərə deyirəm ki, edin, amma mahnıdakı harmoniyanı qorumaq şərtilə. Orijinalın kökə bağlılığını, musiqinin nəfəsini itirməyin.
- Qadın xoşbəxtliyi nədir, Şəfiqə xanım. Sənətiylə ürəkləri fəth etmək, ya öz ocağının odunu-közünü qoruyub saxlamaq bacarığı?
- Əsil sənət qazanmaq istəyirsənsə, itirdiyin də, qurban verdiyin də mütləq olur. İncəsənət isə, çox vaxt ailə həyatı ilə tutmur. Yoldaşım evə gələndə görərdi ki, nə şalvarı ütülənib, nə köynəyi yuyulub. İşə gedəndə səhər yemək hazırlamağa macal tapmırdım. Məni necə piano arxasında əyləşən görüb gedibsə, gələndə də görərdi ki, hələ oradayam. Yaratdığım, həyat verdiyim bəstələrə başım qarışıb, hər şeyi unutmuşam. Tamamilə yadımdan çıxıb ki, axı, bu kişi işdən gələcək, ona çay-çörək lazımdır. O, mənim xətrimə dəymirdi, amma özüm çox pis olurdum. Qapının zəngi vurulanda ilk nəzər yetirdiyim saat olurdu ki, o, artıq işdən gəlir və heç nə yerbəyer deyil... Bilirsən, mənim öz dünyam vardı. O dünyam nə qədər sevgi, eşq ilə süslənsə də, orda başqa adam üçün ayrılacaq vaxtım məhduddan məhdud idi. Sonra heç o vaxtı da ayıra bilmirdim. Mənim ən böyük eşqim bəstələrimi dünyaya gətirməyə bəs edirdi. Mən yalan danışa bilmirəm və heç vaxt da xalqıma yalan danışmamışam. Belə olan təqdirdə, ailə qalmır, pozulur. Əsil sənət maneçilik sevmir. O, yalnız bir məshəbə qulluq edən adamların sahəsidir. Elə bil yazığın bəxti yox idi. Oğlum Talehin atası çox tez dünyasını dəyişdi, amma mən ona başqa kişilərin arvadları kimi arvad ola bilmədim. Allah ona rəhmət eləsin. Bəzən pianonun yanından keçəndə öz-özümə deyirəm ki, mən hər şeyimi sənin yolunda fəda etdim, sənə qurban verdim. Nə bilim?!.. Başqalarını deyə bilmərəm. Amma məndə sənət ailə ilə uzlaşmadı. Ələlxüsus da, o vaxtlar ki, mən opera yazırdım. Bəyəm opera yazmaq asan məsələdir? Böyük səbr və zaman tələb edir. Yaşa dolduğum vaxtdan bəzən bəstəkar olmağıma sevinə bilmirəm. Mən həyatda heç nəyə həsəd aparan biri olmamışam. Nə vara, nə gözəlliyə, amma küçədə bir qoca ilə qarı görəndə öz-özümə deyirəm ki, kaş heç nəyim olmayadı, yanımda dayağım olacaq bir qocam olaydı. Mənə elə gəlir ki, Səməd Vurğun açıqlamasa da, “Aygün” poemasını mənə həsr etmişdi. Mənim də yoldaşım aqranom idi. Mənim həyatımı bilmək istəyən “Aygün” poemasını oxusun.
“Hanı saçlarımı oxşayan bir əl,
Bir mehriban nəfəs, bir isti əməl
Doğrudur, insanlar mənə əl çalır,
Ancaq səadətim yarımçıq qalır” - bu sözlər mənə yaxın olduğundan, kəlmələri nota alıb öz bəstələrimin sırasına qatmışam. Amma bir qadın kimi tənhayam... Bir sənətkar kimi bu sənətin zirvələrinə ucaldım, amma müqabilində şəxsi həyatımdan keçməli oldum. İndi isə deyə bilmərəm düz etmişəm, ya yox...
- Şəfiqə xanım, bir sənətkar gözü ilə bugünkü müğənnilər arasında zövqünüzü oxşayacaq səsə sahib olan sənətçilər varmı?

- Yeni müğənnilərdən Röyanın səsini, Zülfiyyəni bəyənirəm. Bunların arasında çoxu var, qocaldığımdan adlarını unuduram, məndən inciməsinlər. Həqiqətən də, Röya çox xoşuma gəlir. Bəzən saçını, geyimini müxtəlif, bəzən gərəksiz görkəmə salsa da, yaxşı müğənnidir. Mən onu təmkinli xanım kimi görürəm. İstəsə, əgər bu aləmdə hələ bundan da gözəl addımlar ata bilər. Bizim Şövkət Ələkbərova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Sara Qədimova kimi qadın sənətkarlarımız olub. Onlar tarixdə yaşayıb və yaşayacaqlar. O da elə etməlidir ki, sənəti ilə yaddaşlarda qalsın. Unutmamalıdır ki, ona milyon göz tamaşa edir. Siması gözəldir, amma xalqa onun səsi gərəkdir. Gəlin unutmayaq ki, biz azərbaycanlıyıq.

 

Yeni Azərbaycan.- 2006.- 1 noyabr.- S. 8.